|
|
|
|
"İşğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin "nümayəndələri"nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara xələl gətirən yersiz və qeyri-konstruktiv açıqlamaları artıq təəccüb doğurmur".
Bunu "Trend"ə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəhbəri Tural Gəncəliyev özünü Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "prezidentinin müşaviri" qismində təqdim edən Tiqran Abramyanın erməni KİV-də səsləndirdiyi fikirlərə cavab olaraq deyib.
T.Gəncəliyev bildirib ki, T.Abramyanın səsləndirdiyi fikirlər bunu birmənalı şəkildə təsdiqləyir: "O, qoşunların təmas xəttində hazırkı vəziyyəti şərh edərək, vəziyyətin qiymətləndirilməsi üçün çoxsaylı amillərin nəzərə alınmalı olduğunu və Azərbaycanın təmas xəttində guya qeyri-stabillik yarada biləcək fəaliyyət apardığını iddia edib".
"Tiqran Abramyanın və qondarma rejimin diqqətinə çatdırmaq istərdim ki, münaqişənin sülh yolu ilə birdəfəlik tənzimlənməsinin yeganə yolu işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və oradan qovulmuş azərbaycanlı əhalinin öz torpaqlarına geri dönüşü ilə mümkündür. Bunun əvəzinə, qondarma rejimin "təmsilçilərinin" dili ilə qeyri-konstruktiv atmosfer yaradılması qəbuledilməz haldır", - deyə icma rəhbəri qeyd edib.
T.Gəncəliyev bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırda aparılan danışıqların ruhuna və formatına zidd olaraq, qondarma rejimin nümayəndələrinin danışıqlara cəlb edilməsi ilə bağlı T.Abramyanın səsləndirdiyi təxribat xarakterli fikir və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının bərabərhüquqlu icmalar olduğunun qeyd edilməməsi Ermənistanın münaqişənin birdəfəlik sülh yolu ilə həll edilməsində maraqlı olmadığına dəlalət edir: "Avropa İnsan hüquqları məhkəməsinin "Çıraqov və digərləri Ermənistana qarşı" işi üzrə verdikti bir daha təsdiq edir ki, qondarma rejim bilavasitə Ermənistanın təsiri altındadır və onun siyasi, maliyyə və hərbi dəstəyi sayəsində mövcuddur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan sadə ermənilər də bu işğalçı siyasətdən əziyyət çəkirlər".
İcma rəhbərinin sözlərinə görə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri, suverenliyi və ərazi bütövlüyü çərçivəsində yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanırlar: "Hər iki icmanın xoşbəxt gələcəyi və regionun təhlükəsiz iqtisadi inkişafı işğalın nəticələrinin aradan qaldırılması ilə mümkündür".