|
|
|
|
Son 5 tədris ilində ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq pedaqoji ixtisasları seçən abituriyentlərin sayında davamlı artım müşahidə olunur.
Bu artımdan görünür ki, 5 il əvvəl 500 və daha artıq bal toplayan 922 abituriyent müəllimliyi seçmişdisə, ötən il onların sayı 1361-ə yüksəlib. Bu il keçirilən qəbul imtahanlarında iştirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir. Bu rəqəm indiyədək pedaqoji ali təhsil müəssisələrinin tarixində maksimal nəticədir.
Müəllim olmaq istəyənə 300-400 bal bəs etmir...
Son illərdə yüksək bal toplayan abituriyentlər arasında davamlı olaraq ən böyük pedaqoji ali təhsil müəssisəsi olan ADPU-nu seçənlərin də sayı artıb. Məsələn, 2014-2015-ci tədris ilində ADPU-ya qəbul olunan tələbələrdən cəmi 20 nəfəri 500-dən artıq bal topladığı halda, 2017-2018-ci ildə 273 nəfər, bu il isə 527 nəfər burada təhsil almaq arzusunda olub. Bu da 5 il ərzində təxminən 27 dəfə, bir il ərzində isə 2 dəfə artım deməkdir. Bölgə ali təhsil müəssisələrində də keyfiyyət artımı göz qabağındadır. Belə ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha artıq bal toplayanlar arasında Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetini seçənlərin sayı son 5 ildə bir çox hallarda 10 dəfədən çox, son iki ildə isə 2 dəfəyədək artıb.
Bütün bu göstəricilər 5 il bundan əvvəl qəbul edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qırmızı xətlə keçən müəllim nüfuzunun artırılması ilə bağlı davamlı tədbirlərin nəticəsi olaraq dəyərləndirilə bilər.
Müəllimini göstər, deyim kimsən...
Bu gün ölkəmizdə məktəb anlayışı öz sosial statusu ilə cəmiyyətin ən təhlükəsiz və ən sivil məkanı olmaqla yanaşı, həm də ən yaraşıqlı binalarda yerləşməsi ilə assosiasiya olunur. Bununla belə, hər bir təhsil sisteminin gücü onun müəlliminin gücünə bərabərdir.
Bəs görəsən bu gücü yaradan müəllim özü haradan güc alır? Gəlin, bu güc nöqtələrinə baxaq:
1. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi;
2. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı;
3. Müəllimlərin işə qəbulunun şəffaf təşkili;
4. Yüksək bal toplayaraq müəllimlik ixtisasını seçən abituriyentlərə “Gələcəyin müəllimi” təqaüdünün verilməsi.
2014-2017-ci illərdə 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçib.
İndi azərbaycanlı gənci xanım olaraq müəllim diplomuna təkcə cehiz əşyası kimi, gənc oğlan isə çarəsizlikdən seçdiyi ixtisas kimi baxmır. Son illərdə pedaqoji sahə üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Bu, həm də müəllimlərin işə qəbulunda müsahibə mərhələsinin nəticəsidir. Müəllim olan insan təkcə test imtahanından keçmir, onun nitqi, psixoloji durumu və dünyagörüşü də sərf-nəzər olunur.
Müəllimlik peşəsinin nüfuzu artır
Bu il İsmayıllı rayonunun təkcə 5 saylı tam orta məktəbindən iki abituriyent - 668 bal yığan Ceyran Aydınova və 665 bal toplayan Gülər Abbasova ingilis dili müəllimliyini seçiblər. Şəmkir rayonunun Düyərli kənd məktəbinin məzunu Təranə Əliyeva da 692 balla riyaziyyat müəllimiyini seçib. Bunlar təkcə qəbul statistikası deyil, həm də müəllim olmaq istəyənlərin keyfiyyət dinamikasıdır.
