Mərkəzi Bakı şəhərində olan Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) 25 illik yubileyi TÜRKSOY-un baş ofisində qeyd olunub. TÜRKSOY-un baş katibi Sultan Rayev yubiley tədbirində açılış nitqi ilə çıxış edərək TÜRKSOY-un qurulduğu gündən indiyə qədər Türk dünyasının mədəniyyətinin və sənətinin təbliğ olunması üçün fəaliyyət göstərdiyini vurğulayaraq hər il üzv ölkələrin yazarları tərəfindən qələmə alınan önəmli əsərlərin qardaş dillərə uyğunlaşdırılaraq çap olunmasını təmin etdiyini, rəhbəri olduğu qurumun Türk dünyası yazarlarını bir platforma ətrafında birləşdirmə xüsusiyyəti daşıdığını qeyd edib: "Bu fəaliyyətlər nəticəsində Türk dünyası bir çox önəmli yazarı tanıma fürsəti tapmış, yazarlarımız Anadolunu ata torpaqları ilə qovuşdurmuşdur. Birliyin qurulduğu gündən bu yana 50-dən çox əsərin çap olunmasına vəsilə olması, ədəbi-mədəni fəaliyyətlərdə və önəmli tədbirlərdə aktiv olması təqdir olunmalı haldır".
S.Rayev çıxışının davamında bildirib ki, DGTYB-nin mərkəzi qardaş ölkə Azərbaycanda olsa da, mənəvi mərkəzinin Ankaradır.
Yubiley tədbirində çıxış edən DGTYB-nin Məsləhət Şurasının üzvü, tədqiqatçı-alim Şəmsəddin Kuzəçi təmsil olunduğu birliyin təkcə Türkiyədən 20-ə yaxın kitab çap etdirdiyini, 35 şair və yazıçıya Türk dünyasına xidmət ödülü verdiyini, Türkiyənin bir çox tədbirlərində yer aldığını dilə gətirib. O, TÜRKSOY-a minnətdarlığını ifadə edərək çıxışını yekunlaşdırıb.
DGTYB-nin qurucu-başqanı, Azərbaycan Respublikasının Milli Məclisinin Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalı göstərmiş olduğu qonaqpərvərlik üçün TÜRKSOY-a və Sultan Rayevə təşəkkür edərək Türk dünyasına 25 il xidmət etmiş DGTYB-nin bundan sonra da geniş fəaliyyətinə davam edəcəyinə inamını ifadə edib. Əkbər Qoşalı çıxışının davamında Türkiyənin dünyadakı bütün türklərin vətəni olduğu kimi, TÜRKSOY-un da Türk dünyasının bütün mədəniyyət xadimlərinin öz evi olduğunu bildirib. 25 illiyin bir bitmə yox başlanğıc olduğunu qeyd edərək DGTYB-nin fəaliyyətinin davam edəcəyini, yeni nəsillərin təşkilatı daha da irəliyə aparacağını söyləyib.
DGTYB başqanı İntiqam Yaşar çıxışında 25 illik yubiley tədbirinin TÜRKSOY-un mərkəzi ofisində keçirilməsini əlamətdar hadisə kimi qeyd edib. Bütün türk coğrafiyalarından olan üzvlərlə fəaliyyətin davam edəcəyini, Türk dünyasını əhatə edəcək layihələrin davamlı olacağını söyləyib. TÜRKSOY-un bu kimi tədbirlərə ev sahibliyi etməklə Türk dünyası üçün bir mədəni körpü təmin etdiyini vurğulayıb.
DGTYB-nin Məsləhət Şurasının üzvü, professor Rəsmiyyə Sabir isə 25 il öncə heç bir maddi imkan olmadan sadəcə sevgi ilə yola çıxan birliyin bu keçən zaman ərzində qət elədiyi yolun təqdirəlayiq olduğunu söyləyib. O, təşkilatın davamlı fəaliyyətinin hələ çox əlamətdar günlərə vəsilə olacağına inamını ifadə edib.
Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu DGYTB-nin fəaliyyətinin çox ürəkaçan olduğunu bildirib. O, təşkilatın fəaliyyətini mütəmadi izlədiyini, görülən işlərin Türk dünyası üçün önəmli olduğunu vurğulayıb.
Kitab təqdimatı panelində Rəsmiyyə Sabirin "Yerlə göy arasında" , Əkbər Qoşalının "Altaylardan qopan atlar", Şəmsəddin Kuzeçinin "Şeirlərim", İntiqam Yaşarın "Adını çəkirəm" kitabları təqdim olunub. Dünya Söz Akademiyasının başqanı, professor Hayrettin İvgin və keçmiş millət vəkili, şair Mehmet Atilla Maraş DGTYB və kitablar haqqında düşüncələrini bölüşüblər.
Dünya Gənc Türk Yazarlar Birliyinin 25 illik yubileyi münasibətilə TÜRKSOY-un baş katibi Sultan Rayevə, baş katibin yardımçısı Sait Yusufa, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğluna və Hayrettin İvginə "25 illik" yubiley medalı təqdim olunub. Bundan əlavə, TÜRKSOY-un türkdilli topluluqlar ilə əlaqələr departamentinin müdiri Cavid Mövsümlüyə "Xidmət" plaketi təqdim olunub.
Bundan əlavə, TÜRKSOY-un Baş katib
i Sultan Rayev tərəfindən Şəmsəddin Kuzəçi, Rəsmiyyə Sabir, Əkbər Qoşalı, İntiqam Yaşar və Murad Toyluya TÜRKSOY-un 30 illik yubiley medalı təqdim olunub.
Tədbirə sənətçi Kaya Kuzunun ifası ilə yekun vurulub.