Azərbaycan xalqını hər zaman bir millət, bir xalq kimi qoruyan, saxlayan onun milli dəyərləridir. Vətənimiz əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşərək dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. Burda kök salan müxtəlif millətlər - ləzgilər, udinlər, yəhudilər, talışlar, tatlar, ruslar, malakanlar, avarlar və başqaları öz mədəniyyətlərini, adə -ənənələrini, dini inanclarını qoruyub saxlayır və inkişaf etdirirlər. Bu etnik azlıqlar özlərini ölkəmizin tamhüquqlu vətəndaşı hesab edirlər. Və heç bir qüvvə onları bu ideologiyadan döndərə bilməz. Onlar hər zaman azərbaycanlılarla canbir, qəlbir olaraq bir birilərinin xeyir-şər məclislərində yaxından iştirak etmişlər. Qeyd edək ki, talışlar, yəhudilər və bəzi azsaylı xalqlar Azərbaycan ərazisində 2 min ildən artıqdır ki məskunlaşıblar və bu tarix də onlara yerli statusunu qazandırıb. Yəni onlar Azərbaycanın yerli əhalisidirlər.
1992-ci ildə imzalanmış “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında” fərmana əsasən onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşları hesab edilir.
Hər kəsin milli kimliyi onun özünü azərbaycanlı kimi hiss etməyinə heç bir maneə törətmir. Hər kəs öz dilində danışa və yaza bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 45-ci maddəsində göstərilir ki, "hər kəsin ana dilindən istifadə etmək hüququ, hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ vardır. Heç kəs ana dilindən istifadə hüququndan məhrum edilə bilməz". Azərbaycanda multikultural ənənələrinin dövlət tərəfindən qorunması işində ən mühüm istiqamətlərdən biri Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, о cümlədən, Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasıdır. Belə ki, multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir. Bununla bağlı “Bərabərlik hüququ” (maddə 25, bənd 3), “Milli mənsubiyyət hüququ” (maddə 44, bəndlər 1, 2), “Ana dilindən istifadə hüququ” (maddə 45, bəndlər 1, 2) və başqa maddələri göstərmək mümkündür. (4, s.12)
Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub. Hazırda isə multukulturalizm ölkəmizdə alternativi olmayan yaşayış üslubudur. Əsrlər boyu azərbaycanda insanlar multikultural və tolerantlıq şəraitində yaşayıblar. Ümummilli lider Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi və hüquqi banisidir. Məhz onun siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu həm tolerantlıq həm də, multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə onun layiqli davamçısı Prezident İlham Əliyev tərəflndən uğurla inkişaf etdirilir. Multikulturalizmi Azərbaycan Respublikasının dövlət siyasəti, xalqımızın həyat tərzi kimi dəyərləndirən Prezident İlham Əliyev bu siyasətin həyata keçirilməsində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verir. Prezident İlham Əliyev Azərbaycanda bütün xalqların hərzaman bərabərhüquqlu yaşamasını dövlətimizin üstünlüyü olması ilə əlaqələndir. O, çıxışları zamanı qeyd edir ki, heç vaxt ayrı-seçkiliyə yol verilmir, verilməyəcək də. Və bunun qarantı Azərbaycan prezidentidir: “Bunun qarantı mənəm - Azərbaycan prezidenti. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz buna yüksək qiymət verərək, ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir” (N.Niftiyev. Azərbaycanda birgəyaşayış və multikulturalizm s. 239-240)
Tarix boyu Azərbaycanda yaşayan xalqlar arasında milli münasibətlər ahəngdar və öz dinc axarı ilə davam etmişdir. Bu azsaylı xalqlar hər zaman azərbaycanlılarla çiyin-çiyinə vuruşmuş, sevincli və ağrı-acılı günlərdə bir yerdə olmuşdurlar. Mənfur qonşularımız ermənilərə qarşı haqlı savaşımız olan Qarabağ müharibəsində ölkəmizdə məskunlaşan bu xalqlar bizimlə bərabər şəkildə qəhrəmanlıqla mübarizə aparmış, şəhidlik zirvəsinə ucalmış, yaralanaraq qazi statusu qazanmışdırlar. Ölkəmizdəki multikulturalizm və tolerantlıq ənənələri onlara Azərbaycanı həqiqi Vətən məhəbbəti ilə sevmək şansı verib. Və bu onu sübut edir ki, ölkəmizdəki bütün xalqlar dostluq və qardaşlıq şəraitində yaşayırlar. Bəli, Azərbaycanda milli və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir əsgər və zabit Vətən savaşında Birinci Qarabağ müharibəsində olduğu kimi, erməni faşizminə qarşı əsl qəhrəmanlıq nümunələri göstərdilər, ölkəmizin ərazi bütövlüyünün bərpası, suverenliyinin möhkəmlənməsi, güc və qüdrətinin daha da artırılması naminə canlarından keçməyə hazır olduğunu döyüşlərdə göstərdiyi fədakarlıqlarla sübuta yetirdilər.
