Azərbaycanın Bolqarıstandakı səfirliyi Böyük Britaniyanın bu ölkədəki səfirliyinin təşkilatçılığı və Bolqarıstanın vitse-prezidenti İliana Yotovanın himayədarlığı ilə keçirilən “Bir günlük səfir” adlı təşəbbüsdə iştirak edib.
2018-ci ildə irəli sürülmüş bu təşəbbüs Bolqarıstanda 14-18 yaş arasında olan qızların birgünlük səfir olmalarına şərait yaratmaqla onların diplomatiyaya maraqlarını artırmağa və səslərinin duyulmasına yönəlib.
Layihə çərçivəsində Bolqarıstanın əsasən türklər məskunlaşan Kırcalı şəhərindən “Paisiy Ata” orta təhsil məktəbinin 17 yaşlı şagirdi Hacer Şevket Azərbaycanın “gənc səfiri” seçilib. Artıq üçüncü ildir ki, layihədə iştirak edən diplomatik nümayəndəliyimiz bu təşəbbüs çərçivəsində bir sıra tədbirlər həyata keçirib. Belə ki, səfirliyin təşəbbüsü ilə Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Azərbaycan dili tədris olunan tələbələrin iştirakı ilə Azərbaycanda və Bolqarıstanda könüllülük siyasəti mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva-Mitreska və Azərbaycanın “gənc səfiri” H.Şevket çıxış edib və tələbələrin suallarını cavablandırıb. S.Şiqayeva-Mitreska Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin ölkədə “Könüllülük ili” elan olunması, sözügedən Sərəncamın gənclərin fərdi inkişafının təşviq edilməsi, onlar arasında sosial məsuliyyətin artırılması, ölkənin davamlı inkişafı və əhalinin sosial rifahı naminə gənclərin potensialının düzgün istifadə edilməsinə yönəlməsi barədə məlumat verib.
S.Şiqayeva-Mitreska əlavə edib ki, könüllülük ümumi məqsədlər uğrunda insanları bir araya gətirərək dövlət, cəmiyyət və vətəndaşların birgə fəaliyyəti üçün ən uğurlu formatlardan biridir və həm də vətənpərvərlik məktəbidir, insanlara xidmət və birlik nümunəsidir. Azərbaycanda könüllülük fəaliyyətinin təşviqi məqsədilə dövlət tərəfindən zəruri addımların atıldığını vurğulayan direktor bu sahədə normativ-hüquqi bazanın yaradılması, eləcə də 2009-cu ildə “Könüllü fəaliyyət haqqında” qanunun qəbul edilməsi, dövlət dəstəyi mexanizminin formalaşdırılması barədə danışıb, ASAN, “Regional İnkişaf” İctimai Birliyi, “Bir” Tələbə Könüllüləri və digər könüllülük hərəkatlarının yaradılmasını, bu hərəkatların minlərlə gənci birləşdirməsini qeyd edib.
O, könüllülərin Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlərdə mühüm rolundan bəhs edib. S.Şiqayeva-Mitreska 2019-cu ildə Beynəlxalq Könüllülük Həftəsi ərəfəsində təşkil olunmuş Könüllülük Həftəsinin Azərbaycanda könüllülüyün yeni mərhələyə daxil olduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirdiyini vurğulayıb. Direktor, həmçinin ötən il Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində “Diplomatiya Könüllüləri” İctimai Birliyinin yaradılması, yeni təsis edilən bu platformanın nazirliyin gələcək kadr bazasının formalaşmasında rol oynayacağından, bu könüllülərin istər ölkə daxilində, istərsə də xaricdə baş tutacaq konfranslarda iştirak edərək öz töhfələrini vermələrindən söz açıb.
Daha sonra S.Şiqayeva-Mitreska 2015-ci ildə Azərbaycan Təhsil Nazirliyi tərəfindən irəli sürülən “Bir” Tələbə-Könüllü Proqramı barədə məlumat verərək proqramın könüllülük fəaliyyətini sistemləşdirməyə, tələbə-könüllülər üçün vahid məlumat bazasını yaratmağa yönəldiyini söyləyib. O, hazırda proqramın 26 universitet və 18 orta məktəbi əhatə edərək 23 mindən artıq könüllünü bir araya gətirdiyini qeyd edib. Bildirib ki, 2018-ci ilin dekabr ayında Azərbaycan Könüllülərinin Həmrəylik Festivalı təşkil edilib və həmin festival çərçivəsində 70 şirkətin iştirak etdiyi məşğulluq yarmarkasında gənclərə iş imkanları təklif edilib.
Mərkəzin direktoru daha sonra dəyirmi masa iştirakçılarını 2012-ci ildən etibarən “ASAN xidmət”in könüllüləri cəlb etməsi, 2013-cü ildə “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin təsis edilməsi, qurumun əsas məqsədinin gənc nəslin dəstəklənməsi və özünüinkişaf üçün könüllülərə şərait yaradılması olması, 2016-cı ildə Könüllülər Parlamenti layihəsinin başladılması barədə məlumatlandırıb.
“Gənc səfir” H.Şevket könüllülük barədə fikirlərini bölüşərək könüllülük fəaliyyətinin gənclərə qazandırdığı təcrübədən, eləcə də bu təcrübənin onların gələcək karyerasına töhfə olacağından söz açıb, həmçinin Bolqarıstanda bu sahədə aparılan fəaliyyət barədə danışıb.