Müasir Azərbaycan gəncliyinin hərtərəfli inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər tərəfindən təməli qoyulmuş dövlət gənclər siyasəti, bu sahədə aparılan məqsədyönlü işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilir.
Ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq, vətənpərvər yeni nəsil formalaşır, gənclərin cəmiyyətdə fəallığı, idarəetmədə rolu artır, onlara rəhbər vəzifələr etibar olunur, seçkili orqanlarda iştirak üçün geniş imkanlar yaradılır.
Son illər gənclərimizin həyat tərzinə çevrilmiş, insanları vahid niyyət ətrafında birləşdirən, cəmiyyət və dövlətin birgə fəaliyyətinin uğurlu formatı olan könüllülər hərəkatı geniş vüsət alıb, ölkə başçısının təşəbbüsü ilə "Könüllü fəaliyyət haqqında" Qanun qəbul olunub, on minlərlə gənc müxtəlif təşkilatlarda könüllü fəaliyyətə cəlb edilib.
Gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycanda "Könüllülər ili" elan edilib.
"Könüllülər ili" və 2 fevral – Azərbaycan gəncləri günü münasibətilə Ədliyyə Nazirliyində 100-dən çox gənc əməkdaşlar, könüllülər və istehsalat təcrübəsinə başlayacaq Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbələri ilə görüş keçirilib.
Əvvəlcə gənclər Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını bildiriblər. Həmçinin ədliyyə sahəsində dövlət gənclər siyasətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Tədbirdə Ədliyyə, Gənclər və İdman nazirlərinin müavinləri, BDU-nun Hüquq fakültəsinin və bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Çıxış edən ədliyyə nazirinin müavini Toğrul Musayev gəncləri ədliyyə naziri Fikrət Məmmədovun adından qarşıdan gələn bayram münasibətilə təbrik edib, Ümummilli Liderin gənclərə qayğısından bəhs edib, möhtərəm Prezidentimizin rəhbərliyi ilə Azərbaycan gəncliyinin inkişafı üzrə görülən işləri, bu yaxınlarda Davos İqtisadi Forumunda ölkə gəncləri və könüllü fəaliyyətlə bağlı səsləndirdiyi çox önəmli və dəyərli fikirləri diqqətə çatdırıb, bu ilin "Könüllülər ili" elan olunmasını gənclərə göstərilən yüksək etimadın növbəti təzahürü olduğunu vurğulayıb. İstedadlı gənclərin dəstəklənməsində, onların innovativ potensiallarının və bacarıqlarının üzə çıxarılmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti xüsusilə qeyd olunub.
Ədliyyə orqanlarında dövlət siyasətinə uyğun aparılan işlərdən danışılaraq ötən dövrdə şəffaf müsabiqələr əsasında əksəriyyəti gənclər olan 3.000-ə yaxın şəxsin qulluğa qəbul edildiyi, əməkdaşların təxminən yarısını gənclər təşkil etdiyi bildirilib, 200-dən çox yüksək hazırlıqlı ədliyyə işçilərinin ali dövlət və seçkili orqanlarda məsul və rəhbər vəzifələrdə təmsil olunduğu vurğulanıb.
Bununla yanaşı, son 5 ildə 1.700-dən çox tələbənin ədliyyə sahəsində istehsalat təcrübəsinə cəlb olunduğu, BDU-nun hüquq fakültəsinin, habelə SABAH qruplarının daha 420 nəfər tələbəsinin növbəti aylarda təcrübə keçəcəkləri bildirilib.
Eyni zamanda, ədliyyə sahəsində könüllülük institutunun təşviqi, bu sahədə əlavə tədbirlərə dair nazirliyin Kollegiyası tərəfindən qərar qəbul edildiyi, ali təhsil müəssisələri və tələbə-gənclər təşkilatları, eləcə də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə səmərəli əlaqələr qurulduğu qeyd olunaraq, ölkə başçısının ötən ilin fevralında gənclərlə keçirdiyi respublika toplantısında verdiyi tapşırıqlara və çağırışlara uyğun olaraq gənclərin ədliyyə sahəsində könüllü fəaliyyətə daha geniş cəlb olunduğu diqqətə çatdırılıb.
Bildirilib ki, bu məqsədlə tədbirlər planı təsdiq edilib, ədliyyə orqanları və könüllülər arasında münasibətləri tənzimləyən nümunəvi müqavilə, müraciət formaları hazırlanıb, həmçinin könüllülərə elektron qaydada birbaşa nazirliyə müraciət etmək imkanı yaradılıb.
