|
|
|
|
Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində görkəmli muğam ifaçısı Əbdülbaqi Zülalova həsr edilən "Bülbülcan" (gürcü dilində) kitabının təqdimat mərasimi olub.
Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin təşəbbüsü və M.F.Axunzadə adına Azərbaycan Mədəniyyət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, hər iki ölkənin mədəniyyət və incəsənət ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Muzeyin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən danışıb, bu cür tədbirlərin münasibətlərimizin daha da möhkəmlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Sonra kitabın həmmüəllifi, filologiya üzrə fəlsəfə doltoru Gülhüseyn Kazımlı Azərbaycanda muğam sənətinə göstərilən dövlət qayğısından söz açıb. Bildirib ki, Azərbaycan muğam sənəti çox qədim tarixə malikdir və bütün dünyada məşhurdur. Azərbaycan prezidenti İlham Əliyevin bu sahəyə diqqəti, birinci vitse-prezident Mehriban Əliyevanın mədəni irsimizin qorunması işinin təməlini qoyması sayəsində bu gün qeyri-maddi mədəni irs nümunələrimiz dünyada yüksək səviyyədə təbliğ olunur. Məhz Mehriban xanım Əliyevanın mədəni irsimizə, tariximizə diqqəti və qayğısı nəticəsində bu gün UNESCO-nın müvafiq siyahılarında Azərbaycan 11 nominasiya ilə qorunur və ölkəmiz təşkilatın "Qeyri-maddi mədəni irsin qorunmasına dair" konvensiyasına qoşulub.
Müəllif qeyd edib ki, Beynəlxalq Muğam Mərkəzi təkcə konsert faəliyyəti ilə deyil, mədəni irsin qorunması və təbliği sahəsində həyata keçirdiyi fəaliyyət nəticəsində Bülbülcan kimi muğam korifeylərinin mədəni sərvətimizə verdiyi töhfələr unudulmur.
Beynəlxalq Muğam Mərkəzi bir çox layihələrlə bərabər, "Unudulmayanlar" adlı layihə də həyata keçirir ki, bu layihənin məqsədi muğam sənətimizin, xalq mahnılarının xalqımızın tarixi-mədəni irsində özünəməxsus yer tutan insanların həyat və yaradıcılığını gələcək nəsilə ötürməkdən ibarətdir.
Layihə elmi tədqiqat işlərinin aparılaması, bunun əsasında isə ədəbi bədii gecələrin keçirilməsi, kitabların həm Azərbaycan dilində, həm də digər xalqların dillərinə tərcümə edilərək təqdimatıdır.
Layihənin rəhbəri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynovdur.
Natiq öz çıxışına davam edərək deyib: "Ustad muğam ifaçısının - Bülbülcanın Azərbaycan muğam sənətinin formalaşmasında və inkişafında böyük xidmətləri olub. 1841-ci ildə Azərbaycanın ən gözəl güşələrindən olan Şuşada dünyaya göz açan Bülbülcan əvvəlcə Azərbaycanda, sonra isə Gürcüstanda - Tbilisidə xanəndə kimi şöhrət qazanıb. O, ömrünün 30 ilini (1875-1905) Tbilisi şəhərində yaşayıb. Bu illər ərzində Azərbaycan muğamlarını, xalq mahnılarını sevə-sevə səsləndirib, toy şənliklərində, böyük tədbirlərdə, teatr tamaşaları arasındakı fasilələrdə ansamblı ilə çıxış edib. Əbdülbaqi Zülalova Bülbülcan ləqəbi də gözəl zəngulələrinə görə ilk dəfə Tbilisidə verilib".
Sonra Gürcüstan Teatr Sənəti Birliyinin sədri, Gürcüstan Mədəniyyət nazirinin müşaviri Georgi Geqekçori, prezidentliyə namizəd, tarixçi Levan Çxeidze, kitabı gürcü dilinə tərcümə edən tədqiqatçı-jurnalist Mirzə Maşov və Nəriman Yaşağaşvili, Gürcüstan Musiqi Alətləri Muzeyinin direktoru Rezo Kotrikadze, Gürcüstan Parlamentinin keçmiş deputatı Ramiz Bəkirov, ART Paralel Teleradio şirkətinin rəhbəri, kinorejissor Tengiz Txilava, Gürcüstan Azərbaycan mədəni əlaqələrin inkişafı fondunun rəhbəri, tədqiqatçı alim Simon Kopadze, İnsan Hüquqları Müdafiəsi komitəsinin üzvü, hüquqşünas Fərhad Musayev və başqaları çıxış edərək Bülbülcanın yaradıcılığına nəzər salıb, Azərbaycan muğam sənətinin Tbilisidə şöhrət tapmasında mahir ifaçının rolunu xüsusi qeyd ediblər.
Tarixçi Levan Çxeidze deyib ki, Azərbaycan muğamları 18 əsrin sonu 19-cu əsrin əvvəllərində qədim Tiflisin musiqi mədəniyyətinin ən ayrılmaz atributlarından biri idi. Bu muğamları, xalq mahnılarını, təkcə Tibilisidə yaşayan azərbaycanlılar yox, gürcülər və digər millətlərin nümayəndələri də eyni hörmət və məhəbbətlə sevirdilər.
Bildirilib ki, 1875-1905-ci illərdə Tbilisidə elə bir yüksək səviyyəli məclis olmayıb ki, Bülbülcan və onun dəstəsi oraya dəvət edilməsin. 1888-ci ildə Tbilisinin Müctəhid bağında III Aleksandrın şərəfinə təşkil olunan məclisdə Bülbülcan da iştirak edib. Böyük xanəndənin bülbül kimi cəh-cəh vurmasından vəcdə gələn III Aleksandr onun at üstündə Kovalenski prospekti ilə (indiki Rustaveli prospekti) keçib getməsinə icazə verib.
Knyaz Mixail Romanov (I Nikolayın qardaşı) 1904-cü ildə Tiflisə səfər edərkən "Edem" bağında onun şərəfinə ziyafət təşkil olunub. Ziyafətdə Bülbülcan o qədər gözəl oxuyub ki, knyaz öz barmağındakı dörd karatlıq brilyant üzüyü çıxararaq onun barmağına taxıb.
Qeyd edilib ki, İran hökmdarı Müzəffərəddin şah 1900-cü ildə Avropaya səfər edərkən bir neçə gün Tiflisdə qonaq olub. Məclislərin birində şah Bülbülcanın ifasını o qədər bəyənib ki, onu "Şiri-Xurşid" ordeni ilə təltif edib.
Çıxışlardan sonra VI Televiziya Muğam Müsabiqəsinin Qran-Pri mükafatçısı, Almaxanım Əhmədli, tarzən Vüsal Qasımov və kamança ifaçısı Oktay Şərifovun iştirakı ilə geniş konsert proqramı iştirakçılara təqdim olunub.
Konsertdə muğamlardan parçalar və xalq mahnıları səslənib.