"Kitabsevərlər" Hərəkatının təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində yazıçı Şəmil Sadiqlə görüş keçirilib.
Kollecdən 525.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə kollecin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov açıb.
O, Ş.Sadiqin yaradıcılığından bəhs edib, “OdƏrlər” romanı barəsində fikirlərini dilə gətirib.
Daha sonra Şəmil Sadiq çıxış edərək kollec rəhbərliyinə təşəkkür edib:
“Belə gözəl tədbiri təşkil etdiyinizə görə sizə təşəkkür edirəm. Gənclərin kitaba, ədəbiyyata maraq göstərdiyini görmək həqiqətən də sevindirici haldır”.
Kollecin Sosial-iqtisad fənn birləşməsinin müəllimi İlahə Məmmədovanın təqdimatında “OdƏrlər” romanı haqqında çəkilmiş video çarxa baxılıb.
Video çarxdan sonra direktor müavini Sevda Axundova, Nigar Şirəliyeva, Kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi, Təhsil İnstitutunun doktorantı Xatirə Xəlilova, digər müəllimlər Günel Qafarova, Vəfa Yunusova, Fərqanə Əliyeva kitab barəsində fikirlərini söyləyiblər.
Çıxışlar bitdikdən sonra Şəmil Sadiq tələbələrin roman barəsindəki suallarını cavablandırıb, onlarla ədəbiyyat sahəsində fikir mübadiləsi aparıb.
Kollec tərəfindən müəllifə “Odərlər” romanının əks olunduğu rəsm əsəri hədiyyə edilib.
Ş.Sadiq də öz növbəsində tədbir iştirakçılarına kitablarını hədiyyə edib, kollecin kitabxanasına “Xatirə ədəbiyyatı” seriyasını bağışlayıb.
Sonda qonaq tələbələr üçün kitab imzalayıb.