|
|
|
|
Ötən həftə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərlərinin yekununa dair yaydıqları bəyanatdan məlum oldu ki, Azərbaycan və Ermənistan liderləri vasitəçilərin yaxın vaxtlarda görüş keçirmək təklifini qəbul ediblər.
Bəyanatda qeyd edilib ki, Minsk qrupunun həmsədrləri fevralın 20-də Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla, fevralın 21-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüblər. Onlar yaxın zamanlarda görüşünə hazırlıq məsələləri müzakirə ediblər: "Görüş zamanı ölkə liderləri həmsədrləri yanvarda Davos Dünya İqtisadi Forumu çərçivəsində söhbətləri barədə məlumatlandırıb. Liderlər və həmsədrlər vəziyyəti müzakirə edib gələcək addımlar barədə gözləntilərini səsləndiriblər. Həmsədrlər, həmçinin, Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri ilə də görüşüb".
Sənəddə o da vurğulanır ki, həmsədrlər təmas xəttində qurbanların olmamasını müsbət qiymətləndirib. Onlar əhalinin sülhə hazırlanmasına hazırlıq barədə müzakirələri alqışlayıb.
Məlumat üçün qeyd edək ki, Ermənistanda hakimiyyət dəyişikliyindən bu yana, yəni 2018-ci ilin may ayından Azərbaycan və Ermənistan rəhbərləri arasında rəsmi görüş keçirilməyib. İlham Əliyevlə Paşinyan arasında bir neçə dəfə beynəlxalq tədbirlər çərçivəsində təmaslar, ünsiyyət olub. İki ölkə liderləri ilk dəfə ötən ilin sentyabrında Düşənbdə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü zamanı ünsiyyətdə olub. Həmin vaxt tərəflər cəbhədə gərginliyin azaldılmasını, atəşkəsə əməl edilməsini müzakirə ediblər. Və bu razılaşmaya demək olar ki, əməl edilir. Ermənilər gün ərzində atəşkəsi pozsalar da, əvvəlki dövrlərlə müqayisədə gərginliyin azaldığı müşahidə olunur.
Liderlərin növbəti görüşü isə ötən ilin dekabrında Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında baş tutub. Tərəflər söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparıblar. Eyni zamanda, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olunub.
Nəhayət, bu il Davos Dünya İqtisadi Forumu çərçivəsində yanvarın 22-də Əliyev - Paşinyan görüşü keçirildi. Bu da əvvəlkilər kimi qeyri-rəsmi xarakter daşıyıb. Amma daha əhatəli görüş hesab etmək olar, çünki bir saat yarım davam edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinin cari vəziyyəti müzakirə edilib.
Bundan əvvəl isə yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında həmsədrlərin vasitəçiliyi ilə görüş keçirilib və 4 saata kimi davam edib. Tərəflər Parisdə xalqların sülhə hazırlanması üzrə konkret tədbirlərin görülməsi zəruriliyi razılaşdırıblar.
Ermənistandan verilən bəyanatlar isə İrəvanın münaqişənin sülh yolu ilə nizamlanmasına hazır olmadığını nümayiş etdirir. Paşinyanın ziddiyyətli, anlaşılmaz açıqlamaları, onun Sarkisyan kimi vaxtı uzatmağa çalışdığını, münaqişənin həlli üçün irəli addım atmağa meyl göstərmədiyini ortaya qoyur. O, hər dəfə bəyan edir ki, mandatı Ermənistan vətəndalarından alıb və Dağlıq Qarabağın adından danışa bilməz. Bununla da Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış separatçı rejimi danışıqlar prosesinə cəlb etməyə çalışır ki, bunun da mümkünsüzlüyünü çox yaxşı anlayır. Beynəlxalq sənədlərdə də Dağlıq Qarabağ münaqişəsinin tərəflərinin Azərbaycan və Ermənistan olduğu göstərilib. Sadəcə olaraq Dağlıq Qarabağın Azərbaycan və erməni icmaları var ki, onlar da öz aralarında dialoq apara bilərlər. Necə ki, əvvəllər "xalq diplomatiyası" adı altında bu cür təmaslar olub. Yeri gəlmişkən, bu yaxınlarda "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev bəyan edib ki, icmalararası dialoq xalqların gələcək sülhə hazırlanmasına müsbət töhfə verə bilər: "Lakin Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndələri"nin bizim çağırışlarımıza cavab vermədən öz təxəyyüllərinin məhsulu olan "obstrakt" sülhdən danışmaları və torpaqlarımıza əsassız yerə iddia etmələri anlaşılmır. Məhz konstruktiv dialoq vasitəsilə müsbət atmosferin yaradılması, habelə hər iki icma üzvlərinin Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yenidən sülh şəraitində birgəyaşayışı üçün zəmin hazırlana bilər".
