|
|
|
|
Qızmar günəşin zər şəfəqləri Kürdəmiri daha çox isindirir. Günəş isə həyat deməkdir. Odur ki, Kürdəmirin yetişdirdiyi ən tanınmış ziyalıları Günəşin zərrəsinə bənzədirəm.
Uzun illər prokurorluq və məhkəmə orqanlarının rəhbər vəzifələrində fədakarlıqla, ləyaqətlə, çalışmış və bu gün də fəaliyyətini uğurla davam etdirən, böyük hörmət və nüfüz sahibi olan İkram Kərimov da dediyim o parlaq zərrələrdən biridir.
İkram müəllimin adını ilk dəfə harada və necə eşitdim? Bir anlığa həmin günlərə qayıdıram. Universitetdə tələbə olduğum illər idi. Yataqxanada tələbə yoldaşlarımla söhbət edirdik. Bu vaxt filologiya fakültəsinin beşinci kursunda oxuyan Teyyub əlində qəzet salamsız-kalamsız otağa daxil oldu. Görünür, maraq dolu həyəcandan salam verməyi də unutmuşdu. Yeri gəlmişkən, deyim ki, Kürdəmirin Karrar kəndindən olan Teyyub Sosialist Əməyi Qəhrəmanı Gülbuta Orucovanın qardaşı idi. Akademik Ağamusa Axundov bilikli, savadlı tələbə olduğu üçün Teyyubun xətrini çox istəyirdi. Nə isə... Dediyim kimi, Teyyub otağa daxil oldu və qəzeti göstərərək birbaşa mənə üz tutub dedi: Oxumusan? Bu qəzetdə həmyerlimiz İkram Kərimov haqqında yaxşı bir yazı verilib.
Dedim: Yox, oxumamışam.
O, yarızarafat-yarıcıddi dedi: Oxumamısan, çox nahaq. Sən jurnalistsən, gərək bu yazını bizdən qabaq oxuyasan.
Qəzeti Teyyubdan alıb, dərhal sərlövhəyə baxdım: "Mühüm işlər müstəntiqi". Məqalə ilə bir yerdə İkram Kərimovun şəkli də verilmişdi. Teyyuba razılığımı bildirib dedim: Çox sağ ol, qoy qəzet qalsın məndə, oxuyaram. O isə dedi: Elə indi oxu, qəzeti aparacam...
Digər tələbə yoldaşlarım da eşitsinlər deyə qəzeti ucadan oxumağa başladım. Axırda da yazının müəllifi Mürşüd Dadaşovun adını çəkdim. Yazıya qulaq asan tələbələrdən kimsə dedi: Mürşüd Dadaşovdan nə əcəb? O ki, tərifli yazılar yazan deyil. Dedim: Yaxşı fakt olanda onu hər kəs yazmaq istəyir...
O vaxtlar "Azərbaycan gəncləri" ən çox oxunan, nüfuzlu qəzetlərdən idi. Həmin qəzetdə İkram Kərimov haqqında dərc olunmuş məqalə həmyerli kimi məndə böyük qürur hissi oyatdı və onu qiyabi olaraq tanıdım. Fəxr etdim ki, doğma Kürdəmirimizin belə layiqli yetirmələri var... O vaxtdan nə az, nə çox, 46 il keçib. İndi isə İkram müəllimin yazdığı kitabı oxuyuram. Kitabı nə şair, nə də yazıçı yazıb, bu kitabı məhz İkram Kərimov kimi ixtisasca hüquqşünas olan istedadlı bir qələm sahibi, sinəsi, yaddaşı bir-birindən maraqlı xatirələrlə dolu olan nəcib və xeyirxah ziyalı yazıb.
Dövləti, cəmiyyəti qanunlar idarə edir. İnsanların hüquqlarını qanunlar qoruyur. Odur ki, dərin minnətdarlıq hissi ilə deyirəm: Qanun keşikçiləri, qanunun aliliyini qoruyanlar ən böyük hörmətə və ehtirama layiqdirlər. Doğrudur, çox adam oxuyub hüquqşünas ola bilər, amma heç də hər kəs bu müqəddəs işin əsl xiridarı və cəfakeşi ola bilməz, bu ağır işin öhdəsindən gələ bilməz. Burada söhbət əsl peşəkarlıqdan gedir, ömrünü, həyatını, bilik və təcrübəsini bu yola sərf edən fədailərdən gedir. Mən bu həqiqəti istedadlı hüquqşünas İkram Kərimovun nəfis şəkildə, gözəl tərtibatla çapdan çıxmış "Zirvədən zirvəyə" adlı məzmunu çox maraqlı olan kitabını oxuyarkən bir daha yaxından hiss etdim. 12 fəsildən ibarət olan 754 səhifəlik kitabda müəllif öz məram və məqsədini bildirməklə yanaşı, doğulub böyüdüyü Kürdəmir haqqında, onun yetirdiyi şəxsiyyətlər barədə, eləcə də bu məkanın tanınmış ziyarətgahları barədə maraqlı məlumatlar verir. Müəllif kitabına Kürdəmirin məşhur övliyası, öz kəramətləri ilə möcüzələr yaratmış Abdul baba ilə başlaması, həmçinin, Kürdəmir torpağının yetirməsi dünya şöhrətli Şeyx Mövlana İsmayıl Əfəndidən söhbət açması rəmzi məna daşıyır.
