Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Abşeron rayonunun Məmmədli kəndindəki "Göy qurşağı" yaşayış kompleksində yeni binalardan aldığı 145 mənzili şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edib.
Nazirlikdən verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin tapşırığı əsasında sosial cəhətdən həssas qruplara diqqət və qayğının artırılması, habelə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin mənzillə təminatı işlərinin ildən-ilə gücləndiyini vurğulayıb.
Nazir müavini bildirib ki, dövlət başçısının avqustun 2-də imzaladığı sərəncamla şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılması 2018-ci ildə həmin kateqoriyalardan olan insanlara nəzərdə tutulduğundan 2,8 dəfə çox olmaqla 600-ə yaxın mənzilin təqdim edilməsinə imkan verib.
V.Nəsirli qeyd edib ki, hazırda verilən mənzillər də daxil olmaqla şəhid ailələrinə və əlilliyi olanlara bu günədək təqdim edilən mənzillərin sayı 6123-ə çatır. Onlardan 5,7 minə yaxını ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə fiziki salamlıqlarını itirmiş insanlar və şəhid ailələridir. Bu ay ərzində Bakı və Abşeronda yeni mənzillərin, İmişlidə 54 mənzilli, Şamaxıda 36 mənzilli yaşayış binalarının, ayrı-ayrı rayon və şəhərlərdə də tikintisi başa çatan fərdi yaşayış evlərinin istifadəyə verilməsi planlaşdırılıb.
Nazir müavini qeyd olunan kateqoriyalara aid insanlara digər sahələrdə də göstərilən dövlət qayğısından, eyni zamanda, Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı fərmana əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsindən bəhs edib, yeni mənzillə təmin olunan əlil və şəhid ailələrinə xoş arzularını bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev müharibə əlilləri və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması, sosial təminatlarının gücləndirilməsi məqsədilə aparılan işlərin, müharibə əlilləri və şəhid ailələrinin mənzillərlə təmin edilmələrinin, eyni zamanda, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin verilməsinin ümumən cəmiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıb.
Yeni mənzillərlə təmin olunan vətəndaşlar ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərdən razı qaldıqlarını vurğulayıblar.
Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli şəkildə paylanması həyata keçirilib.
C.ABASOV