Gənclər və İdman Nazirliyi tərəfindən “Milli Məclis – Qanunverici orqan” adlı yaddaş kitabçası hazırlanıb.
Nazirliyin mətbuat xidmətindən secki-2020.az saytına verilən xəbərə görə, kitabça fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə gənclər, xüsusilə ilk dəfə səs verəcək gənc seçicilər arasında maarifləndirmə işinin aparılması və seçkilərdə gənclərin fəallığının təmin edilməsinə kömək məqsədilə buraxılıb.
Yaddaş kitabçasında Azərbaycan parlamentinin tarixi, formalaşma dövrləri, fəaliyyəti, beynəlxalq əlaqələri, ümummilli lider Heydər Əliyevin parlamentarizmin inkişafındakı mühüm rolu haqqında məlumatlar təqdim olunub. Kitabçada Azərbaycan Respublikasının Konstitusiyasından və Seçki Məcəlləsindən çıxarışlar da əksini tapıb.