Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ev dustağıyam” əsərinin təqdimatı olub.
Tədbiri açıq elan edən ADPU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru Mahirə Nağı qızı Hüseynova əsəri ədəbiyyat sahəsi üzrə dəyərli alimlərin mütaliə etdiklərini və gənc yazarın ilk romanının bu cür gözəl təəssürat bağışlamasını yüksək qiymətləndirib. Mahirə xanım Qərbi Azərbaycan torpaqlarından ayrı düşən dil və ədəbiyyat müəllimi Şahsuvar obrazısnın timsalında həqiqi müəllim obrazının elə bu cür saf və təmiz, nəcib hisslərlə, nümunəvi təsvir olunmasını alqışlayaraq, gənc yazarın bu cür mürəkkəb hissləri ifadə edən romanı yazmasını yüksək ehtiramla qarşıladığını vurğulayıb. O bildirib ki, heç də hər qələm sahibi bu cür dəyərli bir universitetdə, alimlərin qarşısında kitab təqdim edə bilməzdi. Mahirə xanım ailə dəyərlərinə, Vətənə, öz soykökünə göstərdiyi hörməti sujet xəttində gənclərə aşılayan yazara daha çox Vətən haqqında əsərlər yazaraq həqiqətlərə əsaslanan bədii ədəbiyyatla ölkəmizi uzaq diyarlarda təbliğ etməyə səsləyib. “Bu gün əfsuslar olsun ki, gənclərimizin mütaliəsi olduqca aşağı səviyyədədir. ADPU olaraq gənc yazarın əsəri ilə tanış olarkən cəmiyyətdə bu cür qələm sahiblərinin varlığına olduqca sevindik, buna görə də gənclərə tariximizi, dilimizi, irsimizi, bilinməyən həqiqətlərimizi çatdıracaq yazıçıların bu cür məsuliyyətli işdə göstərdikləri bütün akademik və bədii addımları dəstəkləyirik”, – deyə o öz çıxışında qeyd edib. Əsəri oxuduqca insan pandemiya ilə yanaşı baş qəhrəmanın Vətən nisgili və dədə-baba torpaqlarına olan həsrətinin içindəki dustaqlığı da dərindən duyulur.
Mahirə xanım çıxışının sonunda bildirib ki, “Ev dustağıyam” kitabının baş qəhrəmanı Şahsuvar obrazı olduqca əhəmiyyətli simadır, həm personajın nümayiş etdirdiyi nümunəvi müəllim obrazı, həm də Şahsuvar personajının bir ədəbiyyatçı olaraq öz torpaqlarına həsrət qalması, onun yaşadığı daxili çaxnaşmalar, zənnimcə, Vətən həsrətini duyaraq reallığı əks etdirən sujet xəttində öz torpaqlarından didərgin düşmüş insanların çırpınışlarını hiss etməkdə, həmçinin çox az bilinən Qərbi Azərbaycan barədə tarixi faktlarla yanaşı bu torpaqların mədəni irsinin öyrənilməsində gənclərə gözəl bələdçi ola bilər.
Daha sonra əsərin müəllifi Şah Selimi Türkay qonaqları salamlayıb və rəhbərliyə bu cür mötəbər məkanda dəyərli alimlərin qarşısında “Ev dustağı”nın təqdimatının onun üçün necə əlamətdar hadisə olduğunu qeyd edib: “Sözsüz, əsər ərsəyə gəldiyi gündən bu zamana qədər çox mötəbər məkanlarda – Bakı Kitab Mərkəzi, Qərbi Azərbaycan İcması, Beynəlxalq Kitab sərgisi, bir çox yerli və regional sərgilərdə təqdimatı həyata keçirilsə də, mənə görə yaratdığım əsərin baş qəhrəmanı Şahsuvar Qəmbərovun dilçilik biliklərini qazandığı, tələbəsi olduğu bir tədris ocağında ona xitab olunmuş kitabın təqdimatını etmək həm çox qürurverici, həm də çox məsuliyyətli işdir. Bu gün burada müəllim həyatından, azad ruhlu, mənəvi dünyası zəngin, bu dünyadakı həqiqi öhdəçiliyi tapmış bir obrazın fəlsəfə doktorları, dosent və tələbələri qarşısında müzakirəyə çıxarılması və təqdimatı həm yazıçı, həm də oxucular üçün olduqca vacibdir. Zənnimcə, müəllim peşəsi, ələlxüsus, dil və ədəbiyyat fənni üzrə ixtisaslaşan müəllimlər hər bir gəncin həyatında ata-anadan sonra qaranlığa işıq tutub doğru yol göstərən ən önəmli kəslərdir. Müəllim peşəsi o qədər alidir ki, deyərdim, o yazılmadan da elə qəhrəmanlıq hekayəsinin özüdür. Çünki saysız insan taleyində önəmli rol oynayarkən cəmiyyəti gələcəyə hazırlayan məhz müəllimlərimizdir. “Ev dustağıyam” əsəri sizə öz peşənizin müqəddəsliyini, vacibliyini, əlçatmazlığını aşılamaqla yanaşı, həmçinin Şahsuvar müəllimin simasında əsl müəllim obrazının həyata yanaşması ilə tanışlığınız fikrimcə gələcək həyatınızda və karyeranızda həm nümunəvi bir obraz, həm də əvəzsiz bir yaxşı yolyoldaşı olacaq. Şahsuvar müəllimin dərin insani keyfiyyətləri, həyata nikbin baxışı, insansevərliyi, peşəsinə,Vətəninə və ailəsinə olan həddsiz sevgisi oxuculara eyni baxışı aşılamağa imkan yaradıb”.
Sonra tədbir iştirakçıları, “Ev dustağıyam” əsərini oxuyub fərqli aspektlərdən analiz edən ADPU-nun dəyərli fəlsəfə doktorları, dosent, müəllim və tələbə heyəti roman barədə müsbət fikirləri, təsirləndikləri məqamları qeyd ediblər, sujet xətti baxımından Türkay xanımın qələmini təqdirəlayiq hesab etməklə yanaşı, gələcək fəaliyyətində daha çox uğurlara imza atmağını arzulayıblar.
Tədbirdə iştirak edən Qərbi Azərbaycan İcması sədrinin müavini Seyfulla Abbasov kitabda nəvə ilə babanın vida səhnəsinin həssaslığından bəhs edib, gənc qələm sahibinin bu cür drammatik səhnələrlə oxucularda ailə dəyərlərinin qorunmasına yönəlmiş müsbət təsirindən danışıb.
Filologiya elmləri doktoru, Ədəbiyyat kafedrasının müdiri Razim Məmmədov yazıçının bədii dilindən və hadisələrin təsvirinin doğurduğu ovqatdan çox təsirləndiyi vurğulayıb. Vətənimizin haqqında yazılası bu cür qəhrəman müəllimləri və dahi şəxslərinin tanıdılması üçün universitet heyəti yazıçı ilə gələcək əsərlər barədə fikir mübadiləsi aparıb.