Müəllif kitabda Kürdəmirlə bağlı, babaları və nənələri, orta məktəb və tələbəlik illəri, səyahətləri, müstəntiq olduğu dövrlər barədə ətraflı söhbət açır. Valideynləri ilə əlaqədar yazıları da kitabda xüsusi yer tutur.
Kitabı sevdirən, həvəslə oxutduran həm də budur ki, o, vaxtı ilə adını eşitdiyimiz, qanunun və dövlətçiliyin qorunmasında böyük əmək sərf etmiş məşhur şəxsiyyətlər haqqında, onların şərəfli həyat və fəaliyyəti barədə maraqlı xatirələr söyləyir. Bu, həm də savab bir işdir. Axı, xatırlamaq, yada salmaq dünyasını dəyişmiş insanların ruhlarını şad etmək deməkdir. Bu isə ən böyük xeyirxahlıqdır.
Vaxtı ilə onunla bir yerdə çalışmış, yaxud da bir hüquqşünas kimi qazandığı uğurların xoş sorağını eşitmiş, onunla bir həmkar kimi təmasda olmuş şəxslərin İkram Kərimov haqqında söylədikləri fikirlər son dərəcə səmimi olmaqla kitabda öz geniş əksini tapmışdır. Onlardan bəzilərini oxucuların diqqətinə çatdırmaq istəyirəm.
Razim Cəfərov, tələbə yoldaşı: "İkram mənəviyyat adamıdır. Onun dostluğu da, ürəyi də, diqqəti də böyükdür".
Ələddin Sultanov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ağsaqqal hakimi: "Xarakteri ona ulu Tanrının bəxşişidir. Onun mövqeyinin əksinə heç kim çıxa bilməzdi. Qarşısına məqsəd qoyurdu ki, təqsirli hesab etdiyi şəxs heç vaxt əziyyət çəkməsin. O, başladığı işi yuxuda da planlaşdırırdı, cinayətin həlli üçün yollar axtarırdı. Hər adam rəhbər vəzifədə işləyə bilər, lakin hər adam müstəntiq işləyə bilməz. Onun vəzifəsi böyüdükcə qəlbi bir az da yumşalırdı, mədəni səviyyəsi daha da yüksəlirdi. Onun böyüklüyü ondadır ki, harada işləməsindən asılı olmayaraq, bütün işçilərinə öz peşəkarlığını öyrədir. Elə bu günün özündə də həmkarları ilə bu cür təmasdadır. Onun məhkəmə və prokurorluq səviyyəsində gördüyü işlər canlı bir tarixdir. İkram Kərimov əvəzi olmayan dövlət adamıdır".
İbrahim Quliyev, hüquq elmləri doktoru: "Möhtərəm Prezidentimiz İlham Əliyev İkram Kərimova "Əməkdar hüquqşünas" fəxri adını verdiyi sərəncamda heç kim üçün işlətmədiyi belə bir ifadə işlətdi: "Hakim vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə". Ulu öndərimiz onu şəxsən tanıyırdı. Saflığına, təmizliyinə inanırdı, ona daim etimad göstərirdi. İlham Əliyev də ona yüksək etimad bəsləyib. Harada quruculuq işləri zəruridisə, ora göndərib. Hüquqşünaslar arasında belə bir fikir formalaşıb: "Nəzəri və praktiki hüquq elmində İkram Kərimov məktəbi".
Hadi Rəcəbli, Milli Məclisin Komitə sədri: "O, öz ağlı və zəkası ilə hüquqşünaslar arasında, mən deyərdim ki, dünya hüquqşünasları arasında ən yüksək yerlərdən birini tutur".
Bəhram Zahidov, Azərbaycan MEA Fəlsəfə və hüquq institunun direktor müavini, hüquq elmləri doktoru, professor: "İkram müəllim ədalətin simvolu kimi gənclərimizə bir örnəkdir".
