Avqustun 27-də Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunan "Riyaziyyat və onun tətbiqləri" 8-ci Beynəlxalq Avrasiya Konfransı (IECMSA-2019) başlayıb.
APA xəbər verir ki, beynəlxalq konfransa 43 ölkədən 243 elmi məruzə daxil olub.
BDU-nun rektoru Elçin Babayev qonaqları salamlayıb və tədbirin əhəmiyyətindən danışıb: "Tətilin sonu olmasına baxmayaraq, konfransın uğurla keçəcəyinə inanıram. Bütün iştirakçılara uğurlar arzu edirəm".
Konfransın plenar iclasında Almaniyanın Bergakademie Freiberg Texniki, ABŞ-ın Mərkəzi Florida, Birləşmiş Ərəb Əmirliyinin Şarcah Amerikan, Türkiyənin Koç, İtaliyanın Bari Aldo Moro, Avstraliya Federasiyası və Bakı Dövlət Universitetinin və Rumıniyanın Simion Stoilou İnstitunun alimlərinin məruzələri dinlənilib.
Konfransın əsas məqsədi akademik fikir və son tədqiqat işlərinin mübadiləsi üçün bir forum təşkil etməklə riyaziyyatın müxtəlif sahələrində tədqiqat aparan elm adamlarını bir araya gətirmək, onları birgə tədqiqata təşviq etməkdir.
Konfrans avqustun 30-da başa çatacaq.