Ümumiyyətlə, 5 il ərzində təhsil ixtisas qrupuna aid olan 18 müəllimlik ixtisasları üzrə qəbul olunanların topladıqları ballar müəllimlik peşəsinin artan nüfuzunu kəskin fərqlə ortaya qoyur. Elə götürək ibtidai sinif müəllimliyi üzrə olan rəqəmləri. Məsələn, 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər vardı. Builki qəbul imtahanlarında 500 və daha artıq bal toplayanlar arasında 235 nəfər abituriyent ibtidai sinif müəllimliyini seçib. Bu indiyədək təhsil ixtisas qruplarında ibtidai sinif müəllimliyini seçənlərin maksimal nəticəsidir. Eləcə də Dövlət Pedaqoji Universitetinin ibtidai sinif müəllimliyinə ötən il qəbul olunan 300 nəfər abituriyentin cəmi 29 nəfəri 500 və daha artıq bal toplamışdırsa, cari ildə bu ali təhsil müəssisəsinə həmin ixtisas üzrə qəbul olunan 300 nəfərin 129-u və ya 43 faizi 500 və daha artıq bal toplayıb. Bu, inqilabi nəticədir.
Hər il 5000 nəfərə yeni iş yeri...
Müəllimlik peşəsinin ilbəil nüfüzunun artması rəqəmlərdən də aydın görünür. Artıq insanlar qəbul edirlər ki, müəllimliyi yüksək nəticələrlə bitirən məzun elə həmin ildə də yaxşı əməkhaqqı ilə iş tapa biləcək. Özü də son 5 ildə Təhsil Nazirliyinin tam şəffaf imtahanlarından keçən müəllimə zaval yoxdur.
Və... 500 və daha artıq bal toplayaraq riyaziyyat və informatika müəllimliyini seçən abituriyentlər ötən illə müqayisədə 70,8 faiz, xarici dil müəllimliyini seçənlər isə 25 faiz artıb. Ya da ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında 500 və daha artıq nəticə göstərən abituriyentlər arasında 3 il əvvəl kimya müəllimi olmaq istəyən 43 nəfər idisə, bu il onların sayı 141 nəfər olub. Biologiya müəllimliyi üzrə də vəziyyət eynidir. Yüksək nəticə ilə 3 il əvvəl 13 nəfər, bu il isə 140 nəfər biologiya müəllimliyini seçib. Nəticə budur ki, bütün təhsil ixtisasları üzrə kəmiyyət və deməli, keyfiyyət fərqi belədir.
... Artıq müəllim olmaq rəqabətli seçim əsasında mümkündür. Bundan 5-6 il əvvəlki müəllim olmaq arzusu bir çox hallarda az bal toplayan abituriyentlərin seçiminə uyğun idisə, artıq göründüyü kimi, müəllimlik mübarizəsində güclülər qalib gəlir. Bu o deməkdir ki, müəllim cəmiyyətin ən nüfuzlu peşə sahibi kimi sürətlə mövqelərini bərpa edir, missiyasını yeni dövrün bucağına uyğun qurur.
Yazının finalı Bakı şəhəri Texniki Humanitar Liseyin məzunu, 559 balla Pedaqoji Universitetin ibtidai sinif müəllimliyini seçən Səmavil Cəbrayılovanın fikirləri ilə üst-üstə düşür: “Mən ibtidai sinif müəllimi olmaqla təhsilə təməldən baxmaq istəyirəm”.
Yeni dərs ilinə hazırlıq
Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir. Hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. 2018-ci ildə ölkə ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək. Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə işlər aparılır. Bunlar Mingəçevir şəhəri 14 nömrəli tam orta məktəb, Şəmkir rayonu Kür qəsəbəsi 2 nömrəli tam orta məktəb, Tovuz rayonu Qovlar şəhəri qarışıq tipli tam orta internat məktəbi, Sabirabad rayonu Qaratəpə kəndi Osman Mirzəyev adına tam orta məktəb, Qazax rayonu 2 nömrəli tam orta məktəbdir. Paytaxtda yerləşən 13 məktəbdə isə hazırda əsaslı təmir işləri görülür, bir məktəbin binasının, bir məktəbin isə qəzalı vəziyyətdə olan korpusunun sökülərək yenidən tikintisi aparılır. Bundan əlavə, ehtiyac olan ərazilərdə iki yeni məktəbin inşasına başlanılıb. Həmçinin, bir məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi davam etdirilir. Bütün bu işlərin yeni tədris ili başlayana qədər bitməsi nəzərdə tutulur.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu günlərdə İsmayıllı rayonunun Lahıc qəsəbəsində yeni inşa olunan məktəb binası istifadəyə verilib. Prezident İlham Əliyev və Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Lahıc qəsəbəsində inşa edilən tam orta məktəb binasının açılışında iştirak ediblər.