Fərhad Abdullayev, Respublika Konstitusiya Məhkəməsinin sədri: "İkram müəllimin istintaq işləri o qədər məharətlə, incəliklə, peşəkarlıqla, səliqə- sahmanla işlənib hazırlanmışdı ki, heyran qalmamaq mümkün deyildi. Deyərdim ki, o, sanki bir sənət əsəri yaratmışdı. Cəsarətlə deyirəm ki, həmin cinayət işlərini dünyanın ən tələbkar, necə deyərlər, "İynə ilə gör qazan" mütəxəssislərinin müzakirəsinə versən də, onlar orada heç nə tapa bilməzdilər. İnamla deyə bilərəm ki, İkram müəllimin müstəntiqlik fəaliyyəti bu gün də öyrənilməli, təbliğ və tətbiq edilməli böyük bir məktəbdir. İkram müəllim bəlkə yeganə insandır ki, hüquq mühafizə sisteminin bütün sahələrində rəhbər vəzifələrdə yüksək bacarıqla və uğurla işləyib. O, müstəntiq işləyəndə adı SSRİ Prokurorluğu tərəfindən təsis edilmiş müstəntiqlərin "Qızıl kitabı"na daxil edilib. Ən ağır mürəkkəb dövrlərdə belə qanunun aliliyini, haqqı-ədaləti qoruyub saxlaya bilib. Bu gün respublikanın hüquq-mühafizə orqanlarının elə bir sahəsi yoxdur ki, İkram müəllimin yetirmələri orada çalışmasın. Ikram müəllim nəzəriyyə ilə təcrübənin vəhdətidir".
Nazim Əliyev, Daxili İşlər Nazirliyi Polis Akademiyasının rəisi, Polis general-mayoru: "Zəngin həyat təcrübəsi olan belə şəxsiyyətin özü dövrünün canlı tarixidir. O, istintaq sahəsində öz dəsti-xətti olanlardan biridir. Hamımız bilirik ki, rəhbərimiz Heydər Əliyev hələ Azərbaycan KP MK-nın birinci katibi olarkən İkram müəllimə inanırdı və ona etibar edirdi. Dövlət əhəmiyyətli cinayət işlərinin istintaqı ona həvalə olunurdu. Həmin işlər xarakterinə və mürəkkəbliyinə görə daim mərkəzi hakimiyyətin nəzarəti altında olub. İkram müəllim bu işlərin öhdəsindən peşəkarlıqla gəlməklə, respublika üçün əhəmiyyət kəsb edən qərarlar qəbul edib".
İlham Rəhimov, hüquq elmləri doktoru, Əməkdar hüquqşünas: "İkram Kərimovun keçdiyi həyat yolu insanlar üçün əvəzolunmaz məktəbdir və bu məktəbdən bəhrələnmək böyük sərvətdir".
Mahir Əhmədov, hüquq elmləri doktoru, professor: "İkram müəllim praktik hüquqşünas olsa da, heç vaxt nəzəriyyədən ayrılmayıb. Onun zəngin kitabxanası var. Onun hüquqi qanunvericilik aktlarına verdiyi şərhlərin dəqiqliyinə həmişə heyran olmuşam. İkram müəllimin ən ali insani keyfiyyətlərindən biri məhz hisslərini cilovlamağa bacarmasıdır. Bu, ona həmişə uğur gətirib. O, heç vaxt pedaqoq olmayıb. Ancaq onunla ünsiyyətdə olanda adamda belə bir təəssürat yaranır ki, o, ömrü boyu müəllim işləyib. Onunla təmasda olanda ondan həyatı, işləməyi, cəmiyyətdə ünsiyyət qurmağı öyrənirsən".
Kitabda İkram müəllim haqqında fəxrlə deyilən, ürəkdən gələn belə sözlər, fikirlər çoxdur. Deyirlər ki, onun peşəkarlığı, insani keyfiyəti, təmiz ürəyi, kövrək qəlbi neçə-neçə günahsızı şərdən, böhtandan xilas edib. Professor Mirdaməd Sadıqov İkram müəllimin şəxsiyyəti barədə çox aydın təsəvvür yaradır: "Onun hüquq-mühafizə orqanlarının ayrı-ayrı sahələrində rəhbər vəzifələrdə işlədiyi dövr xalqımızın həyatında mühüm tarixi hadisələrlə yadda qalıb. Ancaq o, bütün bu hadisələrdən alnıaçıq, üzüağ çıxıb. Rəhbərlik etdiyi orqanlarda qəbul edilən qərarlar xalqımızın tarixinə başucalığı gətirdi, bu gün də gətirir. Tək Xəlil Rzaya bəraət verilməsi mən deyərdim ki, ölkəmizin məhkəmə sisteminin, ədalət mühakiməsinin qürur mənbəyidir."
Onun həyat və fəaliyyəti bir məktəbdir. Onu haqlı olaraq "Əfsanəvi müstəntiq" adlandıranlar da var. Söylənilən fikirlərdə belə bir arzu və zərurət ifadə olunur ki, İkram müəllimin istintaq təcrübəsi tədris vəsaiti halında çap olunsun. Belə kitabdan müstəntiq ixtisasına yiyələnmək istəyənlər bəhrələnə bilərlər.
