Prezident İlham Əliyev şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir mühüm addım atıb.
Dövlət başçısı dünən hər bir şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləğinin artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilməsiylə bağlı sərəncam imzalayıb. Bu, son 3 gün ərzində ölkə rəhbərinin bu istiqamətdə imzaladığı üçüncü sənəddir.
Əvvəlcə, yanvarın 28-də Prezident İlham Əliyevin imzaladığı yeni fərmanla birdəfəlik ödəmə almaq hüququ verilən şəhid ailələrin əhatə dairəsi genişləndirilib. Dövlət başçısının növbəti humanist təşəbbüsü ilə əlavə olaraq 2264 şəhid hərbi qulluqçu və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmə veriləcək. Bu fərmanla birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır.
Dövlət başçısının həmin gün Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlərin görülməsi haqqında sərəncam da imzalayıb.
Sənədə əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə 35 milyon manat vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb. Sənəddə əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasının ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biri olduğu qeyd edilib. Bildirilib ki, son illərdə ölkəmizdə əhalinin, xüsusilə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi, bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilib və bu istiqamətdə işlər uğurla davam etdirilir.
Ötən dövrdə bu kateqoriyalardan olan vətəndaşlara 6654 mənzil təqdim edilib, o cümlədən, 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil verilib. 2019-cu ildə isə həmin vətəndaşlara azı 800 mənzilin təqdim olunması nəzərdə tutulur.
Prezident Sarayında şəhid ailələri ilə görüşən dövlət başçısı keçən ilin aprel ayında seçkilərdən sonra imzaladığı ilk fərman barədə danışıb, aparılan müvafiq araşdırmalar nəticəsində vaxtilə müavinəti alan ailələrə təqdim olunan vəsaitin həcminin hazırkı ödəmədən kifayət qədər az olması əsas götürülərək onların da bu hüquqa yiyələnməsinə qərara verdiyini bildirib: "Keçən ilin aprel ayında Azərbaycan xalqı bir daha mənə etimad, inam göstərdi, məni prezident vəzifəsinə seçdi. Mənim birinci fərmanım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı idi. Təbii ki, bu, təsadüfi deyil. Mən istənilən sahə üzrə fərman imzalaya bilərdim. İqtisadi sahə üzrə, xarici siyasət, sosial məsələlərlə bağlı. Ancaq mən hesab etdim ki, birinci fərman şəhid ailələri ilə bağlı olmalıdır. Bu fərman əsasında 10 minə yaxın şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulur... Mən heç bir ölkə ilə Azərbaycanı müqayisə etmək istəmirəm, ancaq bu da həqiqətdir ki, Azərbaycan bir çox ölkələrə bu sahədə nümunə göstərir. Artıq ödəmə prosesi başlayıb. Mənə verilən məlumata görə, üç mindən çox şəhid ailəsi 11 min manatı alıb. Ancaq bu proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların aldıqları məbləğ bu gün verilən məbləğlə üst-üstə düşmür. Yəni o illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da, - o vaxt 50 min manat nəzərdə tutulurdu, - ancaq o vaxtın 50 min manatı bu günün 11 min manatı ilə heç də müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanun və qaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq, mən bu gün yeni fərman imzaladım. Bu fərman əsasında 11 min manatı alacaq vətəndaşların sayı 2725 nəfər artırıldı. Onların içərisində təbii ki, vaxtilə müavinəti az məbləğdə alan vətəndaşlardır və ümumiyyətlə, siyahıya düşməyən daxili işlər orqanları şəhid ailələrinin nümayəndələridir, onların da sayı 460-dan çoxdur".
"Təbii ki, bu, böyük vəsait tələb edir. Bu proqramın icrası üçün dövlət büdcəsindən ümumilikdə 135 milyon manat vəsait nəzərdə tutulur. Bu, kifayət qədər böyük məbləğdir. Biz çalışırıq ki, hər bir vəsaitə çox qənaətlə yanaşaq. Biz çalışırıq ki, bu gün ölkəmizin iqtisadi, sosial inkişafını şərtləndirən istiqamətlərə böyük dəstək verək. Ancaq mən həmişə demişəm ki, bizim üçün Azərbaycan vətəndaşlarının rifahı, onların dolanışığı başlıca vəzifədir. Ona görə bu qərarın qəbul edilməsi, ilk növbədə, ədalətlidir və digər tərəfdən, prezidentin fərmanından sonra bu, artıq rəsmi sənəd olaraq qüvvəyə minir. Bu iki amili biz təmin etmişik", - deyə ölkə rəhbəri qeyd edib.
Mövzu ilə bağlı fikirlərini bildirən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyev şəhid ailələrinin daim dövlətin diqqət mərkəzində olduğunu bir daha göstərib. O, "Trend"ə bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu dövlət siyasətinin mərkəzində insan, vətəndaş amili dayanır: "Atılan bütün addımlar, reallaşdırılan innovativ islahatlar insanların sosial rifahının daha da yaxşılaşdırılmasına, sosial müdafiəsinin etibarlı şəkildə təmin edilməsinə istiqamətlənib. Son illər Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara diqqət yetirsək, onların əksəriyyətinin sosial xarakterli olduğunu görərik. Şəhid ailələrinə diqqət və qayğı isə dövlət başçısının xüsusi olaraq nəzarətindədir. Elə bunun nəticəsidir ki, indiyə qədər bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil, 2018-ci ildə isə 626 mənzil verilib. Bu il, həmiçinin, bu kateqoriyadan olan vətəndaşlara azı 800 mənzilin verilməsi planlaşdırılır".
V.Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə şəhid ailələri ilə görüşü onlara olan diqqət və qayğının bariz nümunəsidir: "Görüşdə çıxış edən prezidentin bəyan etdiyi "Azərbaycan xalqına xidmət etmək mənim üçün böyük şərəfdir. Prezident kimi həmişə çalışmışam ki, xalqıma ləyaqətlə xidmət edim, Azərbaycanın hərtərəfli inkişafına təkan verim" fikirləri xalqa xidmət nümunəsinin parlaq təzahürüdür. Dövlətimizin başçısı bununla bir daha hər bir azərbaycanlının prezidenti olduğunu sübut edib, şəhid ailələri və bu kateqoriyadan olan insanların daim dövlətin diqqət mərkəzində olduğunu göstərib. Hesab edirəm ki, bu amil xalq-iqtidar, xalq-prezident birliyini daha da möhkəmləndirir, onu daha güclü və sarsılmaz edir".
Baş redaktor vurğulayıb ki, bugünlərdə Azərbaycan prezidentinin ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında imzaladığı növbəti sərəncam bu kateqoriyadan olan insanlar, eyni zamanda, xalq tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanıb: "Sərəncama əsasən, ərazi bütövlüyümüz, müstəqilliyimiz və konstitusiya quruluşumuzun müdafiəsi ilə bağlı əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsinə 35 milyon manat ayrılıb. Bu, doğrudan da böyük diqqət, qayğıdır. Düşünmürəm ki, dünyanın hansısa ölkəsində vətəndaşa bu qədər qayğıkeş münasibət olsun. Hesab edirəm ki, prezidentin atdığı növbəti humanist addımlar onun xalqın qəlbindəki yerini daha əziz, əvəzedilməz edir, dünyaya əsl dövlət başçısı nümunəsini göstərir".
Ceyhun ABASOV