O igid oğullardan biri olan, 30 ildən artıqdır ki, adı dillərdə əzbər olan Azərbaycanın yəhudi xalqının hünərvər oğlu, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovdur. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi, yəhudi dininə mənsub bu qəhrəman da canını Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda fəda edib. İsrailə vizası olduğu halda getməkdən imtina edərək vətənin müdafiəsinə yollanan Albert Aqarunov 1-ci Qarabağ müharibəsi başlayarkən könüllü olaraq döyüşlərə qatılmış, tank komandiri təyin edildikdən sonra Şuşa cəbhəsinə göndərilmişdir. Albert Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdir. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür. "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişdir. Baş leytenant, Bərdə hərbi batalyonunun ilk Qərargah rəisi, milliyyətcə ləzgi olan Sərhəd Zöhrabbəyov da 1-ci Qarabağ müharibəsi şəhidlərindəndir. Birinci dərəcəli idmançı, cəsur döyüşçü Sərhəd Zöhrabbəyovun adına Bərdə və Qusar rayonlarında küçə adı verilmiş, haqqında müəllifi Sərraf Şiruyənin olduğu "Ölümdən sonrakı ömür" kitabı çıxmışdır.
Ölkəmizdə müxtəlif millətlərin milli birlik və həmrəylik mühitində, dostluq, qardaşlıq şəraitində yaşaması, bu torpağa qəlbən bağlanmaları, onların hər birinin Azərbaycanı öz doğma vətəni kimi sevməsi, azadlığı uğurunda şəhid olması 44 günlük Vətən müharibəsində bir daha öz əksini tapmışdır. Bəli, ölkəmizdə milli, dini mənsubiyyətindən asılı olmayaraq hər bir əsgər və zabit 1-ci Qarabağ savaşında olduğu kimi, 44 günlük Vətən müharibəsi dövründə də, erməni şovinizminə qarşı qəhrəmanlıq nümunəsi göstərmişdirlər. Onlar sübut etdilər ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, suverenliyinin möhkəmlənməsi naminə canlarından keçməyə hazırdırlar. Qırx dörd günlük ya ölüm, ya qalım, ya hamısı, ya heç biri savaşında Azərbaycanın parlaq qələbəsi türklərin, rusların, ləzgilərin, yəhudilərin, talışların, zaxurların və b. xalqların çiyin-çiyinə bir yumruq kimi birləşməsinin, haqq-ədalət yolundan çəkinməyərək mübarizə aparmasının məntiqi nəticəsi idi.
2020-ci ildə Tovuz istiqamətində düşmənin törətdiyi təxribat zamanı gedən döyüşlərdə vətənimizin qeyrətli oğlu general-mayor Polad Həşimovun şəhid olmasından sonra, öz istəkləri ilə Hərbi Komissarlığa müraciət edib ordu sıralarına yazılan, şəhid Dmitri Solnsev, şəhid Denis Pronin milliyyətcə rus idilər. Fəqət onlar – “Azərbaycan yurdumuzdur” – prinsipinə əsaslanaraq çoxmədəniyyətli və çoxmillətli Azərbaycanın fəxri vətəndaşları oldular. Azərbaycanda müxtəlif etnik qruplardan ibarət xalqımızın Vətən sevgisi haqlı savaşımızda qələbə çalmağımıza təkan oldu. Azərbaycan xalqı onların əziz xatirəsini hər zaman əbədi yaşadacaq. Vətən müharibəsində öz qorxmazlığı və mərdliyi ilə əsl qəhrəmanlıq nümunəsi göstərən qazi hərbi qulluqçularından biri, milliyyətcə ləzgi olan İlkin Abuyevdir. O, Şuşa istiqamətində 4-5 gün piyada, çətin keçilə bilən dağlıq, meşəlik, sıldırım qayalı yolları qət edərək düşmən üzərinə yerimiş, döyüşlərdə bir qolunu itirərək qazi statusun qazanmışdır. Vətən müharibəsi iştirakçısı, qazi, milliyyətcə saxur olan Şahin Səfərov da müharibənin ilk günündən döyüşlərə qatılaraq düşmənin məhv edilməsində yaxından iştirak etmişdir. Əlbəttə ki, adlarını qeyd etdiyimiz bu şəhidlərimiz, qazilərimiz bir nümunə kimi göstərilmişdir. Yüzlərlə, minlərlə qeyri millətdən olan əsgər, zabitlərimiz heç tərəddüd etmədən müharibəyə qatılmış, qəhrəmancasına döyüşərək bu şərəfli ada layiq görülmüşlər.
Dünya xəritəsində kiçik bir ərazini əhatə edən ölkəmizdə azsaylı etnik qrupların məskunlaşması, əsrlər boyu bir kənddə, bir mahalda mehribancasına həyat sürməsi şübhəsiz, Azərbaycan xalqının humanistliyinə, insanpərvərliyinə canlı sübutdur. Əks təqdirdə sayı bir neçə mindən artıq olmayan bu azsaylı etnoslar çoxdan assimilyasiya edilərək aradan çıxarılmış olardı. Azərbaycan Cənubi Qafqaz məkanında, hətta dünyada yeganə ölkədir ki, burada bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, dini azlıqlarla münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. İlk növbədə ona görə ki, Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə qayğı göstərir. Azsaylı xalqların adət-ənənəsini, mətbəxini, folklorunu əhatə edən filmlər və verilişlər ingilis dilinə tərcümə olunaraq Avropa tamaşaçılarına təqdim edilir.
Azərbaycan adlı məmləkətin etnik mənzərəsi - göyqurşağı kimi rəngarəngdir. Burada kimsə digərinin haqqını heç zaman pozmayıb. Biri digərinin milli mədəniyyətini, adət-ənənəsini qoruyub saxlamağa mane olmayıb. Onlar bir ailədirlər: azərbaycanlı. Elə dünyaya da məhz azərbaycançılıq məfkurəsindən baxırlar...
Leyla İbrahimova