|
|
|
|
Məlum olduğu kimi, oktyabrın 25-dən 26-dək Bakıda VI Beynəlxalq Humanitar Forumu keçirilib.
Artıq 6-ci dəfədir keçirilən bu beynəlxalq əhəmiyyətli tədbirin əhatə dairəsinin daha da genişlənməsi forumun müzakirəyə çıxardığı mövzuların günümüzdə dünya üçün aktuallığı ilə yanaşı, həm də öz liderlik keyfiyyətlərini reallaşdırdığı qlobal əhəmiyyətli layihələrlə dəfələrlə nümayiş etdirən Azərbaycana artan maraqla izah olunmalıdır. Mürəkkəb proseslərin cərəyan etdiyi regionda yerləşməsinə, münaqişə şəraitində olmasına baxmayaraq, sabitlik və təhlükəsizik şəraitində inkişaf meyllərinin nəzərə çarpması, innovativ yeniliklərin tətbiqinə geniş yer verilməsi, multikultural dəyərlərin təşviqi heç şübhəsiz, ölkəmizi daha da cəlbedici edir və Cənubi Qafqaz regionunda önəmini, strateji əhəmiyyətini artırır.
Təsadüfi deyil ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın 90-a yaxın ölkəsindən 400-dən artıq xarici qonaq iştirak etmək üçün Azərbaycana təşrif buyurmuşdu. Prezident İlham Əliyevin tədbirin açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi, bu, Bakı Beynəlxalq Humanitar Forumunun qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrildiyini sübut edir. Forumun əhatə dairəsinin genişlənməsi eyni zamanda, müzakirə olunan məsələlərə daha geniş və fərqli baxışların, başqa-başqa ölkə təcrübəsinə əsaslanan yeni modellərinin ortaya qoyulmasına imkan verir ki, bu da hazırkı dövrdə dünyada böyük problemə çevrilən humanitar fəlakətlərin səbəblərinin dərindən araşdırılaraq təkrarlanmasının qarşısının alınması, mövcud hallara isə daha insani yollar və effektiv üsullarla çözüm tapılmasını şərtləndirə bilər. Bu mənada, dövlət başçısı çıxışında bütün bu məsələlərə diqqəti yönəldərək humanitar məsələlərin müzakirəsinin günümüzdə çox önəmli olduğunu bildirib. Prezident qeyd edib ki, müasir dünyada bu sahədə həm nailiyyətlər, həm də problemlər mövcuddur: "Azərbaycan bu sahəyə çox böyük önəm verən ölkələrdən biridir. Ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilib. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu xüsusilə qeyd etmək istərdim. Bu, çox önəmli beynəlxalq tədbirdir. Eyni zamanda, Bakıda dünya dinləri liderlərinin zirvə görüşü keçirilib. Dörd dəfə Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Altıncı dəfə Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi onu göstərir ki, doğrudan da Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilib".
Dövlət başçısı tədbirdə Azərbaycanın ötən əsrin sonlarında Dağlıq Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edilməsi, həyata keçirilən etnik təmizləmə siyasəti nəticətində üzləşdiyi humanitar fəlakətdən danışaraq bildirib ki, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti böyük fəlakətə, bəlalara gətirib çıxarıb: "Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır, xalqımıza qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan çox azərbaycanlı öz doğma torpağında köçkün vəziyyətinə düşüb. Bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı qərar və qətnamələr qəbul ediblər, o cümlədən, BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələrin qəbul olunmasından 25 il keçir. Ermənistan bu qətnamələri icra etmir və əfsuslar olsun, hələ də beynəlxalq mexanizm işlənilməyib ki, təcavüzkarı beynəlxalq aparıcı qurum tərəfindən qəbul edilmiş qətnamələrin icrasına məcbur etsin. BMT-nin Baş Assambleyası oxşar qətnamə qəbul edib, digər beynəlxalq təşkilatlar, o cümlədən, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ərazi bütövlüyünə dəstək göstərilir və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi tələb olunur. Münaqişənin həlli üçün yeganə yol məhz budur, ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa edilməlidir, işğalçı qüvvələr torpaqlarımızdan dərhal, qeyd-şərtsiz çıxarılmalıdır, - necə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərilir, - və Azərbaycan vətəndaşları öz doğma, tarixi, əzəli torpaqlarına qayıtmalıdırlar".
Ümumilikdə, VI Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkili, ortaya qoyulan mövzulara obyektiv və həssas yanaşma tədbirin beynəlxalq əhəmiyyətini, problemlərə təsir imkanlarını daha da artırır. Tədbirdə iştirak edən yerli və xarici ekspertlərin, ölkə və təşkilat nümayəndələrinin forumla bağlı səsləndirdiyi fikirlər də humanitar problemlərinin həllində Bakıda aparılan müzakirələrin effektiv nəticələrə yol açacağını, habelə Azərbaycanın üzləşdiyi çətinliklərə beynəlxalq ictimaiyyətin mövqeyini daha da həssaslaşdıracağını, müxtəlif platformalarda ədalətli mövqeyimizin müdafiəsini gücləndirəcəyini deməyə əsas verir.
Qlobal siyasət məsələləri üzrə amerikalı ekspert Piter Teys hesab edir ki, VI Bakı Beynəlxalq Forumu bütün dünyada sülh, təhlükəsizlik və mədəniyyətlərarası dialoqun təmin olunması işində tarixi hadisədir. O, "Trend"ə bildirib ki, forum humanitar yardımdan dezinformasiyayadək, informasiya müharibəsi, Bakı prosesinin 10-cu ildönümü və dünyanın üzləşdiyi digər aktual məsələləri müzakirə edib.
