Ötən ilin dekabrında ilk dəfə Çinin Uhan şəhərində qeydə alınmış koronavirus infeksiyasına qarşı həyata keçirilən mübarizə tədbirləri hələ ki, istənilən nəticəni verməyib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) pandemiya elan etdiyi koronavirus bu gün demək olar ki, dünyanın əksər ölkələrində yayılıb. Virusla mübarizədə müəyyən uğurlar əldə edən ölkələr belə yumşalma tədbirlərinə getdikdən sonra yoluxma sayında kəskin artım özünü göstərir. Tibbi ekspertlər daha əvvəl payız aylarında infeksiyaya yoluxanların sayının artacağını proqnoz edirdilər. Artıq bu proqnozlar özünü göstərməkdədir. Belə ki, sentyabr ayından bir çox ölkələrdə koronavirusa yoluxanların sayında kəskin artım başlayıb. Təcrübə göstərir ki, xüsusi karantin rejimindən sonra tətbiq olunan yumşalmalar koronavirus infeksiyasına yoluxma hallarının artmasına səbəb olur. Məsələn, qonşu Gürcüstanda pandemiyanın "ikinci dalğası" elan olunub. Baş nazir Q.Qaxariya bildirib ki, ölkədə epidemioloji vəziyyət pisləşməyə başlayıb.
İsraildə sutka ərzində 4 minə yaxın insanda COVİD-19 aşkar edilib. Hökumət 3 həftəlik sərt karantin elan edib. Vətəndaşlara evlərindən 500 metrdən artıq uzaqlaşmaq qadağandır, restoranlar, otellər, idman zalları və basseynlər bağlanır.
Avstriyada kansler Sebastyan Kurst pandemiyanın ikinci dalğasının başladığını rəsmən bəyan edib. Avqustun sonunda bu ölkədə gündəlik 350 nəfərin virusa yoluxduğu halda, hazırda bu rəqəm 850-yə çatır. "Bizi çox ağır payız və qış gözləyir", - deyə kansler xəbərdarlıq edib.
Çexiya hökuməti də ölkədə koronovirusun "ikinci dalğası"nın başladığını elan edib. Ötən gün ölkədə 1541 nəfərdə virus aşkarlanıb ki, bu da rekord göstəricidir.
Türkiyə, Rusiya və digər ölkələrdə yoluxma hallarının artması və yeni məhdudiyyətlərin tətbiqinə gətirib çıxarıb.
Azərbaycan koronavirusla mübarizədə ilk gündən ardıcıl tədbirlər həyata keçirib, bütün lazımi addımları atıb. ÜST ölkəmizdə görülən tədbirləri müsbət qiymətləndirib. Bununla belə, ölkəmizdə də xüsusi karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayında artım təhlükəsi var. Buna görə də vətəndaşlarımız öz məsuliyyətini daha da artırmalı, əvvəllər deyildiyi kimi, tibbi maskadan istifadə etməli, məsafə saxlamalı, o cümlədən, gigiyenaya ciddi əməl etməlidirlər. Virusun vaksini hələ tapılmayıb. Bu istiqamətdə dünyanın aparıcı ölkələri araşdırmalarını, sınaqları davam etdirirlər. Vaksin tapılmadığı üçün virusun da bizimlə hələ nə qədər yaşayacağı bəlli deyil. Ona görə də insanlar özləri qaydalara tam əməl etməli və həddindən artıq ehtiyatlı olmalıdırlar.
Yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə müraciəti zamanı Prezident İlham Əliyev bildirib ki, Azərbaycan hazırda post-pandemiya dövrünə hazırlaşır: "Əlbəttə ki, peyvənd icad olunandan sonra artıq biz deyə bilərik ki, bu dövr arxada qalıbdır. Bildiyiniz kimi, Azərbaycan peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar bir neçə şirkətlə danışıqlar aparır. Əlbəttə ki, əldə ediləcək peyvənd bütün sınaq mərhələlərindən keçməlidir və eyni zamanda, beynəlxalq sertifikatlar almalıdır. Daha sonra peyvənd Azərbaycana gətiriləcək və əminəm ki, ondan sonra biz normal, adi həyata qayıda bilərik, o cümlədən, təhsil sahəsində ənənəvi tədris prosesi bərpa olunacaq".
Millət vəkili Eldəniz Səlimov hesab edir ki, karantin qaydaları yumşaldılsa da, bu günün əsas çağırışı birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsi ilə yanaşı, məsuliyyət hissini artırmaq, nizam-intizam qaydalarına riayət etməkdir. Onun sözlərinə görə, Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən atdığı addımların təməlində məsuliyyət hissinin artırılması, dövlət-vətəndaş birliyinin daha da möhkəmləndirilməsi dayanıb. Məhz sosial məsuliyyətə söykənərək həyata keçirilən sistemli tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınır.
Deputat vurğulayıb ki, dövlət başçısının rəhbərliyi ilə görülən tədbirlər nəticəsində ölkəmizdə virusla bağlı vəziyyət nəzarət altındadır. Bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq:
"Sərt karantin rejiminin yumşaldılması virusun yoxa çıxması demək deyil. Ən böyük sərvətimiz olan sağlamlığımızı qorumaq, ətrafımızdakı insanlara xoş ovqat bəxş etmək istəyiriksə, tələb olunan qaydalara əməl etməliyik. Bu, eyni zamanda, ölkəmizin davamlı inkişafına töhfə vermək deməkdir. Hər kəs tutduğu vəzifəsindən asılı olmayaraq vətəndaşlıq təəssübkeşliyindən çıxış edərək mübarizədən qalib çıxmağa dəstək olmalıdır. Bu gün dünyada virusa yoluxma sayında artım müşahidə olunur. COVİD-19-a qarşı vaksinin nə zaman hazırlanacağını və xəstəliyin tez və effektiv müalicə üsulunun nə vaxt yaranacağını bu gün dəqiqliklə heç kim deyə bilmir. Biz hamımız yeni qaydalarla yaşamağı öyrənməliyik. Əslində, bu qaydalar elə də çətin deyil - məsafə saxlamaq, qoruyucu vasitələrdən istifadə etmək, tez-tez əlləri yumaq".
PƏRVANƏ