Fikir vermisinizsə, yaşından, millətindən, dinindən, irqindən asılı olmayaraq, insan xislətinin bir ortaq keyfiyyəti var: ümid bəsləmək və nağıllara inanmaq. Ta körpəlikdən bizə oxunulan nağıllarla xoşbəxt olmağa meylliyik.
Zaman keçdikcə bunun yerini böyüklər üçün olan nağıllar tutur. Fərqi odur ki, böyüdükcə dinləmək istədiyimiz nağılları bəzən biz seçir, bəzən də özümüz yaradırıq. Nağıllara bu qədər bağlı olmağımızın səbəbi isə onların bizi ümidləndirməsidir. Hər dinlədiyimiz nağılın sonunu bilənə qədər ümidimiz bitmir və bu, bizə əvəzolunmaz bir xoşbəxtlik bəxş edir. Təbii ki, ümidin nə olduğunu hər kəs nağıllardan öyrənmir, yaşayaraq öyrənənlər də az deyil. Misal üçün, mənə ümidin nə olduğunu və necə böyük gücə qadir olduğunu Ernest Heminqueyin "Qoca və dəniz" əsəri öyrədib. Qocanın uzun müddət davam edən dəniz macərası tükənməyən ümidlərlə keçir. Mən əsərin sonunda anladım ki, çarəsizlik və əngəl deyə bir şey yoxdur, ümid var.
El arasında "Acı həqiqətdənsə, şirin yalan yaxşıdır" - deyə bir fikir var. Nağıllar da bizim ən şirin yalanlarımızdır. Uşaq olanda bu nağılları dinləyərək həyatın da oradakı kimi qayğısız, saf olduğunu, xoşbəxt sonluqla bitəcəyini düşünərdik.
Yaş ötdükcə hər şeyin xəyal etdiyimiz kimi olmadığını görüb ümid etməyə başladıq. Ümidlərinin puç olmasına tab gətirə bilməyən bizlər dinləmək istədiyimiz nağılları özümüz seçirik. Çünki seçdiyimiz nağılların sonunu da, bizi məmnun edəcəyini də öncədən bilirik. Bəzən öz uydurduğumuz nağıllara o qədər inanırıq ki, az qala, onların əsiri oluruq. Acı həqiqətdənsə şirin yalan yaxşıdır deyib, özü-özünə hədiyyə alaraq xoşbəxt olan insan kimi ümidlərimizdən bir gül dəstəsi bağlayıb özümüzü aldadırıq.
Kanadalı yazıçı Ernest Bakler deyir ki, ümidsizliklə mübarizə aparmaq lazımdır, çünki ümidsizlik dirilər üçün deyil, ölülər üçündür. Həqiqətən də, insan övladının ömrünün sonuna qədər arzusu, ümidi tükənmir. Hətta son nəfəsini verən insan belə, axırıncı diləyini dilə gətirərək reallaşacığına ümid bəsləyir, bir möcüzə olacağını gözləyir. Bəlkə də, ümid bəsləmək elə yaşamaq deməkdir. Bəlkə də insanlar ümid etməyi dayandırdığı andan etibarən həyatdan əl çəkir.
Nağıllar yalan olsa da, ümidlər hər zaman həqiqətdir. Nağıllar bizi real dünyadan alıb xəyallar aləminə aparsa da, ümidlər həmişə ən çıxılmaz anımızın əsl köməkçisi olur. "Füyuzat" jurnalında da yazıldığı kimi, ümid insan ruhunu qanadlandırıb həqiqət aləminə aparan nur nişanəsidir. O, bu yolçuluğa çıxarkən həm qəlbi, həm əqli, həm də duyğuları saflaşdırır. O, uzağı yaxın edən dəyər, yaxını mətinləşdirən iksir və insan şəxsiyyətini zirvələrə yüksəldən həqiqətdir.