|
|
|
|
Parlament seçkiləri Azərbaycanın gələcək inkişafına böyük töhfə verəcək.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) rəhbəri Səfər Qaraqoyunlu bildirib.
Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkilərini ölkəmizin inkişafı və əhalinin rifahının daha da yaxşılaşdırılması baxımından atılan vacib addım kimi dəyərləndirən S.Qaraqoyunlu deyib: “Azərbaycan Prezidenti İlham Əliyev ölkənin inkişafı və dünya dövlətləri arasında mühüm yer tutması istiqamətində bir çox yeniliklərə imza atıb. Hazırda ölkədə aparılan islahatlar da bunun tərkib hissəsidir. Xalqın rifahının daha da yaxşılaşdırılması üçün dövlət strukturlarının yenilənməsi, rəhbər vəzifələrə, xüsusilə yerli özünüidarəetmə orqanlarına yeni, istedadlı insanların təyin edilməsi bir ölkənin taleyində çox vacib hadisədir. Burada gənclərin ön plana çıxarılması da xüsusi rəğbətlə qarşılanacaq haldır. Bu gənclər də öz növbələrində onlara göstərilən etimadı Vətən, xalq qarşısında borc kimi qəbul etməlidirlər”.