|
|
|
|
HƏRARƏTİ YÜKSƏK OLAN İMTAHAN NƏZARƏTÇİLƏRİ VƏ ŞAGİRDLƏR İMTAHANA BURAXILMAYIB
Koronavirus pandemiyasına görə Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunduğu dövrdən ilk dəfə imtahan keçirilib. Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə iyunun 10 və 11-də rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları baş tutub. İmtahanların təşkil edilməsi üçün 39 şəhər və rayonda ümumilikdə 197 imtahan binası, 3284 imtahan zalı, imtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4266 nəzarətçi-müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi ayrılıb.
İMTAHANA GƏLƏN ŞAGİRDLƏR QORUYUCU MASKADA
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən, iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. Bütün imtahan binaları dezinfeksiya edilib və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb. İmtahan keçirilən məktəblərin sayı çoxaldılıb, sinif otaqlarında şagirdlərin sayı azaldılıb.
SIRADA GÖZLƏMƏK ÜÇÜN NİŞANLAYICI XƏTLƏR
COVİD-19 infeksiyasına görə kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə - lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İmtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.
İMTAHAN İŞTİRAKÇILARINI COVİD-19-dan QORUMAQ ÜÇÜN ATILAN ADDIMLAR
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, Mərkəz imtahan kampaniyası müddətində virusun yayılmasının qarşısını almaq məqsədilə imtahan binalarında bir sıra profilaktik tədbirlər həyata keçirib. Binaların və otaqların dezinfeksiyası, havalandırılması, müvafiq yerlərdə əl dezinfektantları üçün dispenserlərin quraşdırılması, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə təmin olunması və onların təlimatlandırılması bu tədbirlərdən bəziləridir.
Onun sözlərinə görə, lakin bu tədbirlərin tam səmərəli olması üçün imtahan iştirakçıları da özlərinin və başqalarının sağlamlığına məsuliyyətlə yanaşmalı və ümumi imtahan qaydaları ilə yanaşı, müvafiq profilaktik qaydalara da riayət etməlidirlər. Hər bir imtahan iştirakçısı imtahandan əvvəl imtahana buraxılış vərəqəsi ilə bir yerdə sağlamlıq haqqında bəyannaməni çap edib imzalamalı və onu digər sənədlərlə birlikdə imtahan nəzarətçisinə təqdim etməlidir: "Abituriyent bəyənnaməni çap edib imzalayır ki, son 15 gün ərzində onda və ya ailə üzvlərində koronavirus olmayıb və virusa yoluxmuş şəxslərlə təmasda olmayıblar. Bununla şagird məsuliyyəti öz üzərinə götürür və bəyənnaməni imzalayıb bizə təqdim edir. Biz bəyənnamədə də qeyd etmişik ki, hansısa şagirdin özü haqqında yanlış məlumat verdiyi aşkarlansa, onda onun imtahan nəticələri ləğv edilə bilər. Biz koronavirusu müəyyən etmirik, burada vətəndaş məsuliyyəti öz üzərinə götürür ki, son 15 gündə onda və ailə üzvlərində, eyni zamanda təmasda olduğu adamlarda koronavirus aşkarlanmayıb. Dediyim kimi, qəsdən gizlədən şagirdin nəticəsi ləğv oluna bilər. Bizim məqsədimiz budur ki, şagird bizi aldatmasın, özü bildirsin ki, xəstədir və ya sağlamdır.
KORONAVİRUSA YOLUXDUĞUNU QƏSDƏN GİZLƏDƏN ŞAGİRDİN NƏTİCƏSİ LƏĞV OLUNUR
İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və tələb olunduğu təqdirdə müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir. Başqa heç bir halda maskanı çıxartmaq olmaz. Müşahidələr göstərib ki, imtahanda iştirak edən şagirdlərin çox hissəsi qoyulan qaydalara tam şəkildə əməl edib".
ÜZƏRİNDƏ MOBİL TELEFON AŞKARLANAN ŞAGİRDLƏRLƏ BAĞLI QƏRAR
DİM rəsmisi vurğulayıb ki, iyunun 10-da keçirilən ilk imtahan zamanı 2 imtahan nəzarətçisi və 20-yə yaxın şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. 1 nəfər imtahan binasına mobil telefonla daxil olmağa nail olub və sual kitabçasının şəklini çəkərək imtahandan sonra sosial şəbəkələrdə yayıb. Həmin imtahan iştirakçısının kimliyi dərhal müəyyən olunub və imtahan nəticələri ləğv olunub. Bu məsələ ilə əlaqədar imtahan nəzarətçisi və buraxılış rejimi əməkdaşının izahatı alınıb və araşdırma aparılır. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. İyunun 11-də keçirilən imtahan zamanı isə 5 şagirdin (abituriyentin) bədən hərarəti yüksək olduğundan binadakı təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb. Həmçinin 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib və onların nəticələri ləğv olunub.
