|
|
|
|

Cəfər Cabbarlı adına respublika kitabxanasında keçirilən yığıncaqda "525-ci qəzet"in əməkdaşı, şair-publisist Yəhya Paşazadəyə Azərbaycan Yazıçılar Birliyi Cəfər Cabbarlı Komissiyasının təşkilatçılığı ilə "Facebook" şəbəkəsində aparılan 2-ci Beynəlxalq misra yarışının mükafatı təqdim olunub.
Sözügedən müsabiqəyə avqustun 20-dən 25-dək ölkəmizdən, Rusiyada yaşayan soydaşlarımızdan və qardaş Türkiyədən olan 19 nəfər yazar qatılıb. FB üzvləri 5 gün ərzində keçirilən açıq səsvermədə yarış iştirakçısı Yəhya Paşazadəni müsabiqənin qalibi ediblər.
Təqdimat mərasimində AYB Cəfər Cabbarlı Komissiyasının sədri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli tədbir iştirakçılarına keçirilən misra yarışı və onun qalibi haqqında məlumat verib.
Cəfər Cabbarlı Ev-Muzeyinin direktoru, görkəmli dramaturqun nəvəsi Qəmər xanım Seyfəddinqızı Yəhya Paşazadəni müsabiqədə qalib gəlməsi münasibəti ilə təbrik edib, ona "Qızıl misra" fəxri diplomu və qiymətli hədiyyələr təqdim edib.
Sonda Yəhya Paşazadə söz alaraq, gözəl, maraqlı və obyektiv poeziya yarışı təşkil edildiyinə görə Azərbaycan Yazıçılar Birliyi rəhbərliyinə, Cəfər Cabbarlı Komissiyasının sədri professor Asif Rüstəmliyə minnətdarlığını bildirib.



