“İki aydan artıqdır ki, dünyanın başı üzərini koronavirus adlı qara bulud alaraq insanları vahiməyə salmaqda davam edir”.
525.az xəbər verir ki, bu sözləri deputat Elman Məmmədov deyib.
Deputat əlavə edib ki, bu təhlükəli virusun əzabını, ağır fəsadlarını artıq dünyanın 203 ölkəsinin vətəndaşı hər gün, hər saat dadır: “İki milyona yaxın şəxsi öz cənginə alan, on minlərlə günahsız insanın – ahılın, qocanın, qadının, kişinin, hətta, körpələrin ölümünə bais olan bu virus hələ də tüğyan etməkdədir. Biz də bu virusun fəsadları ilə üzləşmək məcburiyyətində qalmışıq. Ancaq həmişə olduğu kimi, bu dəfə də dövlət başçımızın qətiyyəti, düşünülmüş siyasi kursu, ən başlıcası isə insan amilinə verdiyi yüksək dəyər koronavirusun ölkəmizdə təhlükəli həddə çatmasının qarşısın alır.
Bu yoluxucu xəstəliyin tüğyan etdiyi bir vaxtda – martın 24-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə demişdi: “Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq. Bildiyiniz kimi, dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu qərargah 24 saat fəaliyyət göstərir və bütün görülmüş tədbirlər haqqında vətəndaşlara mənim göstərişimlə müntəzəm olaraq məlumatlar verilir”.
Digər mühüm amil, heç şübhəsiz, ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə yeni formatda münasibətlər qurması və təşkilatın koronavirusla mübarizədə tövsiyələrinə əməl etməsidir. Bu qurumun nümayəndələri mart ayında ölkəmizdə səfərdə olduqları zaman apardıqları müşahidələrdən sonra dövlətimizin və hökumətimizin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirmişdi. Onların tövsiyələri və təcrübəsi bizim üçün olduqca qiymətlidir”.
E.Məmmədov nəzərə çatdırıb ki, koronavirusun aşkar edildiyi bir çox dövlətin bu təhlükəli virusla mübarizəyə laqeyd yanaşması, proflaktik addımlara biganə münasibət ağır fəsadlar doğurur: “İnfeksiyanınn geniş yayıldığı vaxtda bir sıra dövlətlərdə müxtəlif tədbirlərin keçirlməsi həmin ölkələrdə virusun geniş şəkildə yayılmasına və ölüm hallarının gündən-günə çoxalmasına gətirib çıxarıb. Respublikamızda isə bunun tam əksi müşahidə olunur. Ölkəmizdə xəstəliyin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılır. Prezident İlham Əliyein sərəncamı ilə bu ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Martın 3-dən etibarən, ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi mərhələli şəkildə aprelin 20-dək dayandırılıb. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınıb və ya ləğv edilib. Martın 14-dən etibarən, bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq olunur. Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılıb, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilib. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılıb. Aprelin 5-dən etibarən, ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir. Bütün bunlar koronavirus pandemiyasının geniş yayılmasının və acı fəsadlar törətməsinin qarşısının alınması məqsədi daşıyır”.
Milli Məclis üzvü qeyd edib ki, koronavirusun insanlara vurduğu ziyanın qarşısı dövlət vəsaiti hesabına ödənilir: “Bu gün adlarını müxalifət qoyan bir sıra ünsürlər dövlətimizin həyata keçirdiyi tədbirlərə kölgə salmaq üçün müxtəlif yalan və iftiralar uydurur, bunula əhalini iqtidra qarşı qaldırmaq, ölkədə qarşıdurma yaratmaq istəyirlər. Belə xəyanətkarlar sanki unudurlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı profilaktik və preventiv tədbirlər görülməklə bərabər, məşğulluğa, sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli sərəncamının icrası ilə bağlı təsdiq edilmiş tədbirlər planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Ümumilikdə 2 milyon vətəndaşı əhatə edən bu tədbirlər üçün 400 milyon manat vəsait ayrılıb. Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməyib, bu sektorda minimal işçi sayı ilə fəaliyyət davam edib, məzuniyyətə buraxılan işçilərin evdən işləmələri ilə əməkhaqlarının saxlanması təmin edilib. Bu tədbir dövlət sektorunda çalışan 910 min işçini əhatə edib. Əhalinin məşğulluq imkanlarının artırılması üçün rayon (şəhər) Məşğulluq Mərkəzlərinin fəaliyyəti gücləndirilib”.
“DOST İş Mərkəzi vasitəsi ilə aprel-may ayları üzrə əlavə 50 min ödənişli ictimai iş yerinin yaradılması nəzərdə tutulub. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Əlavə ictimai iş yerlərinin rayon və şəhərlər üzrə bölgüsü təsdiqlənib, prosedur və mexanizmlər hazırlanaraq yerlərə göndərilib. Aprelin 13-dən artıq bu ictimai iş yerlərinin yaradılmasına başlanılıb. Həmin ictimai iş yerləri, əsasən, dezinfeksiya, sosial xidmətlər və s. istiqamətləri əhatə edəcək. İşini və qazancını itirmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün işsiz şəxslərə birdəfəlik ödəmə olaraq 190 manat məbləğində dəstəyin verilməsi qərara alınıb. Artıq 60 mindən çox vətəndaş bundan yararlanıb. Ödənişin verilməsi şərtləri və qaydaları Nazirlər Kabinetinin 07.04.2020 tarixli qərarı ilə təsdiq edilib. Ödənişi məşğulluq orqanında qeydiyyatdan keçmiş işsiz statusu olanlar və dövlətdən sosial ödəniş almayan şəxslər alırlar. Bu vəsaitin verilməsində şəffaflığın tam təmin olunmasından hər kəs razılıq edir. Çünki işsiz kimi qeydiyyat üçün vətəndaşlara elektron portal və telefon zəngi vasitəsilə qeydiyyat imkanı yaradılıb. Müraciətlərin çox olması ilə əlaqədar rayon və şəhərlər üzrə aprelin 12-dək olan dövr üçün müraciət üzrə qrafik təqdim edilib”, – E.Məmmədov bildirib.
O, deyib ki, işsiz kimi qeydiyyata alınma, eləcə də birdəfəlik ödəmənin verilməsi qaydasına dair hər gün və gün ərzində bir neçə dəfə olmaqla kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumat verilir. Bundan başqa, müvafiq mövzuda videotəlimat hazırlanaraq ictimaiyyətə təqdim edilib: “Bütün bunlar əlaqədar təşkilatlar, xüsusilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bu nazirliyin ahıl və tənha insanlara, ümumiyyətlə, yaşı 65-dən yuxarı olan ölkə vətəndaşlarına göstərdiyi diqqət və qayğı hər bir kəs tərəfindən razılıqla qarşılanır”.
Deputat onu da nəzərə çatdırıb ki, dövlət hər bir vətəndaşının yanındadır: “Yəqin ki, möhtərəm Prezidentimiz İham Əliyev ilk dəfə prezident seçiləndə andiçmə mərasimində - “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”, - dediyi sözlər hər birimizin yaxşı yadındadır. Bu gün sabit, müstəqil dövlətdə təhlükəsiz, firavan yaşayan hər bir ölkə vətəndaşı vaxtilə verilimiş bu vədin uğurlu nəticəsini gündəlik həyatında hiss edir və görür”.