Ermənistanda siyasi gərginlik dərinləşməkdə davam edir. Öz siyasətini qisasçılıq, populizm, təqiblər üzərində quran baş nazir Nikol Paşinyan ölkə konstitusiyasını, qanunlarını kobud şəkildə pozmaqdadır.
Bu gün Ermənistanda sabiq prezident, sabiq müdafiə naziri, sabiq baş qərargah rəisi, sabiq baş nazir və digər yüksək vəzifəlilər daxil olmaqla, onlarla insan həbsdədir. Siyasi təqiblərlə üzləşənlər arasında QHT nümayəndələri, jurnalistlər də var. Onlar birbaşa Paşinyanın göstərişi ilə həbsdədirlər. Paşinyanın sonuncu qanunsuz addımı isə konstitusiyaya dəyişiklik edilməsinə dair referendum keçirilməsidir. Ona görə qanunsuz ki, bu niyyət birbaşa Konstutusiya Məhkəməsinin sədri Hrayar Tovmasyan və üzvlərini vəzifədən uzaqlaşdırmaq, ora öz adamlarını təyin etməyə yönəlib. Ermənistanın baş naziri Tovmasyana qarşı bir müddətdir ki, mübarizə aparır, lakin heç bir qanuni əsası olmadığı üçün çox uzağa gedə bilmirdi. Tovmasyana qərəzinin səbəbi onun həbsdə olan keçmiş prezident Robert Koçaryanla yaxşı münasibətləridir.
Erməni mətbuatı da bu faktı təsdiqləyir.İkinci prezident Robert Koçaryanın KM-dəki nümayəndəsi Aram Vardenyan hesab edir ki, yaranmış vəziyyətdə hakimiyyətin bütün hərəkətləri Robert Koçaryanın işi ilə bağlıdır. Onun sözlərinə görə, əgər Tovmosyan Venesiya Komissiyası və Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsəydi, onda proseslər başqa istiqamətdə və indiki kimi sürətli getməzdi. Onun sözlərinə görə, Paşinyan Ermənistan Avropa Şurasına üzv olduğu dövrdə üzərinə götürdüyü öhdəliklərin, rəhbər tutduğu prinsiplərin üstündən xətt çəkib. Bununla da zərbəni özünə qarşı deyil, Ermənistana yönəltmiş olub.
Erməni mətbuatı referendumun keçirilməsinin yeni inqilabi nəfəs anlamına gəldiyini də istisna etmir.
Avropa Şurası Parlament Assambleyası və bir sıra digər beynəlxalq qurumlar baş verən bu qanunsuzluqa bağlı bir neçə dəfə bəyanatla çıxış ediblər. Amma Paşinyan öz "yolundan" dönmək niyyətində deyil.
Avropa Xalq Partiyasının bir neçə gün əvvəl yaydığı bəyanatda deyilir ki, Ermənistan konstitusiyasına düzəlişlərin tələsik başlanması prosesindən narahatdır: "Ermənistan hakimiyyətinin Konstitusiya Məhkəməsinin sədrini və yeddi hakimini vəzifələrindən uzaqlaşdırılmasına hesablanmış Konstitusiyaya düzəliş etmək planını tələsik hərəkət hesab edirik. Biz Ermənistan hakimiyyətini tez bir zamanda Venesiya Komissiyasından rəy istəməyə və onu nəzərdən keçirməyə çağırırıq".
Venesiya Komissiyasının rəhbəri və Avropa Şurası Parlament Assambleyasının müşahidəçilərinin bu yaxınlarda yaydıqları bəyanatda isə vəziyyətdən narahatlıq ifadə olunur, hökumətlə məhkəmə arasında "açıq münaqişənin" nizamlanmasına çağırış edilir. Bu, ilk bəyanat deyil. Bundan əvvəl də bir neçə dəfə Ermənistan hakimiyyətinə vəziyyəti qanun çərçivəsində yoluna qoyulması ilə bağlı çağırış edilib.
Qeyd edək ki, Tovmasyanla münaqişə 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra başlayıb. "Məxməri" inqilabdan sonra hakimiyyətə gələn siyasi qüvvə Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı açıq şəkildə keçmiş hakimiyyətlə assosiasiya edir və yeni, inqilabdan sonrakı reallıqda onun ədalətli və qanuni qərarlar verməyə qadim olmadığı qənaətindədir.
