Məlum olduğu kimi, martın 5-də Rusiya və Türkiyə Prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın görüşü keçiriləcək.
Görüş Rusiyada baş tutacaq və əsas müzakirə mövzusu İdlibdəki gərginlik fonunda Suriya böhranının nizamlanması olacaq. Kreml və Türkiyə Prezident Administrasiyası görüşün keçiriləcəyini rəsmən təsdiqləyib. Kremlin dünən yaydığı məlumatda deyilir ki, liderlər İdlibin de-eskalasiya zonasında gərginləşməni nəzərə alaraq, Suriya böhranının həlli yollarını müzakirə edəcəklər. "Martın 5-də Prezident Putin Rusiyaya işgüzar səfərə gələcək Türkiyə Prezidenti Ərdoğanla danışıqlar aparacaq. Tərəflər İdlib de-eskalasiya bölgəsindəki vəziyyətin gərginləşməsi nəzərə alınaraq, Suriya məsələsini müzakirə edəcəklər".
Xatırladaq ki, İdlibdə vəziyyətin gərginləşməsi Türkiyə Ordusunun 40-a yaxın şəhid verməsi ilə nəticələnib. Bununla belə, Əsəd ordusunun çox sayda hərbçisi, silah-sursatı məhv edilib. İndi müzakirə edilən əsas məsələ Ərdoğan-Putin görüşünün nə ilə nəticələnə biləcəyidir.
Türkiyənin Suriyada bir çox kimyəvi silah obyektlərini hədəf aldığına diqqət çəkən Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib ki, bu obyektlerin mövcudluğu beynəlxalq birliyin bu günə qədər necə aldadıldığının bir sübutudur: "Dünya laqeyd münasibətini bir kənara qoyaraq bu qatil rejimə qarşı sözün əsl mənasında hərəkətə keçməlidir. Əsəd rejiminə qarşı bu günədək heç bir ciddi sanksiya tətbiq edilməməsi, bu kimyəvi obyektlərin fəaliyyət göstərməsinə imkan yaratdı. Rejim böyük şəhərləri insanlardan təmizləmək üçün mülki şəxslərə qarşı kimyəvi silah istifadə etməkdən çəkinmədi. Aİ, İdlibdə milyonlarla insan bombalandığı zaman deyil, bir neçə yüz qaçqın sığınacaq üçün qapılarına yığışdığı zaman təcili toplaşmağa qərar verdi. Aİ, daha böyük regional böhranı müzakirə etmək üçün ciddi bir gündəm mövzusuyla toplaşmalıdır. Misli görünməmiş qaçqın böhranıyla əlaqədar olaraq Aİ-nin Türkiyə ilə birlikdə hərəkət etməməsi bugünkü vəziyyətə gətirib çıxardı. Aİ, 2015-ci il tarixli müqaviləni tamamilə yerinə yetirməyərək, Türkiyəni təkbaşına buraxdı və qaçqınların Avropaya yönəlməsinin qarşısını alacağımızı ümid etdi. Biz artıq bunu etməyəcəyik".
F.Altun, Türkiyənin hər zaman məzlumun yanında yer aldığını və Suriyada etdiklərinin də tam olaraq bu olduğunu xüsusilə vurğulayıb: "Xalqımız son 9 ildə çox böyük fədakarlıqlar edib və hələ də etməyə davam edir. Qərb müttəfiqlərimiz isə bizə ciddi bir dəstək verməməyə davam edir. Lakin biz yenə də məzlumların son ümidi olmağa davam edəcəyik. Türkiyənin İdlibdə keçirdiyi əməliyyatın məqsədi, bəşəri böhranı dayandırmaqdır. Bu əməliyyatla eyni zamanda, Suriyanın ərazi bütövlüyünün təmin edilməsi də nəzərdə tutulur. Türkiyənin Suriyadan torpaq əldə etmək kimi bir düşüncəsi yoxdur. Sadəcə olaraq yenidən qaçqın axını yaşanmasının qarşısını almaq, sabitlik və sülh yaratmaq istəyirik".
Mövzu ilə bağlı politoloq Arzu Nağıyev deyib ki, Türkiyə son bir neçə gündə "Bahar qalxanı" əməliyyat vasitəsilə İdlibdəki hərbi hava qüvvələrinin sistemini sıradan çıxarıb. Rusiya bu məsələyə qoşulmadığını iddia etsə də, onların da əməliyyat aparılan ərazidə patrul qüvvələri, hərbi polisi var. O bildirib ki, Suriya məlumdur ki, hava məkanını tam şəkildə bağlaya bilməz: "Bu məsələlər yəqin ki, martın 5-də Rusiya və Türkiyə prezidentləri arasında keçirilməsi nəzərdə tutulan görüşdə müzakirə olunacaq. Mən deyərdim ki, bu görüş çox ağır keçəcək". Politoloq söyləyib ki, bu gün son rəqəmlərə nəzər saldıqda artıq Türkiyədən Avropaya 132 min qaçqının keçdiyini görmək mümkündür: "Lakin burada əsas məqam həmin qaçqınların Yunanıstanda filtirasiya tədbirlərindən keçməsidir. Onların hamısı dinc əhali olduğu deyilsə də, orada digər qruplaşmalara, terror təşkilatlarına aid şəxslərin olması ehtimalı da var. Avropanı qorxudan əsas məqamlardan biri isə məhz terror dəstəsinin axınıdır".