Lahıc qəsəbə tam orta məktəbi üçün bina 1928-ci ildə inşa olunub. Məktəb 130 şagird üçün nəzərdə tutulmasına baxmayaraq, burada 232 şagird təhsil alırdı. Binanın mövcud vəziyyəti müasir dövrün tələblərinə uyğun deyildi, eyni zamanda, qəsəbə əhalisinin sayının artması və ətraf kənlərdə tam orta məktəbin olmaması bu təhsil müəssisəsində şagird sıxlığı yaratmışdı. Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən, Lahıcda 400 şagird yerlik yeni ümumtəhsil məktəbinin tikintisi məqsədilə Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə vəsait ayrılıb. Üçmərtəbəli binada tikinti işləri yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib. Müxtəlif fənn kabinetləri və laboratoriyalarının yaradıldığı məktəbdə bütün sinif otaqları əyani vəsaitlərlə təchiz olunub. Burada idman zalı və 175 yerlik akt zalı da yaradılıb. Videomüşahidə sisteminin quraşdırıldığı məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib.
Bu günlərdə Şamaxı rayonunda Meysəri kənd tam orta məktəbinin də yeni binasının açılışı olub.
Prezident İlham Əliyev və Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 132 şagird yerlik Şamaxı rayonu Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər.
Meysəri kənd tam orta məktəbinin binası ötən əsrin 50-ci illərində inşa edilib. O dövrdən sonra heç vaxt təmir olunmayan məktəb artıq müasir tələblərə cavab vermir və tədris üçün yararsız vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə həyata keçirdiyi islahatlar Meysəri kənd tam orta məktəbinin həyatında da mühüm rol oynadı. 2016-cı ildə Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlandı. Məktəb binası artıq istifadəyə hazırdır və burada inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Müasir və işıqlı sinif otaqlarının olduğu məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait yaradılıb. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir qurğular quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbdə əyani vasitələrlə təchiz olunan fənn kabinetləri yaradılıb. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn kabinetlərinin olduğu məktəbdə informatika kabineti kompüter avadanlığı ilə təchiz edilib. Məktəbin hərbi kabinetində şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.
Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşası son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modelinin dayandığını bir daha təsdiqləyir. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlayıb. Azərbaycanda yüzlərlə məktəb binasının tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. Ən əsası isə milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi formalaşmasını qarşıya əsas məqsəd qoyub və buna nail olub.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Zərdab rayon H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin binasında aparılan əsaslı təmir işləri son tamamlama mərhələsindədir. 1176 şagird yerlik məktəb-liseydə əsaslı təmir işləri Təhsil Nazirliyinin sifarişi ilə “Xim Ekspres-2000” MMC tərəfindən aparılır. Təhsil ocağında əsaslı təmir işlərinə 2016-cı ildən başlanılıb. Bu il istifadəyə verilməsi nəzərdə tutulan məktəb-liseydə tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait yaradılacaq.
