İkinci Dünya Müharibəsinin yenicə başa çatdığı və SSRİ ilə ABŞ münasibətləri hələ çox isti olduğu dövrlərdə ABŞ səfirini qəbul edən SSRİ-nin o vaxtkı rəhbəri İosif Stalin hörmət və ehtiram əlaməti olaraq, ona başdan-başa ABŞ bayrağı və ABŞ atributlarıyla bəzədilmiş gözəl bir divar saatı bağışlayır.
Təbii ki, səfir qayıdandan sonra bu saatdan istifadəni qanunauyğun hesab eləmir və onu anbara atır. İllər keçir və ABŞ-ın bir neçə səfiri dəyişir. Soyuq müharibənin qızğın vaxtları səngimir... ABŞ-ın yeni təyin olunmuş səfiri anbara göz gəzdirərkən, ölkə atributlarıyla bəzədilmiş saatı görür və yerli istehsal hesab edərək, öz otağından asır. Bundan sonra gözlənilməz hadisələr bir-birini əvəz eləyir. ABŞ kəşfiyyatına məxsus gizli informasiyalar SSRİ tərəfinə ötürülməyə başlayır. ABŞ kəşfiyyatı uzun illər bu informasiya sızıntısının harada olduğunu öyrənmək üçün geniş araşdırmalar aparır və sonda məlum olur ki, "informasiya daşıyıcısı" Stalinin ABŞ səfirinə bağışladığı saat imiş... Məncə, bu tarixi ekskursun qəribəliyi Stalinin idarəçi bacarığı yox, iki səfir arasında diplomatik duyum fərqidir. Onlardan biri adicə bir addımıyla ölkəsini uçuruma aparırmış. Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avaqyanın abidəsi ucaldılanda nədənsə bu hadisəni xatırladım... Bu paralellik haqqında danışmamışdan öncə isə bəzi məsələlərdən mütləq danışmaq lazımdır...
Hər bir ölkənin rəsmi maraqlarını xaricdə onun diplomatik nümayəndəliyi təmsil edir. Xarici ölkələrə səfir göndərilənlər orada ilk növbədə Azərbaycanın tanıdılmasına səy göstərirlər. Həmin ölkələrdə yaşayan azərbaycanlıların problemləri ilə yaxından maraqlanır, öz ölkəsinin dövlətçilik ənənələrinin möhkəmləndirilməsinə çalışırlar. Son illlər Azərbaycan prezidenti İlham Əliyev Bakıda Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə geniş toplantılar keçirir, Azərbaycan üçün vacib olan məsələlər ətrafında fikir mübadiləsi aparır, lazımi tapşırıqlar verir. Təəssüflə qeyd edilməlidir ki, bəzi diplomatlar bu toplantılarda iştirak etməklə öz işlərini bitmiş hesab edirlər. Siyasi ekspertlər, millət vəkilləri, hökümət üzvləri vaxtaşırı bəzi iradlar səsləndirir və narahatlığı dilə gətirirlər. "Məktub aparıb gətirmək və ya digər işləri görmək fəaliyyət deyil" deyənlər də, "diplomatlar çalışdıqları ölkədə media ilə sıx münasibətlər qurmalı, jurnalistlər arasında onların çoxlu dostları olmalıdır" deyənlər də, "ermənipərəst ölkələrdə bizim səfirliklər erməni lobbisinin və ermənipərəst qüvvələrin açıqlamalarını neytrallaşdırmaq istiqamətində hansı işlər görürlər?" kimi sual verənlər də var. Bu fikirlərə xüsusi əlavəm yoxdur. Mənim fikrimcə, problem başqa yerdədir: yaradıcı yanaşma demək olar ki, yoxdu və təşəbbüskarlıq sıfır dərəcəsindədi. Yaxşı səfirlərimiz və diplomatlarımızın olduğuna inanıram, ancaq ətalət körükləmiş və tənbəlləşmiş durumla bir addım da irəli gedə bilməyəcəyik. Əksinə, geriləmə tendensiyası da baş verə bilər.
Ölkə başçısının başladığı iqtisadi, siyasi, struktur islahatlarından hər birimizin xəbəri var. Bu işlərdə ən böyük təzad odur ki, yuxarıdan başlanan innovativ ideyalar aşağıya doğru gəldikcə sanki ətalətlə üz-üzə qalır. Məsələ verilən müxtəlif tapşırıqları yerinə yetirməməkdə deyil, bəzən mənə elə gəlir ki, sadəcə məmurlarımız Azərbaycan prezidentinin yenilikçi sürətinə alışa bilmirlər. İndi bu amil xeyli düşündürücü və danışılası məqamdır.
