Bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı "Azərbaycan" jurnalının iyun sayı işıq üzü görüb. Bu say mərhum Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş xüsusi bölmə ilə açılır. Bölmədə İntiqam Qasımzadənin "Şair haqqında söz" yazısı və Vaqif Səmədoğlunun şeirləri yer alıb. Nəsr bölməsində Samid Ağayevin "Ləvəngi" və Xanım Aydının "Sərçə" povestləri, poeziya bölməsində İlham Qəhrəman, Cəlaləddin Budatoğlu, Məcnun Göyçəli, Afaq Şıxlı, Zirəddin Qafarlı, Nazir Rüstəm, Fəxrəddin Əsəd, Ruzbeh Məmməd, Ələsgər Əhmədin şeirləri çap olunub. "Ədəbi söhbət" layihəsində Vilayət Quliyevlə tənqidçi Nərgiz Cabbarlının söhbəti, "Tərcümə"də Mo Yanın "Bibimin qiymətli bıçağı" (tərcümə Aqşin Əliyev) və Uluqbəy Esdövlətin şeirləri (tərcümə Akif Əhmədgil) verilib.
Jurnalın "Əhməd Ağaoğlu-150" adlı növbəti xüsusi rubrikasında V.Quliyev "Türkiyəni duyğulandıran ölüm" məqaləsini davam etdirir. Oxucular "Ədəbi talelər" rubrikasında Günel Natiqin "Lev Tolstoy və Sofya Bersin məhəbbət tarixçəsi", "Tənqid və ədəbiyyatşüaslıq" bölməsində Qorxmaz Quliyevin "Ədəbiyyatda xaosmos", Cavanşir Yusiflinin "Ədəbi gəncliyin üç fraqmenti", Təyyar Salamoğlunun "Həpimiz bir günəşin zərrəsiyiz", İradə Musayevanın "Repressiyaya aparan romanlar" məqalələrini oxuya biləcəklər.
"Dünya, səndən kimlər keçdi" rubrikasında İntiqam Qasımzadə "Əli Kərimi xatırlarkən" deyib.
Jurnalın ənənəvi "Kitab rəfi" rubrikasında yeni nəşrlərdən söz açılır.
Şahanə MÜŞFİQ