"Ulduz" jurnalının sentyabr sayı ənənəvi "Ekspert" rubrikasında bu dəfə professor Rüstəm Kamal avqust nömrəsini "Sözümüzə ümidlə..." şərh edir.
Professor jurnalın sonrakı səhifələrində həmçinin, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın 55 yaşına həsr etdiyi "Ömür dediyin söz imiş..." məqaləsi ilə də çıxış edir.
Ekspert rəyini Elnarə Akimovanın özüylə söhbəti və "Adil Mirseyid - bu adam qara sevdalı bir şair..." yazısı davam etdirir.
"Qürbət şeirləri"ndə Ruslan Dost Əli Qazaxıstandan yazır.
Jurnalın axar.az saytı ilə birgə hazırladığı "Yazı masası" layihəsinin budəfəki qonağı AYB-nin sədri, Xalq yazıçısı Anardır.
"Tərcümə saatı" rubrikasında oxucular tatarıstanlı şair Razil Vəliyevin şeirlərini Həyat Şəminin, fransız yazıçısı Luis Ferdinand Selinin 1960-cı illərdə "Paris Reviev" jurnalına verdiyi müsahibəni Samirə Əşrəfin tərcüməsində oxuyacaqlar.
C.M.Bəydillinin hazırladığı "Qısa fikirlər xəzinəsi"ndə bu dəfə Anadoludan əsintilər yer alıb. Yunus Əmrə, Qaracaoğlan, Məhməd Akif Ərsoy və Nəcib Fazil Qısakürəkin müxtəlif mövzulardakı hikmətli deyimləri ilə oxucuların zövqünü oxşayacaqlar.
Rafiq Hacıyev "Sona bülbüllər" mahnısının tarixçəsindən söz açır.
"Şeir vaxtı" bölməsində Mina Rəşidin, Vaqif Bəhmənlinin, Rizvan Nəsiboğlunun poeziya nümunələri, "Nəsr"də isə Günel Natiqin "Ölü səhra", Arzu Muradın "Bu gün çox xoşbəxtəm" hekayələri çap olunub.
"Tribuna" bölməsində tənqidçi Cavanşir Yusifli "Azərbaycan cümhuriyyəti məfkurəsi və bədii ədəbiyyat"dan söz açıb.
"Böyükdən uşağa" rubrikasında yazıçı Reyhan Yusifqızının uşaq hekayələri, "Ədəbiyyat üzrə Nobel mükafatı laureatları" bölməsində isə İlham Abbasovun təqdimatında Erik Karlfeldtin həyat və yaradıcılığı haqqında məqalə dərc olunub.
Nurlan Ağanın Remarkın "Sakit Cəbhəsi" məqaləsi, Seyran Səxavətin "Səkkizinci səhifə, yaxud yanan şamlar heç vaxt sönmür" essesi də jurnalın bu sayındadır.
Aynur Nurlunun "Göy üzü və bulud haqqında" hekayəsi, Saqif Zeynalın şeirləri "Debüt"dədir.
Ənənəvi "Dərgidə kitab" layihəsinin növbəti qonağı Elnaz Eyvazlıdır. Onun şeirləri "Saatı sabaha qur" başlığı ilə təqdim olunub.
Jurnalın "Sərgi" adlanan son səhifəsini Ləman Fərruxinin rəsmləri bəzəyib.
Şahanə MÜŞFİQ