Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Səbail Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın davamlı inkişafı” respublika elmi konfransı keçirilib. Bu barədə ADPU-dan məlumat verilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, mayın 10-da müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü tamam olur. Bu münasibətilə ölkəmizdə və bir çox xarici ölkələrdə müxtəlif tədbirlər keçirilir. Bizim bu gün birgə keçirdiyimiz “Heydər Əliyev və Azərbaycanda intellektual potensialın davamlı inkişafı” respublika elmi konfransı da ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.
YAP-ın Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev isə Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında böyük tarixi xidmətləri haqqında geniş danışıb. Professor Ş.Hacıyevin çıxışında Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin qazandığı böyük uğurlar, sürətli inkişaf konkret faktlar, rəqəmlər əsasında öz dolğun əksini tapıb.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev çıxışında qeyd edib ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider idi: “Heydər Əliyev həmişə xalqına, millətinə ləyaqətlə, fədakarlıqla xidmət göstərib. Dövlət başçısı İlham Əliyevin Heydər Əliyevin dövlətçilik strategiyasını uğurla davam etdirməsi nəticəsində ölkəmiz sürətlə inkişaf edir, beynəlxalq siyasi nüfuzu artır”.
Konfransda Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin elm və təhsillə bağlı fikirlərini əks etdirən videoçarx nümayiş etdirilib.