|
|
|
|
Azərbaycan Respublikası Təhsil İnstitutu COVİD-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrini ictimaiyyətə təqdim edib.
Beynəlxalq təşkilatların tövsiyələri, digər ölkələrin təcrübələri, təhsil sisteminin müxtəlif göstəricilərinin təhlilinə əsaslanaraq hazırlanan nəticələrdə qeyd olunur ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq ümumi təhsil müəssisələrində tədrisin ənənəvi qaydada uyğun təşkil edilməsi mümkün hesab edilmir. Ümumi təhsil müəssisələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilərsə, bu halda yalnız uyğunlaşdırılmış tədris planlarının tətbiqi mümkündür. Tədrisin təşkili müxtəlif təhsil pillələrinin xüsusiyyətlərindən və təhsil müəssisələrinin fəaliyyətinin epidemioloji vəziyyətə mümkün təsirləri nəzərə alınmaqla həyata keçirilə bilər. Təhsil Nazirliyi tərəfindən bütün fənlər və siniflər üzrə teledərslər və Virtual Məktəb layihəsinin davam etdirilməsi nəzərdə tutulmalıdır.
Qeyd olunub ki, müəssisələrin fəaliyyəti bərpa olunduğu təqdirdə ölkədə mövcud olan "sarı" və "narıncı" zonalara uyğun olaraq müvafiq tədris planlarının tətbiqi tövsiyə edilir. Bu halda fənlərin bir qismi sinif otaqlarında, digər bir qismi isə onlayn qaydada tədris edilə bilər. Sıxlığın idarə edilməsi məqsədilə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinfin yarımqruplara bölünməsi məqsədəuyğun hesab edilir.
Həm müəllimlərin, həm də şagirdlərin məktəb binasına daxil olarkən hərarətinin ölçülməsi, tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsi və digər sanitar-gigiyena standartlarının aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra tətbiqi nəzərdə tutulmalıdır.
Yuxarı siniflərdə məktəbdə təşkil edilən dərs saatları, əsasən tapşırıqların həlli, əlavə izahların verilməsi, şagirdlərə dəstək göstərilməsi məqsədi daşımalıdır. Bu saatlar müddətində həmçinin, qiymətləndirmənin təşkili də nəzərdə tutula bilər.
Epidemioloji vəziyyət kəskin pisləşdiyi halda sərtləşdirilmiş karantin tədbirləri tətbiq edilərsə, təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılmalıdır. Pandemiya şəraitində xüsusi diqqət yetirilməli olan məqam ondan ibarətdir ki, tədris prosesinə cəlb edilən müəllimlərin böyük əksəriyyəti yuxarı yaş qrupuna aiddirlər və nisbətən yüksək risk daşıyıcılarıdırlar. Bu mənada yüksək risk qrupuna aid müəllimlərin sağlamlığının qorunması vacib prioritetlərdən biri olmalıdır.
Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva deyir: "Bu ilin mart ayından etibarən ənənəvi olmayan, alışmadığımız, bizə tamamilə yad bir şəraitdə vəzifəmizi yeni qaydalarla icra edirik. Hətta pandemiya ilə qəfil qarşılaşdığımız və hazırlıqsız yaxalandığımız üçün bəzi yerlərdə təhsili vaxtında bərpa etməkdə çətinliklərlə üzləşdik. Ancaq növbəti tədris ilinə vəziyyəti nəzarət altına alaraq təhsili yeni şəraitə uyğun davam etdirməyi düşünürük. Bunun üçün də 2 ssenari təklif edirik. Birinci təklifimiz odur ki, tədris məsafədən təşkil olunsun. Məktəbdə həyata keçirilən bütün proses onlayn qaydada və ya məsafədən aparılsın. İkinci təklifimiz isə hibrid, yəni qarışıq variantdır.
Bu ssenari dərslərin bəzilərinin onlayn, bəzilərinin sinif otağında keçirilməsini nəzərdə tutur. İkinci variantda məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır. Fənlərin bir qismi sinif otağında, digər qismi isə məsafədən tədris olunur. Elə həssas qruplar var ki, onlara müəyyən məzmunu onlayn və ya məsafədən mənimsətmək asan olmayacaq. Bu halda, məktəb günlərinin sayı azaldılmaqla həmin qrupları məktəbə dəvət etmək və diqqəti fənlərə yönəltmək olar. Nəzərə almalıyıq ki, bizə tanış olmayan bir vəziyyətdən çıxış yolu axtarırıq.
Hazırda aidiyyəti hədəf qrupların mövcud şəraitə, vəziyyətə uyğun bilik və kompetensiyalarını formalaşdırmaq mərhələsindəyik. Texnologiyadan istifadə bacarığı, analitik düşünmə qabiliyyəti, çevik qərarvermə, mürəkkəb problemləri həll etmə kimi bacarıqların azlığı ilə qarşı-qarşıyayıq. Bu çətinlikləri görür, təhlil edir, düzgün qiymətləndirməyə çalışırıq. Bir çox ölkələrdə əksər mövzular onlayn tədris olunursa, bizim cəmiyyət, təhsilverən və təhsilalanlarımız buna tam hazır deyil. Ona görə də epidemioloji vəziyyətdən asılı olaraq bəzi məktəblərdə hibrid variantı çıxış yolu kimi düşünürük. Bu variant canlı ünsiyyətin xüsusilə əhəmiyyət kəsb etdiyi məqamlarda dövriyyəyə girəcək. Məsələn, aşağı siniflərdə bu variantın tətbiqi mümkündür.
Qeyd edim ki, hibrid variantın üzərində bir çox ölkələr dayanıb. Bu özü də bir çox formalarda tətbiq edilə bilər. "Hibrid təhsil" və "hibrid məktəb" anlayışları üzərində dayandığımız ən optimal variantlardır. Ola bilər bir məktəbdə bəzi siniflər onlayn, bəzi siniflər üz-üzə dərs keçər. Ola da bilər ki, bir sinifdə həm onlayn, həm də üz-üzə dərslərə üstünlük verilər. Vurğulamaq istəyirəm ki, dəyişən şəraitə uyğun çevik qərarlar ala bilməliyik. Yoluxmanın artım dinamikasından asılı olaraq tam və ya qismən məsafədən, yaxud da üz-üzə dərslərə keçid qərarının verilməsi mümkündür. Hesab edirik ki, növbəti tədris ilində biz buna hazır olmalıyıq. Təhsil sisteminin qarşısında duran əsas vəzifə epidemioloji vəziyyətdən və təhsilin formasından asılı olmayaraq, insanların təhsil almaq hüququnu təmin etməkdir. Unutmayın ki, təqdim etdiyimiz təkliflər hələ qərar deyil, müzakirə mərhələsindədir. Biz hazırkı vəziyyətdə bütün mümkün variantları, ssenariləri əhatə etməyə çalışmışıq".
Onun sözlərinə görə, məktəbdə və sinifdə dərs zamanı pandemiya şəraitində tələb olunan məsafə qorunmalıdır. Sinifdə şagirdlərin sayı nə qədər çox olarsa, məsafə saxlamaq da bir o qədər çətinləşər: "Böyük şəhərlərdə şagirdlərin sayının çox olduğunu nəzərə alır, onların sayını azaltmaq variantlarını gözdən keçiririk. Qərarların çoxu vəziyyətə uyğun olaraq, yəni yoluxma səviyyəsi və məktəbin şəraiti nəzərə alınaraq verilməlidir. Bizim hazırladığımız tövsiyələrin yerlərdə necə yerinə yetirilməsi məktəblərdə müəyyən ediləcək. Əslində, pandemiyaya bir imkan kimi baxsaq, görərik ki, bu böhran məktəblərimizdə muxtariyyət qabiliyyətini formalaşdırır. Yəni məktəb rəhbərləri artıq yerli vəziyyəti analiz etməyi bacaracaq, müəllimlərinin kompetensiyalarına, şagirdlərinin öyrənmə ehtiyaclarına uyğun qərarlar verəcəklər. Pandemiyaya tamamilə problem kimi baxıb özümüzü neqativ fikirlərə kökləməyimiz doğru deyil. Bunu bir fürsət kimi də dəyərləndirməyi bacarmalıyıq".
