Dekabrın 29-da M.F.Axundzadə adına Milli Kitabxanada 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bütün dünya azərbaycanlılarını və Milli Kitabxananın kollektivini təbrik edib. Bildirib ki, bu mötəbər gün ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının tarixinə bəxş etdiyi gözəl günlərdən biridir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 1991-ci ilin 16 dekabrında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib.
Professor çıxışında dünyanın 70-dən çox ölkəsində Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edildiyini və dünyanın bir sıra ölkələrində diaspora təşkilatlarının yarandığını söyləyib.
Bildirib ki, 2001-ci ildə ilk dəfə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Dünya Azərbaycanlılarının I qurultayı keçirilib.
Kərim Tahirov çıxışında onu da qeyd edib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində diaspor cəmiyyətlərinin fəaliyyət dairəsi daha da genişlənib.
Bu bayramın əsas məqsədinin və qayəsinin Azərbaycanın haqq səsinin dünyaya çatdırılması olduğunu söyləyən professor Milli Kitabxananın da Azərbaycanın xarici ölkələrdəki nümayəndəlikləri, diaspora təşkilatları ilə birgə fəaliyyətini xüsusi qeyd edib, diaspora təşkilatlarına ölkəmizi layiqincə təmsil etmək məqsədilə kitabların, dövri mətbuat və digər nəşrlərin göndərildiyini söyləyib.
Daha sonra tədbir iştirakçıları “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günüdür” adlı geniş kitab sərgisi ilə tanış olublar.