Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanın siyasi rəqbilərini qarşı başlatdığı təqiblər uzun müddətdir ki, müzakirə mövzusudur.
Opponentlərini həbs edirməklə mövqeyini gücləndirməyə çalışan erməni baş nazirin verdiyi radikal qərarlar barədə mətbuatda dəfələrlə xəbər verilib. Lakin fəaliyyətini demokratiya, insan hüquqlarının müdafiəsi üzərində qurduğunu bəyan edən əksər beynəlxalq təşkilatlar, o cümlədən, Avropa Parlamenti Ermənistanda baş verən hadisələrə biganə yanaşır. Bununla onlar Paşinyana öz dəstəklərini göstərir, atdığı radikal addımlara haqq qazandırırlar. Elə bu günlərdə Ermənistanın "Nubaraşen" həbsxanasında baş verən hadisə bunu bir daha təsdiq edir. Qondarma ittihamla həbs olunan "Ermənistan qartalları - Vahid Ermənistan" partiyasının sədr müavini, "Haynews.am" saytının rəhbəri Mqer Yeqiazaryan keçirdiyi 44 günlük aclıq aksiyası nəticəsində həyatını itirib.
Erməni mətbuatının məlumatına görə, yanvarın 26-da, saat 06:15 radələrində Ermənistan Respublikası Ədliyyə Nazirliyinin adıçəkilən həbsxanasına 1968-ci il təvəllüdlü məhbus M.Yegiazaryanın sağlamlığının kəskin pisləşməsi səbəbindən təcili yardım çağırılıb. 20 dəqiqə sonra onun bioloji ölümü qeydə alınıb.
Qeyd olunub ki, M.Yegiazaryan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən ötən ilin dekabr ayında dələduzluğa və hərbçilərdən pul qoparmaq ittihamı ilə həbs edilmişdi. Qondarma ittihamla həbs olunduğuna görə, o, ötən ilin dekabrın 5-də aclıq aksiyası elan etmişdi.
Siyasi məhbusun ölümündən sonra oğlu Vazqen Yeqiazaryan Ermənistanın baş naziri və parlamentin bir qrup deputatına açıq məktub ünvanlayaraq, onları atasının ölümünə bais olmaqda günahlandırıb. O, Paşinyanın Mqer Yeqiazaryanı siyasi səbəblərlə həbsə atdırdığını deyib: "Nikol Paşinyan, sizin bu cinayət işinə müdaxilənizin səviyyəsini biz, yəqin ki, sonadək tam bilməyəcəyik. Amma siz "nə olursa-olsun, bu adamı həbsə atmaq lazımdır" prinsipi ilə çıxış edərək davranmısınızsa, onda diləyirəm ki, mənlə qardaşımın və anamın çəkdiyi bütün əzablar sizin həyat yoldaşınız və oğlunuzun da başına gəlsin və onlar da eyni təcrübəni yaşasınlar. Unutmayın ki, icraçılar şəxsən sizə yox, sizin vəzifənizə, kreslonuza tabedirlər. Bu kreslo isə bu gün sizdədir, sabah isə..."
Ayrı-ayrı vaxtlarda antiazərbaycan xarakterli hesabatlar hazırlayan, qətnamə layihələri qəbul edən qurumlar bu məsələdə nədənsə susmaq qərarı veriblər. Halbuki fəaliyyətini obyektiv əsaslarla quran təşkilatlar dini və etnik mənsubiyyət amilini, siyasi və iqtisadi maraqları kənara qoyub ədalətli mövqe ortaya qoymalı idi. Ancaq sifarişli qərarlar qəbul etməyə vərdiş edən bəzi avroparlamentarilər, eləcə də digər beynəlxalq təşkilatların ermənipərəst üzvləri fəaliyyətlərini ikili standartlar üzərində qurduqlarını əməlləri ilə sübut etməkdədirlər. Bu mənada Corc Sorosun təsiri altında olan avroparlamentari Rebekka Harmsın (Almaniya, Yaşıllar qrupu) antiazərbaycan qətnamənin qəbulunda göstərdiyi fəallığı M.Yeqiazaryanla bağlı məsələdə ortaya qoymaması başadüşüləndir. Çünki Ermənistanda hakimiyyəti ələ keçirən N.Paşinyan da Sorosun himayədarlıq etdiyi fiqurlardandır. Yəni ortaq maraqlara xidmət edən bu iki şəxsin bir-birinə qarşı çıxması Sorosa "xəyanət" olardı.
