Salome Zurabişvili Gürcüstanın yeni Prezidenti seçilib.
Trend-in məlumatına görə, xanım S.Zurabişvili seçicilərin 59,52 faizinin (1,1 milyon seçici) səsini toplayıb. Digər namizəd Qriqol Vaşadze isə 40,48 faiz səs yığıb.
S.Zurabişvili 1952-ci ildə Parisdə gürcü siyasi mühacir ailəsində (1921-ci ildə Gürcüstanı tərk edib) anadan olub. O, Fransa Siyasi Elmlər İnstitutunu bitirdikdən sonra ABŞ-ın Kolumbiya Universitetində təhsil alıb, Rusiyanın tədqiq edilməsi üzrə ixtisaslaşıb.
1974-cü ildən Fransa Xarici İşlər Nazirliyində çalışıb. 2003-cü ilin sonunda Fransanın Gürcüstanda səfiri təyin edilib.
2004-cü ilin martında Mixeil Saakaşvili S.Zurabişvilini Gürcüstanın xarici işlər naziri təyin edib, lakin 2005-ci ilin oktyabrında M.Saakaşvilinin ünvanına tənqidlər səsləndirdikdən sonra vəzifəsindən azad edilib. Bundan sonra S.Zurabişvili müxalifətə keçərək M.Saakaşvilinin istefası tələbi ilə keçirilən aksiyalarda iştirak edib.
2016-cı ildə Gürcüstan parlamentinin deputatı seçilib.
Cari ilin avqustunda müstəqil namizəd kimi prezident seçkilərinə qatılacağını bəyan edib. Sentyabrın əvvəlində isə “Gürcü arzusu” partiyası prezidentliyə namizəd irəli sürməyəcəyini və S.Zurabişvilini dəstəkləyəcəyini bildirib.