Ü.Babayeva bildirib ki, tədrisin məsafədən təşkilinə qərar veriləcəksə, müəllimlərin üzərinə yaz aylarından fərqli olaraq daha çox yük düşəcək: "Bir çox ailələrdə məsafədən təhsil çətin ola bilər. Belə ki, bəzi ailələrdə uşaq sayı çox, texnoloji avadanlıq azdır. Bəzi ailələrdə internetə çıxış ümumiyyətlə yoxdur. Bu və digər problemlər uşaqların təhsildən uzaqlaşmasına səbəb olmamalıdır. Kompüteri və ya interneti olmayan ailə olsa da, televizoru olmayan ailəyə rast gəlmədik. Müəllim teledərsdən sonra şagirdləri ilə maraqlanmalıdır. Ünsiyyətin bir formasını tapıb dərsi izləyib-izləmədiyini, izlədisə mənimsəyib-mənimsəmədiyini öyrənməlidir".
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, mövcud vəziyyətə görə dərslər həftə ərzində hər gün olmamalıdır: "İnanıram ki, Azərbaycanda da sentyabr ayında yeni tədris ili başlayacaq. Məncə, dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman isə sosail məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır. Bundan başqa, 4447 orta məktəbdə təhsil alan hər bir şagirdə dövlət büdcəsi hesabına planşetlər verilməli və bütün şagirdlərin onlayn təhsilə qoşulması üçün bərabər imkanlar yaradılmalıdır. Hesab edirəm ki, dərslər sentyabrın 1-dən başlamalıdır. Amma bu müddətlər də dəyişməlidir. Belə ki, ibtidai siniflər üçün dərs müddəti 25, digər siniflər üçün 30 dəqiqə müəyyən edilməlidir. Yaxın fənləri birləşdirərək inteqrativ dərslərə üstünlük verilməlidir. Dərs saatları elə müəyyən edilməlidir ki, şagirdlər məktəbdə maksimum 2-2,5 saat olsun. Məktəb 3 növbə fəaliyyət göstərməlidir. I növbə saat 08-00-dan 10-00-dək ibtidai siniflər, II növbə saat 10:30-dan 13:30-dək V-VIII siniflər üçün olmalıdır, III növbədə, saat 14-00-dan 17-00-dək IX-XI siniflər məktəbdə dərslərdə iştirak etməlidirlər. Bütün halllarda isə sinifdə şagird sıxlığına xüsusi diqqət yetirmək lazımdır. İbtidai siniflərdə şagird sayının 20-dən, digər siniflərdə 15-dən çox olmasına imkan verilməməlidir. Bütün bunlarla yanaşı, zəruri tibbi-sanitar nörmalar gözlənilməli, məktəblər mütəmadi dezinfeksiya edilməlidir. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlərin məktəb binasına daxil olmasının təmini üçün mövcud olan bütün giriş qapılarından istifadə qaydaları müəyyən edillməlidir".
Ekspertin sözlərinə görə, dərslər sentyabrın 1-dən başlamalı, amma sentyabr ayı boyunca əvvəlki ilin materialları təkrarlanmalı, yalnız oktyabr ayından yeni sinifin materiallarının keçirilməsinə başlanmalıdır: "Bu sahə üçün ilk növbədə qanunvericilik bazası yaradılmalı, ondan sonra digər texniki işlər görülməlidir. Bundan başqa, dərs başlayarkən məktəb heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunmalıdır. Bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmamalıdır. Qapıda qızdırma ölçən cihaz və dezinfeksiya aparatı qoyulmalı, hər kəs ondan məcburi istifadə etməlidir. Şagirdlərin dərs başlayarkən və dərs yekunlaşarkən əllərini sanitar qovşağında yumaları təmin edilməlidir. Bunun üçün məktəbdə infrastruktur qaydaya salınmalıdır. Məktəb həyəti və məktəb daxilində şagirdlərin bir yerə toplaşması qadağan olunmalıdır. Şagirdlərlə bağlı tövsiyələr də olmalıdır. Onlar ictimai nəqliyyatdan mümkün olduqca daha az istifadə etməlidirlər. Məktəbə gələrkən tibbi maska və üz sipərindən istifadə etməlidirlər. Şəxsi əşyalarını digər şəxslərlə, sinif yoldaşları ilə paylaşmaqdan çəkinməlidirlər".
Sevinc QARAYEVA
Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunub