"Balıq ovu ilə məşğul olan şəxslər qadağan olunmuş ov alətlərindən istifadəyə son qoymalı, balıq ehtiyatlarının məhvinə şərait yaradan hərəkətlərdən çəkinməlidirlər".
Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
O qeyd edib ki, brakonyerliyin qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları respublikanın daxili su hövzələrində, Kür və Araz çaylarında keçirdikləri birgə reydlər zamanı brakonyerlərdən qadağan olunmuş ov alətləri və müxtəlif növ balıqlar götürüblər. Qanun pozucuları barəsində 8607 manat məbləğində cərimə tətbiq olunub, 4 iş üzrə hüquq-mühafizə orqanlarında cinayət işi açılıb.
Nazirliyin rəsmisi bildirib ki, qadağan olunmuş ov alətlərindən - sintetik tordan, qarmaqbatırma alətindən, elektrik aparatından, kimyəvi və partlayıcı maddələrdən istifadə etməklə qəddarcasına balıq ovuna hələ də rast gəlinir:
"Ümid edirik ki, brakonyerlər görülən inzibati cəza tədbirlərindən, təbiətsevərlərin, konstruktiv mövqedə dayanan sağlam düşüncəli ictimaiyyət nümayəndələrinin qınağından nəticə çıxaracaqlar".
Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlardan, ictimaiyyət nümayəndələrindən xahiş edir ki, brakonyerlik halları ilə rastlaşdıqda dərhal nazirliyin (012) 168 nömrəli "Qaynar xətt"ə məlumat versinlər.
C.ABASOV