Dünən İranın Azərbaycandakı yeni səfiri Seyid Abbas Musəvi mətbuat konfransında keçirib.
Səfir bildirib ki, qonşu ölkələr arasında İranla Azərbaycanın münasibətləri digərləri üçün nümunədir: "İki ölkə arasında mövcud əlaqələr, bağlar digər ölkələrlə yoxdur. Bu bağlar ona səbəb olur ki, mən özümü Bakıda qərib hiss etməyim. Ölkələr və xalqlar arısında bağlar dərindir. İki ölkənin rəhbərləri arasında səmimi münasibətlər mövcuddur. İran və Azərbaycan arasında münasibətlər tarix boyu bu qədər yaxın olmayıb. Prezident İlham Əliyevlə yaxşı görüşüm oldu. İstisna bir görüş idi. Səmimi və səmərəli bir görüş idi. Və ilhamverici bir görüş idi. O, iki ölkə arasında münasibətləri dərindən bilir. Həm ikitərəfli, həm regional, həm də beynəlxalq platformadakı münasibətləri bilir. Prezident iki ölkə arasında münasibətləri yaxınlaşmasında möhkəm iradəyə malikdir. Mənim üçün bu ölkədə səfir olaraq onun sözləri önəmli idi. İran üçün qonşularla münasibət prioritet təşkil edir. Qonşu ölkələr arasında Azərbaycan münasibətlərimiz digərləri üçün nümunədir", - deyə səfir bildirib.
O, həmçinin bildirib ki, İran Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və hakimiyyətinə xüsusi hörmət qoyur. İki ölkə artasında siyasi münasibətlər yüksək səviyyədədir, lakin iqtisadi əlaqələr hələ o səviyyədə deyil: "Missiyam dövründə çalışacağam ki, iqtisadi əlaqələrimiz də siyasi əlaqələr səviyyəsinə yüksəlsin. Bunun üçün çox böyük potensial var".
O bildirib ki, iki ölkə arasında yaxın münasibətlərin çoxlu düşməni var: "İki ölkə arasında münasibət bir gecədə yaranmayıb ki, şayiələrə görə də zədələnsin. Biz Ermənistanla da adi qonşuluq münasibətlərinə malikik. İran heç bir vəcdlə icazə verməz ki qonşu, dost, müsəlman Azərbaycan Respublikasının əleyhinə hansısa hərəkət yürüdülsün. Mən İranda olarkən bunu araşdırdım. İran ərazisindən Ermənistana hər hansı silah və texnikanın daşınmasını qətiyyətlə təkzib edirik".
Səfir onu da deyib ki, Azərbaycan və İran prezidentlərinin iştirakı ilə geniştərkibli videokonfrans keçiriləcək: "İki ölkənin rəhbərlərinin iradəsi budur ki, ölkələrimiz arasında əlaqələr yaxın olsun. İqtisadi əməkdaşlıq üçün böyük potensial var və əminəm ki, biz bu potensialdan daha yaxşı yararlana bilərik. İqtisadi əməkdaşlıqla bağlı 30-a yaxın layihəmiz var, 14 layihəni bu il həyata keçirmək istəyirik. Bu, nəqliyyat, enerji, kənd təsərrüfatı və tibb sahələri ilə bağlıdır. Bu layihələrin icrası ilə iki ölkənin iqtisadiyyatı bir-birinə daha da yaxınlaşacaq. Ticarət sazişi ilə bağlı iki ölkə arasında müzakirələr olub. Dünən də dəniz nəqliyyatı sahəsində iki ölkənin rəsmiləri ilə müzakirələr keçirdi. Ötən həftə isə enerji nazirlərinin müzakirələri olub. Görüşlər iki ölkə prezidentlərinin iştirakı ilə geniştərkibli konfransa hazırlıq məqsədi daşıyır", - səfir bildirib.
Səfir həmçinin deyib ki, İranın Azərbaycan və Türkiyə ilə münasibətləri digərlərinə nümunədir.
O bildirib ki, İranın 15 qonşu ölkəsi var: "Bu qonşu ölkələrlə qonşuluq münasibətlərinə malikdir. Müşahidə edirsiniz, cənubdakı bəzi ölkələrlə yaxşı münasibətlərimiz var, bəziləri ilə yox. Bizim Azərbaycanla münasibətlərimiz nümunə göstərilə bilər. Oxşar münasibətlərimiz Türkiyə ilə də var. Son illərdə Türkiyə və İran arasında dərin dost münasibətləri yaranıb. Hər iki ölkə rəhbərləri qarşılıqlı səfərlərlə bağlı razılıq əldə edib və bu səfərlər üçün heç bir protokol tətbiq olunmur. Azərbaycana gəlməzdən öncə ölkəmizdəki məsul şəxslərlə görüşdüm, onlar mənə bildirdilər ki, Azərbaycanla əlaqələrimizdə heç bir məhdudiyyət yoxdur. Bilirsiniz ki, məhdudiyyətlər bəzi qonşu ölkələrə tətbiq olunur".
Seyid Abbas Musəvi onu da deyib ki, İran və Azərbaycan sərhədləri pandemiya dövründə praktiki olaraq bağlanmayıb: "Bu müddətdə iki ölkə arasında ticari yüklərinin daşınmasına hər cür şərait yaradıldı.
Mən buna görə Azərbaycanın məsul şəxslərinə təşəkkür edirəm".