“Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu olaraq bu gün parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana səfərə gəldik. Biz 2000-ci ildən bu günə qədər Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi kimi iştirak edirik. Müşahidələrimizə əsasən deyə bilərik ki, Azərbaycanda hər seçki beynəlxalq standartlara uyğun şəkildə keçirilir”.
Bunu secki-2020.az saytına açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım deyib.
Dostluq qurpunun rəhbəri son vaxtlar Azərbaycanda gənc kadrların yüksək vəzifələrə təyin olunmasını əhəmiyyətli addım kimi qiymətləndirərək bildirib ki, bu, gəncləri parlament seçkilərində namizədliklərini irəli sürmələrinə ruhlandırıb.
Vətəndaşların seçkiyə olan marağını yüksək dəyərləndirən Ş.Ayrım deyib: “İndiyə qədər Azərbaycanda baş tutan seçkilərdə heç bir qanunazidd addımla qarşılaşmamışam. Mən seçkiləri beynəlxaq müşahidəçilərlə birlikdə izləmişəm. Bu da önəmli amillərdən biridir”.
Sabahdan seçki məntəqələri tanış olacaqlarını vurğulayan dostluq qrupunun rəhbəri seçki günü də müşahidələrini davam etdirəcəklərini bildirərək deyib: “Sonda isə müşahidələrimizin yekunlarına dair fikirlərimizi bildirəcəyik. Bu seçkilərdən sonra daha səmərəli fəaliyyət göstərəcək parlamentin formalaşacağını düşünürük. Azərbaycan dövləti və xalqı üçün xeyirli olmasını arzulayıram”.