|
|
|
|
"2020-2021-ci tədris ili ərəfəsində paytaxtdakı yeni inşa olunan və ya əsaslı təmir edilən təhsil müəssisələri artıq istifadəyə hazırdır. Sevindirici haldır ki, Prezident İlham Əliyev bir sıra təhsil müəssisələrində görülmüş işlərlə şəxsən tanış olub və açılış mərasimlərində iştirak edib. Məlum olduğu kimi, dövlət başçısı sentyabrın 7-də paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib. 1974-cü ildən fəaliyyətdə olan, ümumilikdə 1700-ə yaxın şagirdin təhsil aldığı məktəb sıxlıq olduğu üçün ikinövbəli fəaliyyət qrafiki ilə işləyirdi. Yeni korpus bu problemi aradan qaldıracaq. 840 şagird yerlik olan yeni korpusda məktəblilərin təhsil almaları üçün hərtərəfli şərait yaradılıb".
Bunu "525"ə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.
O bildirib ki, hazırda paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. Təhsil İdarəsinin tabeliyindəki 8 ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Həmçinin, ehtiyac olan ərazilərdə 6 yeni məktəb inşa olunur. Yeni dərs ilinə hazırlıq çərçivəsində 205 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 90, 97 nömrəli tam orta məktəblərin əsas korpuslarının əsaslı təmiri, köhnə korpuslarının sökülərək yenidən tikintisi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitabxana və əlavə sinif otaqlarının tikintisi, 155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi aparılır: "Həmçinin, 154 nömrəli tam orta məktəbin bütövlükdə sökülərək yenidən tikintisi, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi yerinə yetirilib. Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir. Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir".
R.Tağıyev vurğulayıb ki, hazırda yeni tədris ilinin astanasındayıq. Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən tədris planları artıq təsdiq olunub. Ümumi təhsil müəssisələrində dərs məşğələlərinin I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən), V-IX siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 1-dən əyani və distant (məsafədən), X-XI siniflərdə sentyabrın 15-dən distant, oktyabrın 15-dən əyani və distant (məsafədən) formalarda başlaması nəzərdə tutulur: "Dərslər epidemioloji vəziyyətdən və məktəbdə şagird sıxlığından asılı olaraq müəyyən edilmiş qaydada təşkil ediləcək. Təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyə olunur. Hər bir vətəndaş dövlət tərəfindən mövcud təhlükənin qarşısının maksimum dərəcədə alınmasına yönəlmiş tədbirlərə bundan sonra da dəstək verməlidir. Pandemiya dövründə Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü tədbirlər nikbin olmağa, təhsil sisteminin bu sınaqlardan da üzüağ çıxacağını söyləməyə əsas verir".
S.QARAYEVA