"Hər bir ölkədə gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin bütün həyatında aktiv iştirak edirlər".
Bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan Gəncləri Gününə həsr olunmuş təntənəli tədbirdə Prezident İlham Əliyevin gənclər qarşısında çıxışına münasibət bildirərkən deyib.
O bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir:
"2 Fevral Azərbaycan Gəncləri Günü də Ümummilli liderimiz Heydər Əliyevin gəncliyimizə böyük hədiyyəsidir, gənclərə dövlətin etimadının ifadəsidir. Hər il bu gün respublikamızda böyük coşğu ilə qeyd olunur. Fevralın 1-də Bakı Konqres Mərkəzində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2 Fevral Azərbaycan Gəncləri Gününə həsr olunmuş təntənəli tədbirin keçirilməsi də dövlətimizin gəncliyə olan diqqətinin bariz nümunəsidir.
Tədbirdə dövlətimizin başçısı parlaq çıxış etdi. Dövlətimizin başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il ulu öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğuladı. Prezident İlham Əliyev ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının qəbul olunduğunu, müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirdi, bölgələrdə Gənclər mərkəzlərinin, Olimpiya İdman Komplekslərinin açıldığını qeyd etdi.
Müstəqillik dövründə yaşamağın gənclər üçün böyük xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin başçısı ölkəmizin hərtərəfli inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin fəal üzvləri olduğunu dedi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan gəncləri peşəkar olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə almalıdırlar. "Haqlı olaraq gənclərimizlə fəxr edə bilərik", - deyən dövlətimizin başçısı şəhidlərimizin böyük əksəriyyətinin gənclər olduğunu vurğuladı və qeyd etdi ki, hər bir gəncin əsas vəzifəsi müstəqilliyimizi möhkəmləndirmək olmalıdır".
Prezidentin gənclərə verdiyi tövsiyələrdən danışan S.Orucov deyib ki, Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar.
Bilirsiniz ki, Azərbaycanda gəncliyin inkişafı ilə bağlı Dövlət proqramları da həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir. Eləcə də, gənclər daim irəli çəkilir, mühüm dövlət postlarına təyin olunurlar. Yəni dövlət idarəçiliyində, eləcə də seçkili orqanlarda gənclərin təmsilçiliyi artır. Həmçinin, müxtəlif sahələrdə uğurlar qazanan, Azərbaycanın adını yüksəldən gənclərimiz dövlət rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilirlər".
Onun sözlərinə görə, gəncliyin qarşısında dayanan əsas vəzifə bundan ibarətdir ki, onlar bilikli, yüksək təhsilli, vətənpərvər olmalı, dövlətimizin inkişafına və daha da güclənməsinə, müstəqilliyimizin qorunmasına böyük töhfələr verməlidirlər. Bu baxımdan, Azərbaycan gəncliyi dövlətin göstərdiyi etimadı layiqincə doğrultmalıdır. Gənclərimiz bu yolda inamla irəliləyir və gələcəkdə daha yüksək nəticələr əldə olunacaq".
O deyib ki, bu gün gənclərimiz sosial şəbəkələrdə çox fəaldırlar. Yeni Azərbaycan Partiyasının gənc üzvləri radikal müxalifət düşərgəsinə, eləcə də xaricdə oturub ölkəmizə qarşı qara piarla məşğul olan dairələrə sosial şəbəkələrdə tutarlı cavab verirlər. Onlar bizim gənclərimizin əsaslı faktları, arqumentləri qarşısında acizdirlər. Sadəcə, onlar maddiyat qarşısında xaricdən aldıqları sifarişləri hələ də icra etməyə cəhd göstərirlər.
Amma Azərbaycan xalqı onsuz da onların kim olduğunu çox gözəl bilir. Xalq arasında radikalların heç bir sosial dayaqları yoxdur. Buna görə də, onların çirkin məqsədləri həmişə iflasa uğrayır.
PƏRVANƏ