...İkram müəllimin mühüm işlər müstəntiqi olduğu vaxtlarda apardığı bəzi cinayət işlərinin epizodlarını əks etdirən yazılar kitabın ümumi məzmununa xüsusi zənginlik gətirir.
Qaynar tələbəlik illəri, yaxın-uzaq yerlərə etdiyi səyahətlər, müxtəlif insanlarla səmimi ünsiyyət... bütün bunlar kitabda verilmiş ayrı-ayrı yazılarda çox dolğun şəkildə öz əksini tapmışdır. Onları oxuduqca hiss edirsən ki, İkram müəllim daim oxuyub-öyrənməyə həmişə meylli olub. Həyatda fəal olmağa, çətinliklərə sinə gərməyə çalışıb, bu yolda ruhdan düşməyib, öz inamına, əqidəsinə və iradəsinə, bilik və bacarığına güvənib. Həyatın həmişə çətin yolları ilə addımlayıb. Bu yollar isə onu uğurlara aparıb. Haralarda olubsa, çalışıb ki, mənsub olduğu iş yerinin, bütövlükdə isə Azərbaycanın adını ucaltsın. Buna dair kitabda maraqlı faktlar var. O faktlar ki, təkcə Azərbaycanla deyil, hətta o vaxtlar əlçatmaz olan Moskva ilə, Kremllə, SSRİ prokurorluğu ilə, hətta xarici ölkə məkanları ilə bağlıdır.
Kitabı oxuyanda necə deyərlər, adamın bir gözü gülür, biri ağlayır. Çünki öz xatirələrində o, həm məzəli, həm də kədərli, faciəli əhvalatlardan söz açır. Bunlar oxucunu düşündürən məqamlardır.
Adətən həmişə işin xiridarını, əsl sənətkarını axtarırlar. İkram müəllim də öz işinin, peşəsinin ustası olduğuna görə ən çətin istintaq işlərinin həlli üçün həmişə onu axtarıblar. Biliblər ki, bu mürəkkəb işin öhdəsindən yalnız o gələ bilər. Hətta o vaxt müstəntiqlər arasında bu cür obrazlı ifadələr, təşbehlər dolaşırdı: "İkram müəllimin sadədən mürəkkəbə üsulu" və yaxud deyirdilər: "Əgər hadisə baş verən yerdə göydə quş uçubsa, İkram onu tapıb ondan da ifadə alar"... Odur ki, İkram müəllimin ağır cinayətlərin açılmasında, bu yolda son dərəcə hünər və cəsarətlə, can yanğısı ilə, vicdanının səsi ilə çəkdiyi əziyyətlərin hər birini zəhmətin zirvəsi hesab edirəm. Mənə görə kitabın adındakı "zirvə" də məhz bunlardan ibarətdir.
Maraqlı faktdır ki, İkram müəllim bir il işləməmiş birbaşa SSRİ Baş prokuroru R.A.Rudenkonun rəsmi təşəkkürünü alıb. Bu isə heç də hər kəsə müyəssər olmayan yeganə və müstəsna hal idi.
Müəllif kitabında müstəntiqlik sənətini digər peşələrlə ustalıqla, oxunaqlı bir tərzdə müqayisə edir, müəyyən paralellər aparır. Daha dəqiq desəm, müstəntiqin səhvini sürətlə gedən qatarın relsdən çıxmasının nə kimi fəsadlar törədəcəyi ilə müqayisə edir və bu da oxucuda çox aydın təsəvvür yaradır. O, bu gün də öz bilik və təcrübəsini, məsləhət və tövsiyələrini gənclərdən əsirgəmir.
Məndən soruşsalar ki, bu kitabı oxuyub ondan nə öyrəndin, nə götürdün?
Bu qənaətə gəldim ki, zirvələr uca olsa da, onların arasındakı məsafə, zirvədən zirvəyə gedən yollar, sən demə, çox qısa imiş...
Nəhayət, bir məqamı da qeyd etmək istəyirəm. İkram müəllim ilk kitabını mənə verəndə dedi: Mən nə jurnalistəm, nə də yazıçıyam. Ömür boyu hüquq dili, hüquq uslubu ilə işləmiş adamam. Odur ki, xahiş edirəm, istər məzmunda, istərsə də yazılışda aşkar etdiyiniz qüsurları üzürlü sayasınız... Mən o məqamda heç nə demədim. Kitabı oxuyub qurtarandan sonra deyirəm: İkram müəllim, Siz təkcə isdedadlı hüquqşunas deyilsiniz, həm də yaxşı jurnalistsiniz, yaxşı yazıçısınız. Bu sözləri fəxrlə deyirəm. Sizə uğurlar arzulayır və yeni kitablarınızı görmək ümidi ilə...
Tofiq ABDULLAYEV
yazıçı-publisist