A.Nağıyev qeyd edib ki, Türkiyə və Avropa Birliyi arasında əldə olunan razılaşmaya əsasən miqrantların saxlanması üçün təxminən 6 milyard dollar civarında vəsait ayrılması nəzərdə tutulsa da, bu vəsait ayrılmadı: "Türkiyə tərəfindən onlar üçün təxminən 50 milyard dollar pul xərclənib. Lakin bundan sonra bu, mümkün deyil. Bu baxımdan Avropa Birliyi pozduğu razılaşmaya görə məsuliyyəti özü daşıyır. Bu proses sadəcə Suriya Türkiyə arasında gedən proses deyil. Burada digər dünya dövlətlərinin də marağı var. İstər Rusiya, istər Avropa Birliyi bu işin hansı məcraya yönəldilməsi ilə bağlı təhlil aparmalıdırlar. Məlumdur ki, müharibə varsa, orada itki, texnika qurbanları olacaq. Lakin insanların hüquqlarının qorunması ilkin şərt olaraq qarşıya qoyulmalıdır". "Bahar qalxanı" əməliyyatının dayandırılması üçün atılan addımlara gəlincə ekspert söyləyib ki, bu barədə addımlar martın 5-də planlaşdırılan görüşdən asılı olacaq.
Siyasi şərhçi Vüqar Zifəroğlu isə bildirib ki, baş verən istənilən prosesə hər ölkənin özünün bir baxış bucağı var. İlk növbədə, bu baxış bucağı da regionda olan maraqlardan və qarşıya qoyulan hədəflərdən asılı olaraq dəyişir. Onun sözlərinə görə, hər ölkənin özünün Yaxın Şərqdə öz maraqları, hədəfləri, çıxarları var: "Bu ölkələr də maksimum dərəcədə bu maraqlarını təmin etməyə və hədəflərinə ciddi çatmağa çalışırlar. Ümumiyyətlə, Yaxın Şərqdə baş verən istənilən proses yalnız bu səpkidən qiymətləndirilə bilər. Liviyada, Suriyada baş verən proseslərdə də hər ölkənin öz marağından çıxış edərək sərgilədiyi bir mövqe var. Diqqət yetirsəniz görərsiniz ki, Suriyada Əsəd rejiminin hücumu ilə, Liviyada isə Xəlifə Haftara məxsus qüvvələrin hücuma keçməsi demək olar ki, eyni günlərə təsadüf etdi. Bu, ilk növbədə Türkiyəni iki cəbhəyə çəkməyə məcbur etmək və orada onun gücünü parçalamaq, bölmək niyyəti daşıyırdı. Xəlifə Haftarla Bəşər Əsədin müəyyən bir razılıqlara gəlməsi və birgə hərəkət etmək haqqında artıq hər kəsin məlumatı vardır. Bütün bunlar hamısı onu göstərir ki, əslində, regionda Türkiyənin möhkəmlənməsində maraqlı olmayan qüvvələr hansısa bir mövcud şəraiti dəyişdirmək üçün həmlələr etməyə hazırdırlar. Nəticəsinin olub-olmaması isə bir qədər mübahisəlidir. Son günlər baş verən proseslər onu göstərdi ki, Türkiyə Suriyadan bir addım belə olsun geri çəkilmək niyyətində deyil, əksinə, əməliyyatlar daha da genişlənə bilər. Ümumiyyətlə, Türkiyə Suriyanı güzəştə getməyəcək. Başqa bir maraqlı məqam isə ABŞ və NATO-nun konkret şəkildə Türkiyəyə dəstək ifadə etmələri ilə bağlıdır. Bu özü də müəyyən maraqlı məqamlardan xəbər verir. NATO-nun təcili iclasında hətta hərbi dəstəyin belə ifadə edilə biləcəyi göstərildi. Qərb eyni zamanda, Xəlifə Haftarı dəstəkləyir. Bu halda nə dərəcədə Suriya cəbhəsində Türkiyəyə dəstək verən NATO ölkələri eyni zamanda, Əsədlə birlikdə hərəkət etməyi qərarlaşdıran Xəlifə Haftara qarşı müəyyən adekvat tədbirlərin həyata keçirilməsinə ya imkan verəcəklər, ya da özləri dolayısı ilə burada iştirak edəcəklər. Yəni belə maraqlı məqamlar ortaya çıxır".
PƏRVANƏ