ÜZÜRLÜ SƏBƏBLƏRDƏN BURAXILIŞ İMTAHANLARINDA İŞTİRAK EDƏ BİLMƏYƏNLƏR ÜÇÜN ŞANS
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini və ya imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər (abituriyentlər) də olub: "Növbəti imtahanlarda iştirak edəcək abituriyentlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannaməni, şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməyi unutmasınlar. İmtahan iştirakçıları bir məsələni də nəzərə almalıdırlar ki, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Qeyd edim ki, buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyənlər üçün sentyabrda təkrar imtahan keçiriləcək".
Ötən illərdən fərqli olaraq bu il buraxılış və qəbul imtahanları koronavirus pandemiyası dövrünə düşüb. İmtahanda iştirak edən şagirdləri mümkün qədər koronavirusdan qorumaq üçün bu il buraxılış imtahanları pandemiya şəraitinə uyğun təşkil olunub. Pandemiya dövrü olduğuna görə şagirdlərin dezinfeksiya qaydalarına, sosial məsafə formalarına xüsusi diqqət yetirilib.
İMTAHAN HƏYƏCANI, KORONAVİRUSA YOLUXMA QORXUSU
Buraxılış imtahanında iştirak edən şagird Nailə Məmmədzadə bildirib ki, imtahana gələn bütün şagirdlər imtahan binasına lazımi sosial məsafəni gözləməklə buraxılıb: "İmtahan binasına daxil olan kimi elektron termometrlə bədən hərarətimiz yoxlanıldı. Maskadan istifadənin zəruri olduğu bildiyimiz üçün demək olar ki, hamı maskada idi. Sonra sənədlərimizə baxıldı, üzərimizdə hər hansı bir köməkci vasitənin olub-olmadığını yoxladılar. Problem qeydə alınmadıqda zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunduqdan sonra bizi imtahan keçirilən otağa keçməyə icazə verdilər. Görülən bu tədbirlər bir şagird kimi məni qətiyyən narahat etmədi. Əksinə, saglamlığımızın qeydinə qalmaları məni sevindirdi. Bütün bunlar bizim koronavirus pandemiyasına yoluxmağımızın qarşısını almaq, bizi bu dəhşətli virusdan qorumaq məqsədi ilə edilirdi". Şagirdin sözlərinə görə, elə olub ki, günlərlə, hətta həftələrlə imtahanlara hazırlaşa bilməyib: "Virus ölkədə yayılmağa başladığı gündən içimdə bir həyəcan, qorxu var. Virusa yoluxma qorxusu. Bu fikri beynimdən çıxara bilmədiyim üçün də imtahanlara yüksək səviyyədə hazırlaşa bilmədim".
Şagird Xalidə Salmanova deyir ki, imtahan öncəsi çox həyəcanlı olub: "Bir tərəfdən imtahan həyəcanı, digər tərəfdən isə koronavirusa yoluxma qorxusu. Çox həyəcanlı idim. Yoxlanıldıqdan və dezinfeksiya olunduqdan sonra imtahan zalına buraxıldım. İmtahan başladı və başım sualları cavablandırmağa elə qarışdı ki, həyəcanı unutdum. Heç pandemiya da yadıma düşmədi. Bütün fikrim suallara düzgün cavab verməyə yönəldi. Ancaq ortada bir həqiqiət var. Bu il imtahan verən bütün abituriyentlərə koronavirus pandemiyası həyəcan, stress, qorxu yaşatdı. Tanıdığım bir neçə şagird var ki, onlar bilikli, savadlı və oxuyan uşaqlardı. Ancaq ruhdan düşüb imtahana yaxşı hazırlaşa bilmədilər. Elə mən özüm də imtahana istədiyim səviyyədə hazır deyildim. Daha yaxşı nəticə göstərə bilərdim. Bu il imtahana hazırlaşan abituriyentlərin COVİD-19 səbəbiylə yaşadıqları yaddaşlarında acı xatirə kimi ömürlük qalacaq".
Şagird qeyd edib ki, imtahan suallar nə çətin deyildi, nə də asan: "Bildiklərimi qeyd etdim. Ümid edirəm ki, yazdıqlarım düz olar. Böyük səbirsizliklə imtahan nəticələrinin elan olunacagı günü gözləyirəm".
İMTAHAN NƏTİCƏLƏRİ NƏ ZAMAN MƏLUM OLACAQ?
Xanlar Xanlarzadə qeyd edib ki, iyunun 12-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları və Azərbaycan dili (dövlət dili) imtahanlarının nəticələri yaxın 5 gün ərzində elan olanacaq. 11-ci sinif buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
S.QARAYEVA