Məsələ ilə bağlı fikirlərini bildirən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov qeyd edib ki, İrəvanın "Nubaraşen" təcridxanasında aclıq aksiyası keçirən jurnalist, siyasi fəal Mqer Yeqiazaryanın ölməsi ilə bağlı Avropa Parlamentinin və digər beynəlxalq təşkilatların susqunluğu iki standartların nümunəsidir. O, "Trend"ə bildirib ki, bu, söz və vicdan azadlığına, demokratik cəmiyyətin əsas prinsiplərinə qəsd hesab olunmalıdır: "Lakin indiyə qədər Avropa Parlamenti bu məsələ ilə bağlı nə bəyanat, nə də açıqlama verib. Avropa Parlamentinin bu susqunluğuna, biganəliyinə necə qiymət vermək olar? Bunun bir adı var - ikili standart. Görünür, Avropa Parlamentinin hələ də Ermənistana tərəf baxan gözü görmür".
Deputat vurğulayıb ki, Azərbaycanla bağlı məsələlərdə isə Avropa Parlamenti nədənsə çox ciddi narahat olur, ardıcıl bəyanatlar, qərəzli açıqlamalar verir: "Ermənistanda bir jurnalisti, siyasi partiyanın rəhbər şəxsini görün hansı şəraitdə saxlayıblar. O, aclıq elan etsə də, əhəmiyyət verməyiblər və özləri qəsdən onun ölümünə şərait yaradıblar. Avropa Parlamenti niyə susur? Bu onu göstərir ki, hələ də beynəlxalq təşkilatlarda ikili standartlar hökm sürür. Çox təəssüf edirəm. Hesab edirəm ki, biz hamımız Avropa Parlamentinin bu əməlini qınamalıyıq, bununla bağlı müraciətlər ünvanlamalıyıq. Hətta fevralın 1-də Milli Məclisin plenar iclası zamanı bu barədə müzakirələr təşkil etməliyik və Avropa Parlamentinə məktub ünvanlamalıyıq, sual verməliyik ki, onlar bu ikili standartlardan nə zaman əl çəkəcəklər".
Deputat Aydın Mirzəzadə isə qeyd edib ki, təqribən eyni vaxtda regionda iki hadisə baş versə də, buna fərqli münasibət göstərilir. O, SİA-ya bildirib ki, vətəndaşın hüquqlarını qoruyan ölkəyə - Azərbaycana qarşı siyasi səlib yürüşü təşkil edilir, digər ölkədə - Ermənistanda baş verənlərə isə adi hadisə kimi yanaşılır: "Nədənsə Avropa Parlamenti xüsusi iclas keçirmir, avroparlamentarilər Ermənistanı siyasi qətllərdə günahlandırmırlar, AŞPA bununla bağlı qətnamə qəbul etməyə tələsmir, Fransanın xarici işlər naziri bununla bağlı narahatçılığını ifadə etmir".
Deputat hesab edir ki, baş verənlər ikili standartlar siyasətinin bariz təzahürüdür. Müstəqil siyasət yürüdən Azərbaycanın vaxtaşırı təzyiqlərə məruz qaldığını deyən A.Mirzəzadə qeyd edib ki, bəzi xarici dairələr demokratiya, insan hüquqlarından siyasi maraqlarına uyğun istifadə edirlər.
Milli Məclisin Avropa Parlamentinə bununla bağlı etiraz məktubu göndərməyə ehtiyac olmadığını deyən deputatın sözlərinə görə, şübhəsiz ki, gələcəkdə Avropa Parlamenti və ya ölkəmizdə süni sürətdə siyasi problem yaratmaq istəyən qüvvələrlə təmasda bu faktı dəfələrlə qabardacağıq: "Onların ikili siyasət yürütdüyünü arqument kimi kənarda saxlamaq niyyətində deyilik".
Ceyhun ABASOV