|
|
|
|
"Beş Xəzəryanı dövlətin başçıları tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiyanın imzalanması 22 il davam edən müzakirələrə son qoydu. 22 il davam edən müzakirələr tarixi sənədin - Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanın imzalanması ilə başa çatdı. Bu, Xəzər regionunda sabitliyi təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit ölkəsi rolunu daha da gücləndirirərək, iqtisadi qüdrətini daha da artıracaq".
Bunu "525"-ə açıqlamasında millət vəkili Kamilə Əliyeva dilə gətirib. Millət vəkili qeyd edib ki, Konvensiyanın imzalanmasında Azərbaycanın və ölkə prezidenti İlham Əliyevin müstəsna rolu, xidmətləri var: "Azərbaycan hər zaman bu məsələdə son dərəcədə səmimi və konstruktiv rol oynayıb. Xəzəryanı dövlətlərdən hər hansı biririnin maraqlarına zərrə qədər toxunacaq mövqe sərgiləməyib, öz maraqlarında çıxış edib, başqalarının da maraqlarını, mənafelərini nəzərə alıb, hörmətlə yanaşıb. Hətta bəzən ölkəmizə qarşı bu məsələdə ehtiyatsız, qeyri-peşəkar münasibət ifadə ediləndə də, Azərbaycan dövləti, dövlət başçısı təmkinli, səbrli mövqe ortaya qoyub. Yəni, öz davranışı, öz səbrli, təmkinli yanaşması ilə onu ittiham edənlərə ən kəsərli, nə tutarlı cavabını verib.
Bu baxımdan da hesab edirəm ki, bu Konvensiyanın imzalanmasının, onun baş tutmasının əsas söz haqqı sahiblərindən biri və birincisi Azərbaycandır. Bu Konvensiyanın imzalanması ilə də Azərbaycan bütün dünyaya özünün necə səmimi tərəfdaş və sülhpərvər ölkə olduğunu bir daha nümayiş etdirdi. Ona görə inanıram və qəti əminəm ki, Azərbaycanın da yaxından iştirakı ilə baş tutan bu Konvensiya Xəzəri bütövlükdə sülh, əmin-amanlıq dənizinə çevirəcək, bu, xalqlarımızın, dövlətlərimizin, bütövlükdə çalxalanan dünyamızın işıqlı gələcəyinin təmin olunmasına öz töhfəsini verəcək".
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da öz növbəsində deyib ki, bu sənəd Xəzər dənizinə çıxışı olan dövlətlər üçün çox əhəmiyyətlidir: "20 ildən artıqdır ki, bununla bağlı müzakirələr aparılırdı. Burada əsas diqqətçəkən məqamlardan biri təhlükəsizliyin təmin edilməsidir. Bu, region digər dövlətlərinin də marağında olduğu üçün belə sənədə ehtiyac var idi. Bu Konvensiya müəyyən etdi ki, Xəzər dənizinin təhlükəsizliyi məsələsini 5 dövlət müəyyən edəcək. Bu Konvensiya Azərbaycan üçün də çox önəmlidir. Ölkəmiz logistika mərkəzinə çevirilir. Yəni Şimaldan Cənuba, Qərbdən Şərqə gedən yollar Azərbaycandan keçir. Xəzər dənizi də burada çox böyük rola malikdir. Bu Konvensiya Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən amillərdən biri olacaq. Ümumiyyətlə, bu sənəd 5 dövlət üçün çox önəm daşıyır".
Kamil HƏMZƏOĞLU