Dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli, mənəvi varlığını, mövcudluğunu qoruyub saxlayır. Ona görə də ana dili hər bir xalqın qürur mənbəyidir. Tarix boyu başı min cür bəlalar çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da, öz ana dilini qoruyub saxlaya bildi.
Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirilir.
Ulu öndərin "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm" müdrik kəlamı ana dilimizə olan məhəbbət və hər bir soydaşımız üçün örnəkdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan dili siyasəti çox geniş mənası, elmi-konseptual əsasları ilə, əslində, Azərbaycanı xilasetmə yolunun mühüm tərkib hissəsi idi.
Bu gün Muxtar Respublikada da dil siyasəti uğurla icra olunur.
Filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın "Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası" monoqrafiyası da bu siyasətin uğurlarındandır. Kitab AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin 31 may 2018-ci il tarixli 07/11 nömrəli (pr. № 7) qərarı ilə çapa məsləhət görülüb.
Monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevdir. Əsərdə Naxçıvanın ayrı-ayrı rayonlarında işlənən və ədəbi dilimizdə mövcud olmayan leksemlər-bitki adları, adət-ənənə ilə bağlı sözlər, yemək adları, geyim adları, xalçaçılıqla bağlı işlənən leksik vahidlər, qohumluq münasibəti bildirən sözlər, çörəkbişirmə prosesi ilə bağlı sözlər, əkinçilik və heyvandarlıq terminləri araşdırılıb. Dil tariximizin öyrənilməsində əhəmiyyətli rolu olan bu tərz ifadələr həm də dilimizin zənginliyinin ən bariz nümunəsi kimi diqqəti cəlb edir.
Monoqrafiyaya yazdığı əhatəli və sanballı ön sözdə AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev qeyd edir ki, "Filologiya üzrə fəlsəfə doktoru Nuray Əliyevanın "Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası" monoqrafiyası dialektologiyamızda bir ilkdir. Naxçıvan dialekt və şivələrinin lüğət tərkibində elə sözlərə rast gəlirik ki, onlar vaxtilə Azərbaycanın qədim yazılı abidələrində işlənmiş, daha sonra ədəbi dilimiz üçün arxaikləşmiş, lakin dialekt və şivələrin leksikasında mühafizə olunmuşdur".
Monoqrafiyada xalqımızın qədim məşğuliyyət sahələri ilə bağlı Naxçıvan dialekt və şivələrində işlənən regional xarakterli dil vahidləri - dialektizimlər hərtərəfli araşdırmaya cəlb olunub. Giriş, beş fəsil, yarımfəsillər və nəticədən ibarət olan monoqrafiyanın geniş və sanballı ədəbiyyat siyahısı da diqqəti cəlb edir. Görünür ki, müəllif bu əsəri ərsəyə gətirmək üçün çoxşaxəli araşdırma aparmış, xalqın dilinə müraciətlə kifayətlənməmiş, mövzu ilə əlaqəli çox sayda elmi tədqiqat əsəri də mütaliə etmiş, mənbələrə müraciət etmişdir.
Monoqrafiyanın nəticə hissəsində qeyd olunur ki, "Naxçıvan Azərbaycanın ən qədim insan yaşayış məskənlərindən biridir. Naxçıvan dialekt və şivələrinin özünəməxsus, həm ədəbi dilimizdən, həm də digər dialekt və şivələrimizdən fərqlənən xüsusiyyətləri var.
Tədqiqat əsərinin nəticəsində ortaq türk dili ilə bağlı araşdırılıb əldə olunan nümunələr son dərəcə maraqlıdır. Yazılı abidələrimizdə müşahidə olunan, müasir türk dillərində ədəbi dil, dilalekt və şivə səviyyəsində işlənən bu cür vahidlərin etimoloji izahı monoqrafiyanın aktuallığını və elmi yükünü daha da artırıb.
Tədqiqat bir daha göstərdi ki, Naxçıvan dialekt və şivələrində elə sözlər var ki, onlar ədəbi dilimizdən fərqlidirlər, bu da qədim Naxçıvanımızın özünəməxsusluğunun ən bariz nümunəsidir.
Ulu öndər Heydər Əliyevin də dediyi kimi: "Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur".
Nərgiz İSMAYILOVA
Filologiya üzrə fəlsəfə doktoru