Müqəddəs borcunu ödəyən əsgər!
Hamıya qoşulub deyirəm "Əhsən!"
Səni yağılardan qoruyur səngər,
Sən isə Vətənin keşiyindəsən!
Mən qələm adamı, sən isə hərbçi,
Milli fəxarət var ikimizdə də;
Çıxaq sınaqlardan fəal, zərbəçi,
Daha dirçəlməsin nə şər, nə hədə!
Artacaq get-gedə gücümüz bizim,
Tarixə çevrilən vaxt da güzgüdür;
Qürurla qulluq et, çünki, əzizim,
Ən yeni silahlar özümüzküdür!
Az deyil bərk isti, yağış, qar, boran -
Köçüb yaddaşıma təlimli yay, qış;
Ölkə rəhbərinin əmrini hər an
Səbrlə gözləyən mərdlərə alqış!
Fələk ayırıb çox yarı yarından,
Odur ki, dağ aşıb, sədd yarmalıyıq;
Yurdun qan çilənmiş torpaqlarından
Arxalı köpəyi çıxarmalıyıq!
Düşünə-düşünə, hey yaza-yaza,
Gərək cəbhəyədək uzansın yolum!
Bəlkə xoşladığın, sevdiyin qıza
Sözünü çatdıran poçtalyon olum?!
Təmiz əqidəmiz aləmə bəlli,
İzini yaşadaq günün və anın;
Oğul, xəyalımda marşal rütbəli
Əsgər övladısan Azərbaycanın!