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası da bəyanatla çıxış edib. Vurğulanır ki, konstitusiya dəyişiklikləri ilə bağlı referendumun gündəliyi dağıdıcıdır. Keçmiş hakim partiyanın bəyanatda vurğulanıb ki, bütün məzmunu və proseduru ilə referendumun başlanması prosesi Ermənistan Konstitusiyasına və "Milli Assambleyanın reqlamenti" haqqında qanuna ziddir. Bunun hüquqi dövlətin qurulması və demokratiyanın möhkəmləndirilməsi ilə heç bir əlaqəsi yoxdur. "Bu avantüranın yeganə məqsədi səssiz, itaətkar Konstitusiya Məhkəməsinin yaradılmasıdır ki, bu da Ermənistan vətəndaşlarının üzləşdikləri çoxsaylı real problemləri həll etməyəcək, eyni zamanda dövlətçiliyin məhv edilməsi istiqamətinə doğru növbəti addımdır. Referendumun gündəmi dağıdıcıdır. Bu, cəmiyyəti ən vacib problemlərdən yayındırmaq və hakimiyyətin uğursuzluqlarını gizlətmək üçün bir fürsətdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, konstitusiya dəyişiklikləri ilə bağlı referendum üçün təşviqat kampaniyasında iştirak etməyəcəyimizi bildiririk", - deyə sabiq prezident Serj Sarkisyanın partiyası bəyan edib".
Həmçinin, qeyd edilib ki, beynəlxalq ictimaiyyətin reaksiyası Avropa Şurasının üzvü olan bir dövlət üçün prosesin uyğun olmadığını, Ermənistanın beynəlxalq nüfuzuna xələl gətirdiyini, nəticələrinin isə ölkənin milli gündəliyinin təşviqi və regional problemlərin ağırlaşması kontekstində ciddi olacağını göstərir. Həmçinin, referendum Dağlıq Qarabağ məsələsi üzrə danışıqlar prosesində ölkənin mövqeyini zəiflədir.
Bu arada Paşinyan Almaniyada səfərdədir. Erməni mətbuatı yazır ki, baş nazir Nikol Paşinyan və onu müşayiət edən şəxslər Almaniyada ən bahalı otellərdə nömrələr sifariş ediblər.
Jurnalist Emil Babayan bildirib ki, Paşinyan 13-15 fevral tarixlərində Almaniyada işgüzar səfərdədir və bu barədə rəsmi açıqlama verilib: "Lakin bizə Ermənistan nümayəndə heyətinin Berlindəki qiymətləri 500-900 avro olan beş ulduzlu oteldə 20 yer sifariş etmələri barədə məlumat verilməyib".
Babayan bu barədə otelin əməkdaşından məlumat aldığını vurğulayıb: "Berlində normal xidmətlər göstərən və qiymətlərin daha aşağı olduğu digər beşulduzlu otellər var. İnkişaf etməkdə olan bir ölkənin nümayəndə heyəti niyə bu qədər pul xərcləməlidir. Gedib baxdım, Berlində həqiqətən çox ucuz otellər var. 120-180 dollar arasında özünüzü ərəb şeyxi kimi hiss edə biləcəyiniz nömrələr. 180-200 dollara çox gözəl nömrə sifariş edə bilərsiniz. Səhər yeməyi daxil, jakuzi, hovuz, idman zalı pulsuzdur, bar da var. Ermənistan nümayəndə heyəti yalnız otel üçün təxminən (500 + 900) 66 min dollar xərcləyəcək. Berlində 900 avroya nömrə nə deməkdir? Yalnız təxmin edə bilərsiniz".
Xatırladaq ki, fevralın 6-da Ermənistan parlamenti Konstitusiya Məhkəməsinin yeni tərkibini müəyyən etmək üçün nəzərdə tutulan referendum barədə qanun layihəsini qəbul edib. 88 deputat layihənin lehinə, 15 nəfər isə əleyhinə səs verib. "Çiçəklənən Ermənistan" fraksiyası səsvermədə iştirak etməyib.
Hakim "Mənim addımım" fraksiyasının rəhbəri Lilit Makunts bildirib ki, referendum mart ayının sonu və aprelin əvvəlində keçirilə bilər. Referendum ərəfəsində isə siyasi vəziyyətin daha da gərginləşəcəyi istisna deyil.
PƏRVANƏ