"Türkiyə və Rusiya prezidentlərinin Suriyanın İdlib şəhərinə görə razılaşması oktyabrın 15-də bitib. Bu anlaşmaya görə Türkiyə İdlibdə oktyabrın 15-ə qədər iki mühüm vəzifənin yerinə yetirməsini təmin etməli idi. Birincisi, bu şəhərdən ağır hərbi texnika çıxarılmalı, ikincisi, silahlı müxalifətlə terrorçuları bir-birindən ayırmalı idi".
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ankara bacardığını edir, ağır texnikanın böyük hissəsi şəhərdən çıxarılıb, ancaq terrorçuların təslimatı hələ ləng gedir: "İdlib terrorçuların Suriyadakı ən böyük son qalasıdır, bu qalanı əldən vermək istəmirlər".
Politoloq qeyd edib ki, bu vəziyyəti fürsət bilən Bəşər Əsəd rejimi haray-həşir salıb ki, bəs vaxt bitib, ancaq İdlib hələ də terrorçuların əlindədir, ona görə hücum haqqında düşünmək lazımdır: "Bəşər Əsəd rejiminin məqsədi bəllidir: Rusiya ilə Türkiyəni toqquşdurmaq və bundan öz məqsədləri üçün istifadə etmək istəyir. Moskva hələ ki, müttəfiqi Əsədin oyununa gəlmir. Bildirir ki, İdlibin tərksilahı ilə bağlı bir müddət də gözləyə bilər. Ancaq Ankara yaxın müddətdə İdlibin danışıqlar yolu ilə tərksilahına nail olmasa, Rusiyanın səbri tükənməyə başlayacaq və Türkiyə-Rusiya tərəfdaşlığı çat verməyə başlayacaq".
Mərkəz sədri hesab edir ki, oyunu pozmaq istəyən yalnız Əsəd deyil: "Suriyadakı radikal qrupları dəstəkləyən Səudiyyə Ərəbistanı da İdlibin təslim olmasında maraqlı deyil. Elə ABŞ da çox istəyərdi ki, İdlib məsələsində Türkiyə-Rusiya işbirliyi alınmasın".
Səudiyyə Ərəbistanının müttəfiqi ABŞ prezidenti Donald Trampı çətin vəziyyətə saldığını deyən E.Şahinoğlu bildirib ki, Konqresə və Amerika mediasına Trampı daha çox sıxışdırmaq üçün mövzu lazım idi və həmin mövzunu konqresmenlərə gözlənilmədiyi halda Səudiyyə Ərəbistanı verdi: "Səudiyyə rejiminə müxalif jurnalist Vaşinqtondan İstanbula gəlir, ölkəsinin konsulluq binasına daxil olduqdan sonra yoxa çıxır. Həmin jurnalistin öldürüldüyü ehtimalı yüksəkdir. Çünki həmin gün Səudiyyə Ərəbistanından İstanbula 15 nəfərlik qrup gəlib, işi gördükdən sonra özəl təyyarə ilə geri qayıdıblar".
Politoloq deyib ki, bu vəziyyətdə Tramp nə edəcəyini bilmir: "Çünki Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına etmişdi və bu ölkə ilə 350 milyard dollarlıq müqavilə imzalamışdı: "Bu sazişə görə Suədiyyə Ərəbistanı 10 il ərzində Amerikadan yeni hərbi texnika almalıdır. Bu müqaviləni Tramp prezident seçildikdən sonra ilk böyük qələbəsi kimi təqdim etmişdi. İndi isə Trampın sözlərindən belə çıxır ki, o, Vaşinqtonda yaşayan ərəb jurnalistin öldürüldüyü ehtimalına inanır, ancaq Səudiyyə ilə imzaladığı müqavilə nəticəsində ABŞ-da açılan on minlərlə iş yerindən və böyük gəlirdən də imtina edə bilməz. Yəni Tramp iqtisadi səmərə naminə jurnalistin qətlini unutmağa hazırdır. Ancaq Konqresdə Trampın rəqibləri və Amerika mediası jurnalistin qətlini unutmağa hazır deyillər və bu mövzuda Trampa təzyiqi artıracaqlar. Trampdan Səudiyyə Ərəbistanına qarşı sanksiya tətbiq etməyi gur səslə istəyəcəklər. Bir sözlə, Səudiyyə Ərəbistanı bir jurnalisti öldürməklə müttəfiqi Trampı işə saldı".
Ceyhun ABASOV