Nazirlikdən bildirilib ki, yeni tədris ilində ölkənin şimal bölgəsində 21 yeni modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub. Qubada 8, Xaçmaz və Qusar rayonlarının hər birində 4, Şabranda 3, Siyəzəndə isə 2 modul tipli məktəb yeni tədris ilinədək istifadəyə veriləcək. 21 modul tipli məktəbin əksəriyyətində quraşdırma işlərinə başlanılıb. 2018-2019-cu tədris ilində Qubanın Alıc, Nütəh, Cimi, Dərk, Rük, Çarxaçı, Qarxun, Zıxır, Xaçmazın Alıcqışlaq, Qaracəlli, Cığatay, Ərəb, Qusarın Ləcət, Zindan Muruq, Yeni Həyat, Yuxarı Tahircal, Siyəzənin Qalaaltı, Qozağacı, Şabranın Xəlfələr, Qazbabalı kənd və Şabran şəhər 1 nömrəli məktəblərin şagirdləri müasir binalarda təhsil alacaqlar.
Modul tipli məktəblərin üstünlükləri azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına uyğun olaraq sinif otaqlarının rahatlıqla azaldılıb-artırılmasıdır.
Yeni dərs ili üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. 2018-2019-cu tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib. Şagirdlər dərslikləri sentyabr ayının 3-dən etibarən təhsil aldıqları məktəbdən əldə edə bilərlər. Dərsliklərlə təmin olunmadıqda isə bu barədə məktəb rəhbərliyinə vaxtında məlumat verilməlidir.
Dərsliklər hər şagirdə 1 tədris ilində istifadə edilmək üçün verilir. Hər dərsliyin istifadə müddəti onun buraxılış ilindən etibarən 4 ildir.
Dərsliklərin elektron variantları www.e-derslik.edu.az və www.trims. edu.az saytlarında müxtəlif formatlarda mövcuddur.
Təhsil Nazirliyi tərəfindən hazırlanan www.e-derslik.edu.az elektron dərslik portalına yerləşdirilən elektron kitabların sayı 209-a çatdırılıb. 2018-ci ilin ilk 4 ayında portala X sinif üzrə 10 yeni elektron dərslik əlavə edilib. Bundan əlavə, 15 elektron dərslik multimedia vəsaitləri ilə zənginləşdirilib. Həmin dərsliklərdə mövzulara uyğun video, qrafika, səs və digər multimedia vasitələri ilə şagirdlər öyrəndikləri bilikləri daha da artıra bilərlər. Hazırda 187 elektron dərslik, 22 müəllim üçün metodik vəsait olmaqla portalda 209 elektron kitab yerləşdirilib. X sinif üzrə dərsliklərin yerləşdirilməsi prosesi davam edir. Dərsliklər Azərbaycan və rus bölmələri üzrə I-X siniflərə əsasən sıralanıb. Portaldan qeydiyyatdan keçən istifadəçilərin sayı hazırda 178 019 nəfərdir. Cari ildə portalın ümumi dizaynı tamamilə yenilənib və yeni funksiyalar əlavə olunub. Son dəyişikliklərdən sonra qeydiyyatdan keçmədən də portala daxil olub elektron kitablardan istifadə etmək olur. Bundan əlavə, bütün dərsliklər üzrə sürətli axtarış sistemi aktivləşdirilib.
www.e-derslik.edu.az elektron dərslik portalı təhsil sisteminin tam şəkildə informasiyalaşdırılması bu qurumun prioritet məsələlərindən biridir. Portalın hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadə etmələrinə, dərslikləri elektron formatda oxumalarına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır. Məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilir. İstifadəçilər onlayn formada və ya planşetlərdə yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanır. Bu da öz növbəsində təhsilalanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır.
Elektron dərsliklərin digər üstünlükləri də var: əyani vəsaitlərin mövcudluğu - qrafika, animasiya, interaktiv fəaliyyət və digər multimedia xüsusiyyətləri, böyük həcmli məlumatların saxlanması; mətnlər üzərində qeydlərin aparılmasının mümkünlüyü, rahat istifadə - axtarış sisteminin mövcudluğu.
Qeyd edək ki, yeni tədris ilində dövlət ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin istifadəsinə veriləcək dərsliklər məktəblərə çatdırılacaq. Tədris ili başlamazdan əvvəl dərsliklərin şagirdlərə paylanılması nəzərdə tutulur.
S.QARAYEVA