Onun sözlərinə görə, hər iki icmanın xoşbəxt gələcəyi və regionun təhlükəsiz iqtisadi inkişafı işğalın nəticələrinin aradan qaldırılması ilə mümkündür.
Ancaq görünür, Ermənistanın yeni hakimiyyəti sülh üçün addım atmaq niyyətində deyil. Paşinyanın yuxarıda qeyd etdiyimiz fikirlərini bu dəfə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan təkrarlayıb. O, ölkəsinin ictimai televeziyasına verdiyi müsahibədə deyib ki, Paşinyanın daha əvvəl Dağlıq Qarabağın (Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış separatçı rejim) danışıqlarda iştirakı məsələsini ifadə edən yanaşmaları olub: "Baş nazir Paşinyana Ermənistan vətəndaşları parlament seçkiləri ilə mandat verdilər və bu vəzifədə o, öz funksiyalarını həyata keçirəcəkdir. Paşinyan Ermənistanın sakinləri adından - Tavuşdan Syunikə qədər danışa bilər... Lakin reallıq belədir ki, baş nazir Dağlıq Qarabağ "vətəndaşları" tərəfindən heç bir mandata malik deyil".
Mnatsakanyan təbii ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərdə nə etdiyi məsələsinə aydınlıq gətirməyib. Çünki yalan danışdığı özünə də gün kimi aydındır. O əlavə edib ki, Ermənistan istənilən halda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda tərəfi kimi öz öhdəliklərinin yerinə yetirilməsindən imtina etməyəcək: "Biz hər zaman qeyd etmişik ki, Ermənistan Dağlıq Qarabağın təhlükəsizliyinin əsas qarantı olub və qarantı olmaqda davam edəcək. Bizim əlimizlə yaradılmış təhlükəsizlik mexanizmdən başqa heç bir mexanizm mövcud deyil. Ermənistan tərəfi üçün xüsusilə, fiziki təhlükəsizliyin təmin edilməsi əsas məsələdir".
Mnatsakanyan bəyan edib ki, hazırda hər hansı bir sənəd ətrafında danışıqlar aparılmır: "May ayından başlayaraq biz danışıqlar prosesində heç bir anı təxirə salmadıq. Biz münaqişənin sülh yolu ilə həll olunması üçün məqsədəuyğun işləyəcəyik. Sülhə hər hansı bir alternativ istisna edilməlidir".
Bu arada həbsdə olan ikinci prezident Robert Koçaryan Ermənistan mətbuatına geniş müsahibə verib və Paşinyanı Qarabağ məsələsində konkret mövqeyə sahib olmamaqda ittiham edib. Onun sözlərinə görə, Paşinyan bütün vasitələrlə Qarabağ probleminin həlli üzrə danışıqlar aparıldığını gizlətməyə çalışır: "Cəmiyyətə hələ ki Qarabağ münaqişəsinin nizamlanması üzrə hakimiyyət orqanlarının mövqeyi açıqlanmayıb və bu da narahatlıq doğurur. Mövqeyi konkretləşdirmədən necə uğurlu danışıqlar aparmaq olar?
Qarabağ münaqişəsinin həllində bir sıra əsas prinsiplər var ki, onlarla bağlı danışıqlara başlamazdan əvvəl hakimiyyət dəqiq yanaşmalara malik olmalıdır". O hesab edir ki, Azərbaycan prezidenti İlham Əliyev Paşinyanı məğlub edib: "Düşənbədə "lift danışıqları" təmas xəttində etimad tədbirlərinin artırılması üçün Ermənistan tərəfinə əlverişli olan Vyana və Sankt-Peterburq razılaşmalarını dəfn etdi. Belə hərəkətlərin səbəbinin nə olmasından asılı olmayaraq bu, bacarıqsızlıqdır. Hər iki halda da bu, böyük bir səhvdir. Düşünürəm ki, Minsk qrupunun növbəti təklifləri xoşagəlməz olacaq".
Koçaryan bir az da uzağa gedərək, harda olmasına baxmayaraq, Azərbaycanın işğal edilmiş torpaqlarını azad etmək cəhdlərinə müdaxilə edəcəyini söyləyib. Bu açıqlama həm də Azərbaycanın, onun liderinin gücünün etiraf edilməsidir. Paşinyan da, Koçaryan da, Sarkisyan da Azərbaycanın bu gün bütün mənalarda gücə malik olduğunu anlayırlar. Paşinyan sülh oyunun uzun müddət davam etdirə bilməyəcəyinin də fərqindədir.
PƏRVANƏ