Rusiya müxalifətinin lideri Aleksey Navalnının "Noviçok" sinifindən olan maddə ilə zəhərlənməsi barədə Almaniyanın silahlı qüvvələrinə məxsus laboratoriyanın gəldiyi nəticə müəyyən şübhələr doğururdusa da, Fransa və İsveçdə aparılan təhlillərin də eyni qənaətə gəlməsi vəziyyəti kəskin dəyişdi.
Fransa prezidenti Emmanuel Makronon rusiyalı həmkarı Vladimir Putinə zəng edərək Aleksey Navalnının "Noviçok"la zəhərlənməsinə dair məlumatın təsdiqləndiyini bildirməsi iki məna daşıyır. Birincisi, Parisin əlində yüz faizlik təsdiqedici məlumatların olmasını təsdiq edir. Çünki son zamanlar Rusiya prezidenti Vladimir Putin ilə isti münasibətlər yaratmağa çalışmaqda ittiham olunan Fransa prezidenti Emmanuel Makron yüz faizlik təsdiqedici məlumata malik olmasaydı, belə bir iddia ilə çıxış etməzdi. İkinci məna isə ondan ibarətdir ki, rəsmi Paris bu olayın arxasında Rusiya hakimiyyət orqanlarının dayandığına əmindir. Prezident Makron rsusiyalı həmkarını Navalnının qətlə yetirilməsi cəhdinə dərhal aydınlıq gətirməyə çağırıb.
Ancaq Rusiya prezidenti fransalı həmkarının iddiası ilə razı olmadığını və zəhərlənmə versiyasının sübut edilmədiyini bildirib. Prezident Putin Rusiyaya qarşı ittihamların irəli sürülməsinin yolverilməz olduğunu qeyd edib.
Ancaq belə görünür ki, Avropa paytaxtlarında Rusiya prezidentinin mövqeyi ilə razı deyillər və müxalifət liderinin sui-qəsdə uğradığı fikirindən əmindirlər. Çünki ortada Avropanın üç fərqli ölkəsindən üç laboratoriyanın rəsmi məlumatı var. Yaranmış vəziyyətin hansı siyasi-hüquqi nəticələrə gətirib çıxaracağını birmənalı söyləmək mümkün deyil. Amma müəyyən ehtimallar irəli sürmək mümkündür. Çox böyük ehtimalla, tərəflər arasında mübahisə noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər davam etdiriləcək və o zamana kimi heç bir siyasi-hüquqi qərar verilməyəcək. Avropanın siyasi-hüquqi qərarları ABŞ-dakı seçkilərinin nəticələrindən birbaşa asılı olacaq.
Əgər noyabr seçkisində, ehtimal olunan kimi, Co Bayden qalib gəlsə, Rusiyaya qarşı çox sərt sanksiyalar tətbiq olunacaq. Bu sanksiyalar sırasında Rusiyadan neft və təbii qazın idxalatının məhdudlaşdırılması da yer ala bilər. Əgər ehtimalların əksinə olaraq, Donald Tramp kürsüsünü qoruyub saxlaya bilsə, Rusiyaya qarşı sanksiyalar formal xarakter daşıyacaq. Əlbəttə, vəziyyətin kəskin dəyişməsini istisna etməyən başqa bir məqam da var. Əgər Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı rəsmən Aleksey Navalnının "Noviçok" sinifindən olan maddə ilə zəhərlənməsi ittihamilə çıxış etsə, vəziyyət tamamilə dəyişə bilər.
Ancaq hadisələrin hansı ssenari üzrə inkişaf etməsindən asılı olmayaraq, Rusiya hakimiyyət orqanlarının, xüsusilə ilə də xüsusi xidmət orqanlarının imicinin beynəlxalq ictimai rəydə birmənalı şəkildə korlandığını söyləmək mümkündür. Əgər kimsə düşünürsə ki, bu hal təsirsiz qalacaq, səhv edir. Rusiya ilə fəal işgüzar münasibətlər bundan sonra mümkün deyil. Rusiya Qərbin sərmayəsinə və texnologiyasına çıxış imkanlarını demək olar ki, itirib. Müasir dünyada isə Qərbin sərmayəsi və texnologiyası olmadan heç bir dövlətin inkişaf edə bilməyəcəyi ağlı başında olan hər kəsə məlumdur. Böyük dövlətlər daima inkişaf etməyə məhkumdurlar, əks halda dağılması qaçılmaz olur. Bəşəriyyətin son üç min illik tarixi təsdiqləyir ki, böyük dövlətlərin inkişafı dayandığı zamandan onun çöküşü başlayır. Ən son olaraq Sovet İttifaqının taleyi bunun sübutudur. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, texnoloji inqilablar zamanında dövlətlərin inkişafı da, çöküşü də sürətlə gedir. Buna görə də Rusiyanın seçim imkanlarının yüksək olmadığı hər kəsə məlumdur. Moskvanın qarşısında iki yol var. Birinci yol ondan ibarətdir ki, Rusiya Avropanın və bütövlükdə Qərbin təkidləri ilə razılaşaraq Aleksey Navalnının "Noviçok"la zəhərlənməsi iddaları ilə bağlı şəffaf istintaq aparacaq və iddia öz təsdiqini tapdığı halda kimliyindən asılı olmayaraq bütün günahkarlar cəzalandırılacaq. İkinci yol isə Qərblə siyasi və iqtisadi əlaqlərin daha da məhdudlaşdırılmasına razı olaraq Avropanın tələblərinə qarşı getməkdir. Moskvanın hansı yolu seçəcəyi bütün postsovet məkanına da təsir göstərəcək.