Bütün bu inkişafın, yeniliyin fonunda diplomatik nümayəndələrdən də səs gəlməlidir. Diplomatlarımızın xarici siyasətdə oynadığı rol, atdığı addım ölkədəki müsbət dəyişikliklərlə harmoniya təşkil etməlidir. Yəni innovativ yeni siyasət sürətinə alışma mərhələsinə qədəm qoymaq lazımdır. Unutmaq olmaz ki, sadəcə diplomatik missiyanı başa vurmaq mərhələsi artıq arxada qalıb. İndi ildə bir-iki tədbir keçirməklə, uzun-uzadı çıxışlar etməklə siyasi vəziyyəti ölkəmizin xeyrinə dəyişə biləcəyimizi düşünmək öz-özlüyündə gülünc doğurur və bu, bunu düşünənin bilavasitə sadəlövhlüyündən xəbər verir.
Müntəzəm olaraq səfirlərin yerinin dəyişidirilməsi onları ətalətdən çıxarmaq, Azərbaycan diplomatiyasını canlandırmaq, ona mümkün olduğu qədər çeviklik gətirmək cəhdidir. Bu gün dünyada diplomatiya böyük təsir gücünə malikdir və təbii ki, bir çox məsələləri diplomatik yollarla həll etmək mümkündür. Hər uğursuz diplomatik gedişin arxasında bir səriştəsizlik, tələskənlik, qeyri-peşəkarlıq dayandığı kimi, son dərəcə operativlik, peşəkarlıq və təmkin də uğurlu diplomatiyanın vacib komponentlərindən bir neçəsidir.
Bu gün ölkəmizin bəzi diplomatik dairələrinin həddindən ziyadə ehtiyatlı göründüyünü söyləmək olar. Yəni bəzi diplomatlarımız ölkəmizin taleyüklü məsələrində lazım olduğundan artıq düşünürlər. Belə məsələlərdə çox düşünmək yerinə, yaranmış siyasi situasiyaya uyğun davranmaq, hadisələrə çevik reaksiya vermək və rəsmi Bakının mövqeyini vaxtında və yerində nümayiş etirmək vacibdir!
Buqaşen kəndində baş verən hadisələrə qayıdaq... Mənə maraqlıdır, görəsən, bu heykəlin təməli atılan zaman bizim Tiflisdəki diplomatlarımız nə işlə məşğul idilər?! Hesab edirəm ki, nəinki heykəlin təməli atılanda, hətta onun ideyası yarandığı zaman səfirliyimiz bu məsələdən dərhal xəbərdar olmalı idi.
Sərhəd qonşumuz Gürcüstan həmişə strateji baxımdan Azərbaycana yaxın olub. Odur ki, Gürcüstandakı səfirliyimizin də fəaliyyəti aktiv və göz qabağında olmalıdır. Təsəvvür eləyin, SOCAR xətti ilə müxtəlif infrastruktur layihələrin həyata keçirildiyi bir ölkədə, böyük ərazisində soydaşlarımızın yaşadığı qonşu Gürcüstanda bizə qarşı təxribat olub, biz isə hamı kimi bu haqda mətbuatdan oxuyuruq. Məncə, faciəli mənzərədir. "Susmaq qızıldır" prinsipini diplomatiyada tətbiq etmək fikrinə düşən Gürcüstandakı səfirliyimizin diqqətinə çatdırmaq lazımdır ki, indi susmaq yox, susdurmaq zamanıdır və biz bunu bacarmalıyıq!
Ötən il Ukrayna Azərbaycanlıları Konqresi ilə Ukrayna Azərbaycanlılarının Birləşmiş Təşkilatı birləşmək barədə qərar qəbul etdilər. Bu məsələdə Ukraynaya rəsmi səfər edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun bilavasitə rolu var idi. Bəs buna bənzər təşəbbüslə sonuncu dəfə Azərbaycanın hansı diplomatik nümayəndəlik rəhbəri çıxış edib? Bu sual ətrafında da yəqin ki, xeyli düşünmək lazımdır...
Bu gün hər bir ölkənin diplomatiyası onun siyasi inkişaf yolunu şərtləndirən ən mühüm amil kimi göstərilməlidir. Bu, ilk baxışdan qəribə səslənə bilər, ancaq xarici siyasətin həyata keçirilməsinin bir çox vasitələri olsa da, bunlardan ən əhəmiyyətlisi diplomatiyadır. Düşünürəm ki, Azərbaycan diplomatiyası hadisələri qabaqlamaq qabiliyyətini formalaşdırmalı, ölkəmizin potensialını, ortaya qoyduğu gücünü özündə əks etdirmə bacarığına malik olmalıdır. Hadisələrə çevik yanaşma diplomatlarımızın həyat tərzinə çevrilməlidir. Yalnız belə olan halda bütün hədəflərimizə nail ola biləcəyimizə inanıram.
Mən Stalinin saatını təsadüfən xatırlatmadım. İndi hamımız saat kimi işləməliyik və hər saniyənin böyük dəyişikliklər mərhələsinin başlanğıcı olduğunu anlamalıyıq...
Ruslan DOST ƏLİ
Xoca Əhməd Yasəvi Beynəlxalq Türk-Qazax Universiteti, Beynəlxalq münasibətlər fakültəsinin IV kurs tələbəsi