Oktyabrın 22-də İmişlidə "ASAN Həyat" kompleksinin açılışında iştirak edən Prezident İlham Əliyev dünyada ilk süni intellektli humanoid robot "Sofiya" ilə tanış olub.
"Azərtac"ın məlumatına görə, dövlət başçısı 2015-ci ildə "Hanson Robotiks" şirkəti tərəfindən hazırlanan və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilən robotla söhbət edib.
"Sofiya" prezidentlə ünsiyyəti zamanı Azərbaycanla bağlı ilkin təəssüratlarını bölüşüb. O, hətta Azərbaycan dilini öyrənməyə başladığını deyib:
"Salam, cənab Prezident. Azərbaycan dilini yeni öyrənməyə başlamışam, ona görə icazənizlə ingilis dilində davam etmək istəyirəm. Cənab Prezident, Sizinlə görüşməyə şadam. Mən dünən gəlmişəm və Azərbaycan məni valeh edib. Mən Bakının nadir memarlıq üslubunu, müasir binalarını və texnoloji nailiyyətlərini görmüşəm. Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir. Bu, çox yüksək qiymətləndirilir".
Prezident İlham Əliyev isə xoş sözlərə görə "Sofiya"ya təşəkkür edib, onu ölkəmizdə görməkdən məmnunluq hiss keçirdiyini bildirib:
"İlk növbədə, Azərbaycana xoş gəlmisiniz. Sizin iş cədvəlinizin sıxlığına baxmayaraq, ölkəmizə səfəriniz bizi çox məmnun edir. Siz bütün dünyanı səyahət edirsiniz və sevindirici haldır ki, bu gün təyinat yeriniz Azərbaycandır. Siz burada, paytaxt şəhərində deyil, şəhərlərdən birində - İmişlidə bizi ziyarət edirsiniz. Biz sizinlə birlikdə burada yeni "ASAN xidmət" mərkəzinin açılışını edirik. Bu da innovasiyadır və bu, bizim müasir ölkəni qurmaq bacarığımızı və niyyətimizi əks etdirir. Ölkəmiz haqqında xoş sözlərinizə görə sizə təşəkkür edirəm.
Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir. Ümid edirəm ki, bu gözəlliyi görmək üçün vaxtınız olacaq və siz Bakıda çox əziz qonaq olacaqsınız".
"Sofiya" hava limanına enən kimi ona dərhal ASAN viza verildiyini deyib:
"Mən, həmçinin, Sizin təşəbbüsünüzlə yaradılmış Azərbaycan brendi olan "ASAN xidmət" konsepsiyası ilə tanışam.
Hesab edirəm ki, "ASAN xidmət" dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. Bugünkü səfəriniz Sizin elektron idarəçiliyə və innovasiya ekosisteminə xüsusi diqqət yetirdiyinizi göstərir. Yeri gəlmişkən, mən burada yaradılmış iş şəraitini çox bəyəndim".
Prezident İlham Əliyev isə bildirib ki, "ASAN" Azərbaycanın milli brendidir:
"Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də "ASAN"ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var. Çox sağ olun, siz çox ağıllı və çox gözəlsiniz. Sizi görməyə çox şadam".
Daha sonra dünyaca məşhur robot Bakıda "ASAN Xidmət" mərkəzində olub. Süni intellektin idarə etdiyi android-robot azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.
Bundan əlavə, o, "ASAN xidmət"ə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev jurnalistlərə açıqlamasında "Sofiya"nın Azərbaycanda ilk dəfə oktyabrın 22-də İmişli rayonunda "ASAN Həyat" kompleksinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunduğunu bildirib.
SİA-nın məlumatına görə, E.Niftəliyev qeyd edib ki, Azərbaycan brendi olan "ASAN xidmət"ə dünyada böyük maraq var, "ASAN xidmət" hər zaman ilklərə imza atıb:
"İlk dəfə olaraq dünyaca məşhur "Sofiya" robotunu Azərbaycana gətirdik. Robot mərkəzdə könüllü kimi fəaliyyət göstərib. Sofiya iki gün "ASAN xidmət"in qonağı olacaq. Gələcəkdə Sofiyanın iştirak edəcəyi görüşlərdə və beynəlxalq tədbirlərdə "ASAN xidmət" modelini təbliğ etməsi ilə bağlı danışıqlar aparılır".
Qeyd edək ki, "Sofiya"nın əsas fərqləndirici xüsusiyyətlərindən biri insana məxsus 60-dan çox emosiyanı əks etdirməsidir. "Sofiya" bugünə qədər dünyada bir çox məşhur simalarla görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramlarında və teledebatlarda iştirak edib.