|
|
|
|
"ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycan prezidentinə telefon zəngini təsadüf saymıram. Con Bolton bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyana zəng etmişdi. Doğrudur, Paşinyan telefon danışığından sonra rəqiblərini sakitləşdirmək üçün and-aman etdi ki, Bolton onu yalnız baş nazir seçilməsi münasibətilə təbrik edib, başqa söhbət olmayıb, yəni Qarabağdan danışmayıblar. Ancaq Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, Con Bolton İlham Əliyevlə bir sıra mövzularla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesini müzakirə edib. Bu o deməkdir ki, həmin mövzu Paşinyanla da müzakirə edilib, sadəcə Ermənistanın baş naziri "Qarabağ klanı"ndan ehtiyat etdiyi üçün bu haqda açıqlama verməyib. Bunların üzərinə ABŞ milli kəşfiyyatnın rəhbəri Deniel Koutsun bir neçə gün əvvəl Rusiyanın müdaxiləsi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlana biləcəyi ilə bağlı açıqlamasını da əlavə etsək, ABŞ-ın bölgə ilə bağlı hərəkətə gəldiyini söyləmək olar".
Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O hesab edir ki, ABŞ hazırda dünyanın hər yerində Rusiyanın maraqları ilə mübarizə aparır: "İki dövlətin son toqquşduğu məkan Venesuelladır. Birləşmiş Ştatlar Venesuella prezidenti Nikolas Maduronu devirmək istəyən qüvvələri dəstəkləyir, Moskva isə əksinə, hazırkı prezidentdən ikiəlli yapışıb. Suriyada da işlər yaxşı getmir. Amerika Suriyadan çıxmaq istəyir, ancaq Rusiyanın bu ölkəyə tam hakim olmasını da istəmir, bunu əngəlləmək üçün yollar arayır. Ukrayna uğrunda mübarizə də davam edir. Görünür, tədricən növbə Cənubi Qafqaza çatır. Mümkündür ki, Dövlət Departamenti, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi birlikdə Cənubi Qafqazla bağlı yeni strategiya hazırlayıblar və bu strategiyanın ana xətlərindən biri Rusiyanın bölgədəki təsirlərinin azaldılmasına yönəlib. Ona görə də Vaşinqtondan Bakıya və İrəvana zənglərin sayı artıb".
Politoloqun sözlərinə görə, mümkündür ki, ABŞ Rusiyanın Avrasiya bölgəsindəəki mövqelərinin sıxışdırılması üçün regional münaqişələrin həllindəki fəallığını artıracaq: "Məsələn, Vaşinqton görəndə ki, Rusiya təmsilçiləri Əfqanıstanda Taliban hərəkatı ilə gizli təmaslara başlayıblar, vəziyyəti dəyişməyə çalışıb. Taliban təmsilçiləri amerikalı diplomatlarla Qətərdə görüşür və çalışırlar ki, hansısa razılığa gəlsinlər".
Mərkəz sədri qeyd edib ki, ABŞ 2000-ci ildən bu yana Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusi fəallıq nümayiş etdirməyib: "Amerika ərazisində Azərbaycan və Ermənistan prezidentlərinin sonuncu görüşü 19 il əvvəl olub. Görünür, Vaşinqtonda yenidən bu mövzuya qayıtmağı lazım bilirlər. Prezident Donald Trampdan olsaydı, bizim bölgə ilə maraqlanmazdı. Ancaq Trampın güclü komandası var və Bolton kimi təcrübəli diplomat anlayır ki, heç bir bölgəni Rusiyaya bəxşiş vermək olmaz, bunun nəticəsi yaxşı olmur. Gürcüstan və Ukrayna buna misaldır".
E.Şahinoğlunun fikrincə, indi Vaşinqtondan tələb olunan Moskva və Paris görüşlərindən sonra Azərbaycan prezidenti ilə Ermənistanın baş nazirinin görüşünü Amerika ərazisində təşkil etməkdir: "Ancaq görüşün məzmunlu olması və tərəflərin mövqeyini bir-birinə yaxınlaşdırmaq üçün alt səviyyədə fəaliyyət başlamalıdır".
ABŞ Milli Kəşfiyyat rəhbərinin "Rusiya müharibəni alovlandıra bilər" mesajına gəldikdə isə politoloq bildirib ki, bu daha çox Bakı və İrəvana xəbərdarlıqdır ki, qonşunuzdan ehtiyatlı olun, o, sizinlə münasibətlərdə səmimi deyil.
Qeyd edək ki, yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən, enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.
C.ABASOV