Ötən bir ildə 1.400-ə yaxın könüllü ədliyyə orqanlarında, o cümlədən "ASAN School" proqramı çərçivəsində 45 nəfər müvafiq məhkəmələrdə könüllü fəaliyyətə cəlb olunub. Onlarla aparılan səmərəli işin nəticəsi olaraq 90-dək gənc könüllü müxtəlif vəzifələrə işə götürülüb. Hazırda isə 450-ə yaxın könüllü nazirliyin müxtəlif qurumlarında, o cümlədən aparatında fəaliyyət göstərirlər.
Dövlət başçısının 2020-ci ilin "Könüllülər ili" elan olunması çərçivəsində ədliyyə sahəsində könüllü fəaliyyətlə bağlı əlavə tədbirlər görülür, o cümlədən bir qrup gənclərin təşəbbüsü ilə "Ədliyyə Könüllüləri" İctimai Birliyi təsis edilib. Görüşdə birliyin təqdimatı keçirilərək nazir müavini tərəfindən qurumun dövlət qeydiyyatına alınmasına dair şəhadətnamə ictimai birliyin sədrinə təqdim edilib.
Təşkilatın sədri, əvvəllər könüllü kimi fəaliyyət göstərmiş Ədliyyə Akademiyasının əməkdaşı Fatimə Zərbiyeva nazirliyin rəhbərliyi tərəfindən belə bir addımın dəstəklənməsini məmnunluqla qeyd edib, qurumun məqsəd və vəzifələri barədə məlumat verib, birliyin öz sıralarında dövlətçiliyə sadiq, sağlam düşüncəli gəncləri birləşdirərək ədliyyə orqanlarının dayanıqlı inkişafına dəyərli töhfələrini verəcəklərini vurğulayıb.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev Azərbaycanda gənclər siyasətinin dövlətimizin əsas prioritetlərindən olduğunu, ölkədə geniş vüsət alan könüllülük hərəkatının əsas aparıcı qüvvəsinin gənclər təşkil etdiyini və onların potensiallarının, dünyagörüşlərinin artırılmasında, məşğulluğunun təmin olunmasında, dövlətin müxtəlif sahələrində aktiv iştirakında mühüm əhəmiyyətini qeyd edib.
BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, ədliyyə naziri yanında İctimai Komitənin üzvü Sahib Məmmədov və "ASAN Könüllüləri" Təşkilatının sədri Səbinə Cabarova yeni, savadlı, müasir dünyagörüşlü gənclərin bu gün cəmiyyət həyatının bütün sahələrində geniş təmsil olunduğunu, könüllülər hərəkatına fəal qoşulduğunu vurğulayıb, gənclərlə iş sahəsində Ədliyyə Nazirliyinin çoxşaxəli fəaliyyətini, o cümlədən onlara xüsusi qayğı ilə yanaşıldığını, qulluğa qəbul zamanı şəffaflığa, ictimai iştirakçılığa böyük önəm verildiyini qeyd edib, könüllülərə tövsiyələrini veriblər.
Həmçinin, ədliyyə könüllülərinin təşəbbüsləri, innovativ ideyaları və təklifləri dinlənilib, gənclər dövlət başçısının rəhbərliyi ilə respublikamızın hərtərəfli inkişafı naminə sədaqətlə və əzmkarlıqla çalışacaqlarını, görülən işlərdə fəal mövqe tutacaqlarını vurğulayıblar.
Görüşə yekun vuran nazir müavini T.Musayev gənclərə yüksək nəzəri biliyə və peşə hazırlığına malik olmaları, milli və vətənpərvərlik ruhunda tərbiyə almaları, xalqa və dövlətə bağlılığı, müstəqilliyimizin möhkəmləndirilməsi, ədliyyə idarəçiliyində şəffaflığın, ictimai iştirakçılığın və vətəndaş məmnunluğunun təmin edilməsində yaxından iştirak etmələri barədə tövsiyələrini çatdırıb, böyük potensiala malik olan könüllülüyün 2020-ci ildə daha geniş təşviqi və könüllülərin imkanlarından səmərəli istifadə olunması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.
Tədbir iştirakçılarına Azərbaycan gəncliyinin inkişafı ilə bağlı hazırlanmış əsas sənədlər toplusu və digər metodiki vəsaitlər təqdim olunub, xatirə şəkli çəkdirilib.
2 fevral - Gənclər Günü münasibətilə Ədliyyə tarixi muzeyində nazirlik tərəfindən dövlət gənclər siyasətinə uyğun həyata keçirilən tədbirləri əks etdirən yeni guşə yaradılıb, gənc könüllülərin muzeylə tanışlığı olub, kinozalda filmlər, eləcə də foto-slaydlar nümayiş etdirilib.
Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı