Çoxəsrlik tarixə malik Azərbaycan sənətşünaslığı uzun inkişaf yolu keçib. Bu yolun bir çox tanınmış nümayəndələri olub. Şübhəsiz ki, bu yolun başlanğıcında, necə deyərlər, sənətşünaslığımızın beşiyi başında XVI əsrdə yaşayıb-yaratmış Sadıq bəy Əfşar dayanır. XX əsr isə müasir Azərbaycan sənətşünaslıq elminin və məktəbinin əsaslı formalaşma və püxtələşmə dövrüdür. Bu dövrdə bir sıra tanınmış sənətşünas alimlərimiz yetişib. Onlardan biri də sənətşünaslıq elmləri doktoru, dövrünün tanınmış alimi və rəssamı Natalya Mixaylovna Miklaşevskayadır (1909-1981). Bu il N.Miklaşevskayanın 115 illik yubileyi ilə də əlamətdardır.
Bu yazımda Azərbaycanda yaşayıb-yaratmış, incəsənətimizin müəyyən dövrlərinin araşdırılıb tədqiq olunmasında yaddaqalan xidmətləri olmuş N.Miklaşevskayanın fəaliyyət yolu barədə müxtəsər məlumat vermək fikrindəyəm. Qeyd edim ki, sənətşünas alim və rəssamın həm bir sıra bədii əsərləri, həm də elmi araşdırılmaları Azərbaycan incəsənəti tarixində mühüm yer tutur.
N.Miklaşevskaya Ukraynanın Starodub şəhərində anadan olmuş, körpə yaşında ailəsi ilə birlikdə Sibirə köçmüşdü (bəlkə də onun ailəsi Sibirə sürgün olunmuşdu?!). Novosibirsk orta məktəbini bitirdikdən sonra, qısa müddətdə məktəbdə müəllim və məktəb direktoru işləmişdi.
1931-ci ildən N.Miklaşevskaya ömrünü Bakı ilə bağlayır. O, Bakıya bacısının - rəssam Marqarita Mixaylovna Əfəndinin yanına köçür. Burada əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu (1935), daha sonra isə indiki Bakı Dövlət Universitetinin tarix fakültəsini (1942) bitirir.
N.Miklaşevskaya Azərbaycan Milli İncəsənət Muzeyində ekskursiya rəhbəri, rəssam, elmi işçi vəzifələrində çalışıb, muzeyin ekspedisiyalarının təşkilində iştirak edib (1933-1944). O, azərbaycanlı qadın rəssamların 8 marta həsr olunmuş 7 sərgisinin (1938-1957-ci illərdə) təşkil olunmasında fəallıq göstərib. Həmçinin Bakı Şəhər Rəssamlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb (1941-1946).
1944-cü ildən sənətşünas alim AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda işləməyə başlayır, ömrünün sonuna qədər burada elmi yaradıcılıqla məşğul olur. O, ölkəmizin sənətşünaslıq namizədi dərəcəsi almış ilk qadın sənətşünası kimi tanınır. Alim "XVIII-XIX əsrlərdə Azərbaycanın divar rəsmləri" mövzusunda namizədlik (1948), "1920-1945-ci illərdə Sovet Azərbaycanında sosialst realizmi incəsənətinin təşəkkülü və inkişafı" mövzusunda doktorluq (1969) dissertasiyalarını uğurla müdafiə edib.
