Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counzla görüş olub.
Nazirlikdən verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əhalinin məşğulluq imkanlarının artırılmasının, sosial cəhətdən həssas qrupların, o cümlədən, əlilliyi olan şəxslərin əmək bazarına çıxışının dəstəklənməsinin Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin əsas prioritetlərindən olduğunu vurğulayıb. Nazir bu istiqamətdə aparılan işlər barədə məlumat verib.
S.Babayev Azərbaycan iqtisadiyyatında önəmli rolu ilə seçilən BP şirkəti ilə nazirlik arasında əməkdaşlıq təcrübəsini qeyd edib. O, yerli işçi qüvvəsindən istifadənin genişləndirilməsinin, vakant iş yerləri barədə qanunvericiliyə uyğun qaydada məşğulluq orqanlarına məlumatların təqdim olunmasının, işçi qüvvəsinə tələblə bağlı çevik məlumat mübadiləsi aparılmasının, həmçinin əlilliyi olan şəxslərin məşğulluğuna şərait yaradılmasının bu əməkdaşlıqda mühüm istiqamətlər olduğunu deyib.
Q.Counz BP şirkətinin öz layihələrinin icrası zamanı məşğulluq amilinə xüsusi önəm verdiyini deyib. O, sosial cəhətdən həssas qrupların, əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi üçün onların bacarıqlarının artırılmasına xidmət edən layihə üzrə aparılan işlərdən bəhs edib, bu yöndə layihələrin davam etdirilməsinin və daha da genişləndirilməsinin diqqətdə saxlanacağını bildirib.
Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları barədə də Q.Counza ətraflı məlumat verilib. "Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı" çərçivəsində görülən işlər, birgə fəaliyyətin gələcək istiqamətləri, əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
CEYHUN