|
|
|
|
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti beynəlxalq məhkəmə-hüquq seminarında, habelə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2020-ci il üzrə məhkəmə ilinin açılışına həsr olunan rəsmi tədbirlərdə iştirak etmək üçün Strasburqda səfərdə olub.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Avropa ölkələrinin Konstitusiya və Ali məhkəmələrinin sədr və hakimlərinin iştirakı ilə keçirilmiş beynəlxalq məhkəmə-hüquq seminarında gender bərabərliyi, sosial imtiyazlar hüququ, elm və texnologiya, şəxsi məlumatın saxlanılması, biotexnologiya və digər hüquqi məsələlərlə bağlı çıxışlar edilib, müzakirələr aparılıb. 2020-ci il üzrə məhkəmə ilinin açılışına həsr olunan tədbirdə isə Avropa Məhkəməsinin sədri Linos-Aleksandr Sisilianos Avropa Məhkəməsinin ötən il qəbul etdiyi qərarların icmalını təqdim edib.
Səfər çərçivəsində bir sıra ölkələrin Konstitusiya məhkəmələrinin sədrləri ilə görüşlər keçirilib, hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.