|
|
|
|
Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında yaranan dialoq zamanı əldə olunan şifahi razılaşma ekspert mühitində Dağlıq Qarabağ münaqişənin nizamlanması prosesinə qayıdış imkanı kimi qiymətləndirilir.
ATƏT-in Minsk qrupunun həmsədləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və Stefan Viskontinin (Fransa) Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Zohrab Mnatsakanyan arasında keçirdiyi görüşdən sonra Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında yaranan təmas, münaqişənin həlli məsələsinin Minsk prosesinə uyğun davam etməsinə qərar verilməsi qarşı tərəfin əvvəllər səsləndirdiyi, danışıqların ruhuna zidd, formatın dəyişdirilməsinə yönəlmiş bəyanatlardan geri çəkildiyini göstərir.
Bu mənada, N.Paşinyanın ölkəsinə qayıdar-qayıtmaz Düşənbə görüşünün nəticələri ilə bağlı pozitiv fikirlər səsləndirməsi, daha sonra erkən parlament seçkilərinin tarixini bir qədər də önə çəkməsi - bu ilin sonunadək yekunlaşdırmağı planlaşdırması, faktiki hərəkətə keçməsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə əvvəlki formatda danışıqlar prosesinin tezliklə başlamasını mümkünləşdirə bilər. Hər halda, Ermənistandakı bu ağır siyasi vəziyyət Paşinyanın planlaşdırdığı kimi getməyə də bilər. Belə olan təqdirdə Azərbaycanla Ermənistan arasında danışıqların vaxtının uzanması və ya müharibə ehtimalının özünü göstərməsi də istisna deyil. Təbii ki, burada Rusiya faktoru önə çəkilir ki, Kreml sahibi Vladimir Putinin hələlik Ermənistanda baş tutacaq növbədənkənar parlament seçkilərin sakit məcrada keçməsində maraqlı olduğu bildirilir.
Artıq Ermənistanda prezident Armen Sarkisyanın fərmanı ilə 6 nazir istefaya göndərilib. İstefaya göndərilən nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Aşot Akopyan, idman və gənclər naziri Levon Vaqradyan, fövqəladə hallar naziri Qraçya Rostomyan, enerji infrastrukturları və təbii sərvətlər naziri Artur Qriqoryan "Çiçəklənən Ermənistan" partiyasındandır. İqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan və kənd təsərrüfatı naziri Artur Xaçatryan isə "Daşnaksütun" partiyasının üzvləridir.
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, nazirlər və qubernatorların işdən azad olunma haqqında qərar de-yure qüvvəyə mindikdə, o, istefaya gedəcək, ancaq baş nazir səlahiyyətlərini icra edəcək.
Bu ay ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ) və Stefan Viskontinin (Fransa) regiona gerçəkləşdirəcəkləri səfərdən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ilin sonunadək keçirilməsi nəzərdə tutulan görüş danışıqları prosesi ilə bağlı bu söyləntilərin nə qədər reallığı əks etdirdiyini aydınlaşdıracaq.
Əgər Ermənistan danışıqlar prosesinin inkişaf etməsi üçün konstruktiv mövqe nümayiş etdirərsə, əvvəllər olduğu kimi, hər hansı kiçik irəliləyiş olan zaman buna maneə yaradacaq addımlardan çəkinərsə, regionda sülh və təhlükəsizliyin əldə olunması üçün ciddi nəticələr gözləmək olar. Əks halda isə Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün hərbi varianta əl atmaq məcburiyyətində qalacaq.
Məsələ ilə bağlı fikirlərini bildirən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ATƏT Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Düşənbədə keçirilmiş görüş Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin fəallaşması üçün böyük əhəmiyyət daşıyır. O, "Trend"ə bildirib ki, bu görüş barədə məlumatlar çox müsbətdir: "Onların danışıqlar prosesinə sadiq qalmasını bildirməsi, eləcə də qarşıdurma xəttində və Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmləndirilməsi barədə razılaşma uzun müddətdir ki, ATƏT Minsk qrupunin təbliğ etdiyi sağlam düşüncənin addımlarıdır".
M.Brayza əlavə edib ki, bu cür müsbət şəxsi münasibətlər danışıqlar prosesinin fəallaşması üçün lazımdır və qarşılıqlı etimadın təmin olunması üçün əsas amildir.
Rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov isə hesab edir ki, Ermənistan yenidən silkələnir və elə görünür ki, ölkə vətəndaş müharibəsi astanasındadır: "Populist şüarlarla hakimiyyətə gələn Nikol Paşinyan yaranan vəziyyəti nəzarətdə saxlaya bilməyib. O bəyan edir ki, onu xalq dəstəkləyir, amma elə həmin xalq onu tarixin bir kənarına atacaq. Aydındır ki, buraxılması istənildiyi parlamentdə oturanlar və istefaya göndərilmiş nazirlər öz mövqelərini asanlıqla verməyəcəklər".
Ekspertin sözlərinə görə, tarix hər zaman ardıcıldır və məxməri inqilablar həmişə öz qəhrəmanlarını udur və Ermənistan ya xarici vasitəçilərin köməyi ilə vəziyyəti sabitləşdirməklə inkişaf yoluna çıxacaq, ya da ölkədə vətəndaş müharibəsi xaosu yaranacaq: "Hesab edirəm ki, Paşinyan müəyyən şərtlərlə Azərbaycana da müraciət edə bilər. Azərbaycan hələ ki, sakitcə müşahidə edir. Əslində, İrəvanda vəziyyət çox ağırdır. Bura Vladimir Putinin İrəvana baş tutmayan səfərini və onun Paşinyanla Düşənbədə çox qısa söhbətini əlavə etmək olar. Fikrimcə, bütün bunlar təsadüfi deyil".
Rusiyalı ekspert əlavə edib ki, bu vəziyyətdə Bakı Azərbaycana məxsus olan Qarabağ ərazilərini faktiki olaraq qan tökülmədən geri ala bilər.
Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi, politoloq Aleksandr Karavayev isə qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın müsbət fikirlər bildirməsi Azərbaycan prezidenti İlham Əliyevlə qarşılıqlı etimad yaratmaq niyyətindən irəli gələ bilər. O, "Report"a bildirib ki, amma bundan hansısa nəticə çıxarmağa tələsmək lazım deyil, çünki hələlik konkret heç bir şey məlum deyil: "Məzmunlu danışıqlara başlamayıblar. Ola bilsin, xarici işlər nazirlikləri səviyyəsində nəsə bir iş gedir, amma qondarma Dağlıq Qarabağ rejimi üçün danışıqlarda iştirak etmək məsələsi yenidən ortaya atılsa, məsələ yenə dalana dirənəcək, heç bir qarşılıqlı etimad və ya komplimentli ibarələr artıq kara gəlməyəcək”.
A.Karavayevin fikrincə, hazırda Ermənistan tərəfinin Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinə dair danışıqları sıfırdan başlamaq istəyi duyulur, amma bunun üçün əvvəla, müəyyən güzəştlərə hazır olduqlarını göstərməlidirlər: "Bunun üçün qoşunların təmas xəttində sakitlik və mümkün güzəştlərin nümayişi vacibdir. Hələlik buna dair rəsmi açıqlamalar yoxdur".
Ermənistan tərəfindən danışıqlar masasına yeni simaların gəlməsi ilə danışıqlar tərzini dəyişmələrinin "təbii və gözlənilən" olduğunu söyləyən politoloq vurğulayıb ki, hazırda daha yumşaq bir tərz görürük: "Amma hələlik Ermənistanın yeni hökumətinin tam şəkil alararaq ayağa qalxması üçün keçid dövrü başa çatmadığı üçün bu yöndə hər hansı mühüm dəyişikliklər barədə danışmaq olmaz. Lakin Nikol Paşinyanın hakimiyyətə gəldikdən sonra Qarabağa səfəri vaxtı açıqlamalarından irəli gələn mənzərəyə inansaq, mövqelərin yumşalması və güzəştlərdən söhbət salmaq Ermənistan ictimaiyyəti tərəfindən dönüklük kimi qəbul ediləcək, bu da parlament seçkiləri zamanı mütləq özünü göstərəcək".
Rusiyanın mövqeyinə toxunan A.Karavayev yüksək həcmdə investisiya və iqtisadi-ticari münasibətlərin olduğu ölkələrdə gərginliyin azalmasını "yalnız alqışlayacaqları"nı diqqətə çatdırıb.
Qeyd edək ki, sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçıları Şurasının sammitində Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında yaranan qısa təmas zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsi ətrafında söhbət edən tərəflər danışıqların bərpa olunmasına qarşılıqlı razılıq əldə ediblər.
Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Azərbaycan və Ermənistan rəhbərləri, həmçinin, müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.
Ceyhun ABASOV