Politoloqun sözlərinə görə, təəssüf ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsi barədə söz düşərkən susqunluğunu qoruyur və ATƏT-in Minsk qrupu öz əhəmiyyətini itirib: "ATƏT Minsk qrupu ilkin olaraq nəzərdə tutulan missiyanı yerinə yetirmir və hesab edirəm ki, BMT və digər müvafiq strukturlar bu məsələyə diqqətlə yanaşmalıdır. Çünki Dağlıq Qarabağ münaqişəsi BMT-nin 2030-cu ilədək dayanıqlı inkişaf gündəliyinin reallaşdırılması prosesinə birbaşa təsir edir. Qafqazda sülh olmadan və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmadan dayanıqlı inkişaf məqsədləri icra olunmayacaq".
Ekspert vuruğulayıb ki, Dağlıq Qarabağdakı vəziyyət çox faciəvidir: "Hər gün erməni qoşunları tərəfindən təxribatlar törədilir. İri beynəlxalq KİV-lər bu problemə kifayət qədər diqqət ayırmır. Bundan başqa, Azərbaycanın işğal olunmuş ərazilərində ətraf mühitlə bağlı ciddi problemlər müşahidə olunur".
P.Teys qeyd edib ki, Azərbaycan hökuməti bu münaqişənin sülh yolu ilə həlli üçün böyük səbr və anlayış nümayiş etdirir, səylərini əsirgəmir: "Amma digər tərəfdən Ermənistanın yeni rəhbərliyi status-kvonu saxlamağa və səmərəli danışıqlardan qaçmağa cəhd göstərir. Ermənistan üzərində beynəlxalq təzyiqin olmaması dərin narahatlıq doğurur. Metsamor atom elektrik stansiyası ilə bağlı problem də Avropa Şurası Parlament Assambleyasında heç vaxt müzakirə olunmayıb. Bu, təkcə Ermənistanın yox, həm də bütün regionun problemidir".
Son 15 ildə Azərbaycanın inkişafından danışan P.Teys bildirib ki, ölkə hökuməti iqtisadiyyatı uğurla şaxələndirməyə müvəffəq olub: "Biz Azərbaycanda ciddi makroiqtisadi inkişafı müşahidə edə bilərik. Azərbaycan prezidenti kənd təsərrüfatı sahəsinin inkişafına xidmət edən müsbət və praqmatik siyasət sayəsində milli iqtisadiyyatı şaxələndirməyə müvəffəq olub. Bu da, öz növbəsində, qısamüddətli perspektivdə işsizliyin səviyyəsini daha da azaltmağa imkan verəcək".
Amerikalı ekspert qeyd edib ki, Azərbaycanın unikal mədəniyyəti, tarixi var: "Azərbaycan mədəniyyətinin ABŞ-da təşviqi Prezident İlham Əliyevin, həmçinin, fəal şəkildə mühazirələr və ictimai tədbirlər təşkil edən Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanovun qətiyyətli fəaliyyəti sayəsində müsbət nəticə verir. Bu da Azərbaycanı Amerika cəmiyyətinə daha yaxın etməyə imkan verir. Azərbaycan multikulturalizmi dünya üçün böyük dəyərdir. Bakı dünyada multikulturalizmin və dinlərarası dialoqun mərkəzinə çevrilib. Eyni zamanda, Bakı müxtəlif memarlıq məktəblərinin ahəngdarlıq təşkil etdiyi fərqli məkandır. Bu, Azərbaycan mədəniyyəti, tarixi və folkloru barədə çox şey deyir. Digər mühüm amil isə Azərbaycanla ABŞ arasında hazırda ən yüksək səviyyədə olan iqtisadi əməkdaşlıqdır. Azərbaycan diasporu da iki ölkə arasında əməkdaşlıqda və iki mədəniyyətin, dövlətin və hökumətin qarşılıqlı fəaliyyəti zamanı fikir ayrılığının aradan qaldırılmasında mühüm rol oynayır".
Milli Məclisin deputatı Aydın Hüseynov isə bildirib ki, VI Bakı Beynəlxalq Humanitar Forumu xalqlar arasında dialoqun möhkəmlənməsi və inkişafı üçün yeni ideyalar, fikir mübadiləsi və qarşılıqlı etimadın yaranmasına meydan açır: "Bu cür tədbirlər keçirməklə Azərbaycan dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Baxmayaraq ki, bu gün Azərbaycan özü erməni işğalından əziyyət çəkir, ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün var, ölkəmiz nəinki regionda, o cümlədən, dünyada sülhün bərqərar olması istiqamətində mühüm işlər görür. Azərbaycan artıq dünya üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərin keçirildiyi, vacib məsələlərin müzakirə edildiyi məkana çevrilib".
A.Hüseynov vurğulayıb ki, Azərbaycan indiyə qədər dinamik inkişafı ilə sivilizasiyalararası dialoqun qurulması üçün qlobal tədbirlərə uğurla ev sahibliyi edir: "Bakıda artıq 6-cı ildir ki, Beynəlxalq Humanitar Forum keçirilir. Hər bir forumda dünyanı düşündürən qlobal problemlərin həlli yollarının tapılması istiqamətində səmərəli müzakirələr aparılır, geniş əhatəli məsələlər müzakirə edilir, çağırışlar olur".
Deputat hesab edir ki, Bakı Forumuna dünyada maraq hər il artır və artıq 6-cı dəfə ölkəmizdə keçirilməsi onu deməyə əsas verir ki, bu tədbir dünyanın siyasi-ictimai elitasını birləşdirən diskussiya və dialoq məkanı kimi tanınır.
Ceyhun ABASOV