"Avqustun 24-də Honkonqda 33 yaşlı şəxsin ikinci dəfə koronavirus infeksiyasına yoluxması barədə məlumatlar yayılıb. Amma bu, hələ ki elmin immunitetlə bağlı gəldiyi son nəticə deyil".
Bunu "Report"a Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, hələ ilk dəfə mart ayında koronavirusa yoluxan 33 yaşlı şəxsdə boğaz, baş ağrıları, öskürək və yüksək temperatur olub və onda COVID-19 virusu təsdiqlənib:
"Həmin şəxs avqust ayında İspaniya səfərindən qayıtdıqdan sonra onda yenidən COVID-19 virusu tapılıb. Amma xəstənin ilkin yoluxmasından fərqli olaraq bu dəfə heç bir simptomları olmayıb. Sadəcə qan analizi zamanı infeksiyanın olduğu göstəricilər müəyyənləşib. Eyni zamanda müəyyənləşib ki, həmin şəxsin mart ayında yoluxduğu virus tipi ilə avqustda yoluxduğu virus tipi müxtəlifdir. O, seroloji müayinədən keçib və qanında anticisim tapılmayıb. Bu da xəstəliyi daha əvvəl də yüngül keçirməsindən irəli gələ bilər. Bu, hələ elmi olaraq tam sübut edilməyib".