“Qoşulmama Hərəkatında BMT-yə üzv dövlətlərinin 2/3-i təmsil olunub”.
APA-nın məlumatına görə, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə Qoşulmama Hərəkatının hazırkı sədri Venesuelanın Prezidenti Nikolas Maduro deyib.
Venesuela Prezidenti bildirib ki, bu dövlətlərin zəngin sərvətləri var: “Biz Qoşulmama Hərəkatını gücləndirməli, hansısa dövlətin dünyada polis rolunu oynamasına imkan verməməliyik. Biz dünyadakı imperialist yanaşmaların qarşısını almalıyıq. Belə yanaşmalar ölkələrimizə yoxsulluq, səfalət gətirib”.
N. Maduro qeyd edib ki, Fidel Kastro kimi insanlar imperializmə qarşı mübarizə aparıb: “Ona görə də Qoşulmama Hərəkatı imperialist yanaşmaların, təcavüz hallarının qarşısının alınması, bəşəriyyətin qorunması üçün çalışmalıdır. Biz irqçiliyin yayılmasının qarşısını almalıyıq. Venesuela adından istərdik ki, BMT-nin İnsan Hüquqları Komitəsinə namizədliyimizi dəstəkləyəsiniz. Biz BMT Baş Məclisinin üzvləri kimi ölkələrimizi qlobal güclərdən qorumalıyıq. Problemlər BMT-nin Nizamnaməsi çərçivəsində dəyərləndirilərək qiymət verilməlilir”.
Venesuela Prezidenti nəzərə çatdırıb ki, ölkəsinin sədrliyi dövründə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə də dəstək verməyə çalışıblar: “Biz yoxsulluğun aradan qaldırılmasına çalışmalıyıq. Dayanıqlı İnkişaf Məqsədlərindən biri də məhz budur. Beynəlxalq strukturlar dayanıqlı ədalətin tarazlığına çalışmalıdır. Bunun üçün alternativ yollar tapmalıyıq. Çünki dünyada bir çox insan bu tarazlığın olmamasından əziyyət çəkir. Beynəlxalq Valyuta Fondunun fəaliyyəti də bir çox halda səmərəli olmur, cəmiyyətlər, dövlətlər tənəzzülə uğrayır. Əslində, Beynəlxalq Valyuta Fondu dövlətlərə dəstək verməlidir. Biz Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının bizim ölkələrə təzyiqindən qorunmalıyıq. Mən istərdim ki, xalqlar arasında həmrəylik olsun, beynəlxalq hüquq müdafiə olunsun. Venesuela bu prinsiplərə sadiqdir. Biz Qoşulmama Hərəkatını sülh hərəkatı kimi qəbul edirik”.
Nitqində ABŞ-ı ədalətli olmağa çağıran N. Maduro heç zaman uduzmayacaqlarını vurğulayıb.