N.Miklaşevskaya ilk sənətşünas alimdir ki, Azərbaycan incəsənətinin ən əhəmiyyətli sahələrindən biri olan divar boyakarlığı sahəsində fundamental elmi tədqiqat işi aparıb, sonda sənətşünaslıq elmimizə tutarlı elmi faktlar və araşdırmalarla zəngin olan materiallar bəxş edib. Sənətşünas alim və rəssam N.Miklaşevskaya Şəki Xan Sarayı, Şuşada Mehmandarovun evi, Hacı Məmmədov və İskəndər Rüstəmovun evi, Səfibəyovun evi və başqa tarixi abidələrdə təkcə divar rəsmlərinin araşdırılıb tədqiq olunması, elmi əsaslarla işlənilməsi işini aparmayıb, həm də bu sənət əsərlərinin rəsmlərini çəkərək gələcək nəsilə çatdırılması işində müstəsna xidmətlər göstərib. Alimin Mirzə Qədim İrəvani, Mir Möhsün Nəvvab, Usta Qənbər Qarabağinin həyat və yaradıcılığı haqqında araşdırma və yazıları bu gün də öz elmi aktuallığını saxlamaqdadır. Rəssamın yüksək dəqiqliklə surətlərini yaratdığı rəsmlər Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında qorunur.
Şübhəsiz ki, alimin ən əhəmiyyətli və diqqəti cəlb edən, onun bədii və elmi yaradıcılığının zirvəsi sayılan məhz Azərbaycan divar rəsmlərinin sənətşünaslıq nöqteyi nəzərindən araşdırılması, tədqiqi olunması və divar rəsmlərinin surətlərinin yaradılmasıdır. N.Miklaşevskayanın bu sahəyə dair "XVIII-XIX əsrlər Azərbaycan divar rəsmləri" və "XIX əsr rəssamları Mirzə Qədim İrəvani və Mir Möhsün Nəvvab" adlı fundamental elmi məqalələri 1954-cü ildə "Azərbaycan incəsənəti" toplusunun IV buraxılışında nəşr olunmuşdu. Lakin alim bununla kifayətlənməmiş, ölkəmizdə XX əsrin əvvəllərində təsviri sənət ənənələrinin təşəkkülü və inkişafı istiqamətində elmi araşdırmalarını davam etdirərək doktorluq dissertasiyasını uğurla müdafiə etmişdi. Sonralar alimin həmin tədqiqat işi monoqrafiya şəklində nəşr olundu. Sənətşünas alim N.Miklaşevskayanın nəşr olunmuş monoqrafiya və kitablarından "Rüstəm Mustafayev" (1959), "Azərbaycan Sovet təsviri incəsənəti oçerkləri" (1960, müştərək), "Abstraksionizm - sənət deyildir" (1962), "Serqey Yefimenko" (1964), "Sovet Azərbaycanında sosialist realizmi incəsənətinin təşəkkülü və inkişafı (1920-1945-ci illər)" (1974), "Azərbaycan Sovet incəsənəti" (1979, müştərək) və başqalarını qeyd etmək olar. Bundan başqa, zaman-zaman N.Miklaşevskayanın bir sıra elmi araşdırma və məqalələri müxtəlif elmi toplu, jurnal və qəzetlərdə dərc olunub. Alimin elmi yaradıcılıq fəaliyyəti xeyli əhatəlidir. O, həmçinin bir çox rəssamların həyat və yaradıcılığına dair nəşr olunmuş kataloqların mətnlərinin müəllifidir.
Sənətşünas Lidiya Şirokova haqlı olaraq dəyərli həmkarını belə xarakterizə edirdi: "Miklaşevskaya heç bir çətinlikdən qorxmayan, əsl canyananlıqla çalışan alimdir. Şəki Xan Sarayında vitrajlardan güclə keçən gün işığında tavandakı ornamentlərin detallarını, onların rəng çalarlarını dəqiqliklə köçürə bilmək üçün nə qədər zəhmət, dözüm lazımdır. Sözsüz ki, belə çalışqanlıq, belə zəhmət elm naminə fədakarlıqdır".
Azərbaycan sənətşünaslıq elminin, təsviri sənətinin inkişafında yaddaqalan xidmətlər göstərmiş, özünün elmi və bədii yaradıcılıq nümunələri ilə sənətşünas alimlərin və sənətsevərlərin yaddaşında iz buraxmış N.Miklaşevskayanın xatirəsi, imzası incəsənət tariximizdə həmişə yaşayacaq.
Əsəd QULİYEV, sənətşünas, AMEA-nın dissertantı,
Rəssamlar İttifaqının üzvü